28 Oktyabr 2011 12:10
275
Mədəniyyət
A- A+

Xoşməramlı alim

 

Həyatda hər kəsin bir ömür payı var. Əsl alim ömrü isə ən şərəfli ömürdür. Çünki bu insanlar doğma xalqının firavan gələcəyi naminə yaşayıb yaradır, yeni elmi və yaradıcı idraklar yetişdirirlər. Onlar öz fəaliyyətlərində genişmiqyaslı, titanik işlərin həllinə nail olur, dünya elmini düşündürən problemlərin tədqiqini aparır, minlərlə kəşf və ixtiranın dərin nəzəri və praktik, fəlsəfi həllini verirlər. İntellekti, tədqiqatçılıq bacarığı, elmi potensialı, güclü məntiqi və ən nəhayət, alicənablığı, xeyirxahlığı ilə elmi ictimaiyyətə yaxşı tanış olan professor Rafiq Qurban  oğlu Hüseynov xalqımıza daim hörmət qazandıran, onun adını uca tutan ziyalılarımızdandır. Alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində gərgin zəhməti və böyük istedadı durur. Fəaliyyət sahəsi geniş, maraq dairəsi qlobal olan professoru məşğul olduğu elmin bütün problemləri maraqlandırır. Rafiq Hüseynov tanınmış alim, görkəmli tədqiqatçıdır.

Deyirlər ki, insan yaşa dolduqca müdrikləşir. Ömrün dəyəri isə illərin sayı ilə deyil, hər kəsin işi, fəaliyyəti, əməli və hansı məqsədlərlə yaşaması ilə ölçülür. Rafiq müəllimin arxada qoyduğu illər isə mənalı bir ömürdən, elmə, yüksək amallara sərf edilmiş həyatdan xəbər verir. O, 1946-cı il oktyabr ayının 28-də Azərbaycanın dilbər guşələrindən olan, ziyalıları, alim və tarixi şəxsiyyətləri, maarifçilik ənənələri ilə tanınan qədim Şəkidə dünyaya göz açmışdır. Atası Qurban Hüseynov dövrünün tanınmış ziyalılarından olmuşdur. Çoxuşaqlı ailədə doğulan Rafiq evin dördüncü oğlu idi. Hələ uşaqlıqdan ağlı, düşüncəsi, hadisələrə münasibəti ilə yoldaşlarından fərqlənir, yaşına uyğun olmayan böyük arzularla yaşayırdı. Böyük arzular isə insanı öz üzərində yorulmadan işləməyə, zəngin biliyə, daim axtarışlarda olmağa sövq edir. Arzular isə nə bitir, nə də tükənir.

Rafiq Hüseynov ibtidai məktəbi Şəkidə, orta təhsilini isə Bakıda almışdı. İstedadı, işgüzarlığı, eləcə də ailədə aldığı həyat dərsləri sayəsində orta məktəbi yüksək qiymətlərlə başa vurmuşdu. 1963-cü ildə ata-anasının xeyir-duası ilə sənədlərini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) metallurgiya fakültəsinə vermişdi. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib əlvan metalların metallurgiyası ixtisası üzrə təhsilini davam etdirməyə başlamışdı. Onun çalışqanlığı, dərslərə ciddi hazırlığı qısa zamanda müsbət nəticəsini verdi və ali təhsil yollarında daha məsuliyyətli və ciddi olmağa zəmin yaratdı.

Tələbəlik illəri gənc Rafiqi adlı-sanlı, görkəmli professorlara yaxşı tanıtdı, tələbə yoldaşlarına onu sevdirdi. Hamı bu mehriban, səmimi gəncdə olan hafizəyə, çalışqanlıq qabiliyyətinə heyran qalırdı. Bu illərdə o, artıq ziyalı kimi yetişmişdi. Respublika miqyaslı müşavirələrdə, toplantı və yığıncaqlarda çıxış edir, maraqlı təkliflər irəli sürürdü. Onun müəyyən problemlə bağlı yeni söz deməyi, tutarlı təhlillərlə məsələnin bir neçə yönümdə əhəmiyyətini açması hamını heyrətə gətirirdi. Beləcə, qaynar tələbəlik illəri ötüb keçdi.

