08 Noyabr 2021 11:37
987
SİYASƏT
A- A+

Xalqımız 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə, sevinc və qürurla qeyd edir  

Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin birinci ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.

Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Bu gün isə Qarabağın yaraları sağaldılır, bu yerlərə həyat qayıtmağa başlayır.

AZƏRTAC bu əlamətdar gündə Vətən müharibəsinin və bərpa dövrünün mühüm məqamlarına bir daha nəzər salır.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Həmin gün Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Bu, ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi, Qələbəyə sonsuz inam yaratdı.

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.

Cəbhədən qələbə xəbərləri gəlməkdə davam edir, Prezidentimizin verdiyi bu müjdələr xalqımıza sonsuz sevinc və qürur hissləri yaşadırdı. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

Sözsüz ki, Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi.

Prezidentimiz 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edildiyi kimi, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsindəki bu misilsiz Qələbə əbədiləşdirildi.

Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-da, cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Vətən müharibəmiz, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.

Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda bir ilə yaxındır ki, genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri istifadəyə verilir, yenilərinin təməli qoyulur. Cəmi 8 ay ərzində Füzulidə beynəlxalq aeroport tikilərək istifadəyə verilib, Füzulidən Şuşaya gedən Zəfər yolunun tikintisi başa çatıb, bir sıra elektrik stansiyaları işə salınıb. Azad olunan rayonlarımızda “ağıllı kənd” layihələri icra olunur. Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasının təməli qoyulub.

Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçə və prospektlər, meydanlar, eyvanlar üçrəngli bayrağımızla bəzənib.

8 Noyabr - Zəfər Günü münasibətilə bu gün bir sıra kütləvi tədbirlər təşkil olunacaq. Paytaxtımızda şəhərin mərkəzinə doğru – Hərbi Qənimətlər Parkına qədər yürüş keçiriləcək, məscidlərimizdə namaz qılınacaq, şəhidlərimizin ruhuna dualar oxunacaq.

Axşam saatlarında Bakıda şanlı Zəfər tariximizə həsr edilən musiqili atəşfəşanlıq olacaq. Həmçinin bir sıra binalarda, o cümlədən “Alov qüllələri”nin, İqtisadiyyat Nazirliyinin, SOCAR-ın və “Baku Crystal Hall”un binalarının üzərində videoproyeksiya ilə Azərbaycan bayrağı əks etdiriləcək.

Zəfər Günümüz mübarək!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video