19 Iyun 2021 23:22
580
SİYASƏT
A- A+

XİN: Ermənistan beynəlxalq hüquq pozuntularından danışmazdan əvvəl, bir milyonadək azərbaycanlının hüquqlarını pozduğunu göz önünə gətirməlidir  

Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

Bildirilib ki, hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video