Ali təhsilini 1968-ci ildə müvəffəqiyyətlə bitirən Rafiq Hüseynov təyinatla Novokuznetsk Metallurgiya Kombinatına göndərildi. Burada o, mühəndis-metallurq kimi ilk əmək fəaliyyətinə başladı. Bir müddətdən sonra Vətənə qayıtdı və Bakı Əlvan Metalların Emalı Zavodunda mühəndis, baş usta-texnoloq, sex rəisi vəzifələrində çalışdı, zəngin praktiki iş təcrübəsi qazandı. Elmi araşdırmalara böyük maraq göstərdiyini görən müəllimləri onu təhsil aldığı ali məktəbə dəvət etdilər. O, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Metalların texnologiyası və metalşünaslıq kafedrasına gəldi, laborant, assistent vəzifələrində işlədi.

1971-1974-cü illərdə R.Hüseynov Moskva Kimya Maşınqayırma İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirdi və namizədlik dissertasiyasını müdafiə edərək yenidən doğma instituta qayıtdı. Baş müəllim və dosent vəzifələrində çalışdı. Bir müddətdən sonra institutda dekan müavini, fakültə partiya təşkilatının katibi işlədi. 1981-1982-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin xarici dillər və Fransada ixtisasartırma kurslarını əla qiymətlərlə bitirdi. 1985-1988-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasına ezam olundu və orada Yüngül Sənaye İnstitutunda kafedra müdiri vəzifəsində çalışdı.

Bu illər ərzində Rafiq müəllim öz tədqiqatlarını peşəkarcasına, həm də konstruktiv elmi-sosioloji müddəalar əsasında yerinə yetirdi. Hər yerdə öz aydın, məntiqli, elmi əsaslara söykənən fikrini deyir, şərh tələb edən problemlərin yığcam şəkildə izahını verməyi bacarırdı. Axı bilik, məlumat başqadır, fitri ağıl, məntiq isə tamamilə fərqli xüsusiyyətdir.

Sonrakı illərdə Rafiq Hüseynov doktorluq dissertasiyasını yazıb başa çatdırır. 1992-ci ildə Moskvada (MADİ) dissertasiyanı müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alır, professor adına layiq görülür. Hazırda R.Hüseynov Azərbaycan Texniki Universitetinin "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasına rəhbərlik edir. Doktorluq və namizədlik disertasiyalarının müdafiəsi üzrə xüsusi elmi şuranın üzvüdür. Bir çox dərsliyin (3-ü fransız dilində çıxmışdır), 150-dən çox elmi məqalənin, 7 patentin və 14 elmi ixtiranın müəllifidir. Neft-qaz-kimya, aviaraket, sualtı qayıqlar, zirehli texnika, ağır maşınqayırma və digər sənaye sahələrində tətbiq edilmiş bir çox konstruksiya materiallarının yaradıcılarındandır.

Professor 1976-1985-ci illərdə respublika Gənc Alimlər Şurasının sədri olmuşdur. Hacı Zeynalabdin Tağıyev adına respublika milli mükafatına və qızıl medalına, ümumittifaq komsomolunun qızıl medalına, iki dəfə "Əmək rəşadətinə görə" nişanlarına və çoxlu fəxri fərmanlara layiq görülmüşdür. O, Moskvada keçirilən ümumittifaq komsomolunun qurultaylarının dəfələrlə nümayəndəsi olmuşdur. Komsomol mükafatı laureatıdır. Keçmiş SSRİ EA-nın yubiley medalına layiq görülmüşdür.

Alimin xidmətlərindən biri dövrün dəyərli mütəxəssislərinin hazırlanması, kadrların ixtisasının artırılması məsələlərinə xüsusi diqqət ayırması ilə bağlıdır, O, yetirmələrinə həmişə böyük inam bəsləyir. Bu da elmi problemlərin həllində, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara psixoloji cəhətdən böyük kömək olur. Professor gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına və onların yaxşı alim, tədqiqatçı kimi yetişməsinə səylə çalışır. Aktual fikirləri, cəsarətli təşəbbüsləri ilə dərrakəli, mühakiməli aspirant və tələbələrə yol açan alim onlarda olan yenilik hisslərini həmişə yüksək qiymətləndirir.

