06 Iyul 2013 03:07
255
PARLAMENT
A- A+

Xorvatiya da Azərbaycan qazından yararlana biləcək

 

İyulun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Xorvatiya Respublikası Parlamentinin sədri İosip Lekonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin önəmi və qarşıdakı vəzifələr müzakirə olunub.

Milli Məclisin Sədri Oqtay Əsədov Xorvatiyanın Avropa Birliyinə üzv seçilməsi münasibətilə qonaqları təbrik edib və bunun Xorvatiya üçün böyük tarixi an olduğunu bildirib: "Biz əminik ki, Avropa Birliyi bununla bizə daha bir dost ölkə qazandırdı. Azərbaycanın Xorvatiya ilə əlaqələri yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin inkişafında böyük rol oynayıb. Cari ilin mart ayında cənab Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri, eləcə də sizin Azərbaycan parlamentinə ilk gəlişiniz ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək olduğunun göstəricisidir. Azərbaycanla Xorvatiya arasında 19 mühüm sənəd imzalanıb. Nə qədər sənəd imzalansa, o qədər də bütün sahələr üzrə ölkələrarası əlaqələrin inkişafına böyük təkan verəcək. Biz Xorvatiya ilə iqtisadi əlaqələrin hərtərəfli inkişafında çox maraqlıyıq. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensialı var. Xorvatiya ilə iqtisadi əməkdaşlıq barədə saziş tezliklə qüvvəyə minəcək. Əminəm ki, bundan sonra əlaqələrimiz daha da möhkəmlənəcək".

Azərbaycanın Xorvatiyaya xam neft satdığını deyən Oqtay Əsədov  ölkəmizin  qazının Avropaya daşınmasını həyata keçirəcək TAP layihəsinin təsdiq olunması barədə də məlumat verib. Sədr əminliyini bildirib ki, bu layihə çərçivəsində Xorvatiya da Azərbaycan qazından yararlana biləcəkdir.

Milli Məclisin Sədri ölkələrarası əlaqələrin inkişafında parlamentlərin də böyük rol oynadığını vurğulayıb. Qeyd edib ki, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. O, ölkələrarası əlaqələrin inkişafında bu qrupların səylərindən daha çox istifadə etməyin vacibliyini bildirib. Oqtay Əsədov Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, ölkənin böyük problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Nəzərə çatdırıb ki, münaqişənin həlli üçün bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə Ermənistan tərəfi böyük sayqısızlıq göstərir.

 Azərbaycan parlamentində olmaqdan böyük məmnunluq hissi keçirdiyini deyən Xorvatiya Respublikası Parlamentinin sədri İosip Leko bildirib ki, Xorvatiya Azərbaycanla olan dostluğun möhkəm zəmin üzərində qurulduğuna inanır: "Bu əlaqələrin daha da artırılması üçün böyük imkanlar var. İqtisadiyyat, idman, mədəniyyət və elm sahələrində səylərimizi gücləndirməliyik. Xorvatiyanın Azərbaycanla bağlı bir sıra strateji maraqları mövcuddur. TAP layihəsi vasitəsilə Azərbaycan qazından yararlanmaq əlbəttə ki, həmin strateji maraqlar sırasındadır. Bu, həmçinin Azərbaycanın da marağında olan məsələdir. Hesab edirik ki, maraqlar üst-üstə düşdüyünə görə qarşılıqlı əlaqələr çox asanlıqla inkişaf edəcək".

Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını deyən İ.Leko qeyd edib ki, Xorvatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Azərbaycanın səylərini dəstəkləyəcək.

 

Elgün MƏNSİMOV,

A.MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video