Rafiq müəllimin xeyirxahlığı, alicənablığı, müstəsna qayğıkeşliyi onu ətrafındakılara sevdirən ən mühüm keyfiyyətdir. Bu insan saf, ülvi hisslərlə yaşayır. Rafiq müəllimin şəxsində hər bir kəsə mənəvi cəhətdən dayaq durmaq, ehtiyacı olanlara kömək göstərmək, alicənablıq, səxavətlilik kimi keyfiyyətlər cəmləşmişdir. O, tələbələrinin, aspirantlarının qayğı və ehtiyacları ilə daim maraqlanır, onlara hər cür yardım edir. Onun təşəbbüsü və yaxından iştirakı ilə görkəmli  şəkili alim və ziyalıların, dövlət xadimlərinin tərcümeyi-halları və onlar haqqında bioqrafik tarixi materiallar toplanaraq iki cilddə nəfis şəkildə çap olunmuşdur. Professor "Şəki Xeyriyyə Cəmiyyəti"nin sədri kimi  həmyerlilərinin sosial-iqtisadi problemlərinin də həllinə öz köməyini əsirgəmir.

Məlumdur ki, xalqımız artıq neçə illərdir ki, erməni təcavüzünə məruz qalmışdır. Azərbaycan həqiqətləri artıq dünyaya dərk olunacaq dərəcədə çatdırılır və beynəlxalq aləm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bizim haqlı tərəf olduğumuzu yaxşı başa düşür. Ancaq güc nisbətini xeyrimizə dəyişdirəcək amillər sırasında milli hərbi sənayemizin inkişafı məsələsi çox vacibdir. Bu baxımdan Rafiq müəllimin yüksək səviyyədə yerinə yetirdiyi dissertasiya işinin aktuallığı xüsusi vurğulanmalıdır. Akademik A.P.Qulyayev Rafiq Hüseynovla 20 illik birgə fəaliyyətindən nəticə çıxararaq onu Azərbaycanda hərbi sənaye sahəsində perspektivli və əvəzsiz milli kadr kimi dəyərləndirmişdir. Texnika elmləri doktoru, professor, Rusiya Federasiyasının elm xadimi, SSRİ Dövlət mükafatı laureatı M.U.Laxtin isə Rafiq Hüseynovun nəinki Azərbaycanda, eləcə də Zaqafqaziyada görkəmli materialşünas alim olduğunu xüsusi qeyd etmişdir.

Bu isə o deməkdir ki, R.Hüseynov geniş diapazonlu alimdir. Təkcə respublikada deyil, xarici ölkələrdə də tanınır, tədqiqatları yüksək dəyərləndirilir.

Keçmiş SSRİ-də ilk dəfə zireh poladlarının işlənib hazırlanmasında yeni bir istiqamət seçən, bu poladlarda çox baha başa gələn defisit legirləyici elementləri daha ucuz və asan tapılan mikrolegirləyici elementlərlə əvəz edən Rafiq Hüseynovun haqqında professor U.A.Başnin və başqaları da yüksək fikirlər söyləmişlər. Professorun taleyi elə gətirmişdir ki, o, uzun illər xaricdə - Rusiyada, Ukraynada, Fransada, Əlcəzairdə işləmiş, öz elmini, xalqını ləyaqətlə təmsil etmişdir.

Rafiq Hüseynov daim axtarışda olan, hər bir elmi prosesə yaradıcı yanaşan xoşməramlı alimdir. Bu insanın dəst-xəttinin sirri onun çevik və dərin məntiqində, hadisələrə obyektiv yanaşmasında və konstruktiv ümumiləşdirmələrindədir. Onun həyatı ziyalılığın və alimliyin vəhdətinin ifadəsidir. Yorulmaz fəaliyyəti ilə xalqına daim hörmət gətirən 65 yaşlı alimə həyat sevincləri və elm yollarında uca zirvələr arzulayırıq.

 

İ.ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video