19 Iyun 2021 14:00
1132
İQTİSADİYYAT
A- A+

Vüsal Qasımlı: Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin böhrana çevik reaksiyasını qiymətləndirib

 

Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb.

AZƏRTAC xəbər verir ki, hesabatın əsas məqamlarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib.

V.Qasımlının sözlərinə görə, hesabatda deyilir ki, Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalıb: “Əlbəttə, sadalanan səbəblərdən başqa ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olub. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədricən açılması nəticəsində iqtisadi artım bu il 2,3 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz proqnozlaşdırılır. Ötən il qeyri-neft sektorunun 2,6 faiz kiçilməsini nəzərə alanda, builki 3,6 faizlik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçənilki 7,2 faiz geriləməsini, bu il Cənub Qaz Dəhlizi hesabına “mavi yanacaq” istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 faiz də olsa artım proqnozlaşdırılır”.

Mərkəzin icraçı direktoru bildirib ki, Azərbaycanın fiskal balansı və cari hesablar balansı COVID-19-dan əvvəlki əhəmiyyətli müsbət zonadan ötən il mənfi zonaya daxil olsa da, bu il “əkiz balans”larda bərpa proqnozlaşdırılır: “Qaz ixracının artması, neft qiymətlərinin artıq 70 dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi cari hesablar balansının müsbət saldosunun bu il ÜDM-in 2,4 faizi həddində olacağını proqnozlaşdırmağa əsas verir. COVID-19-la mübarizə və işğaldan azad olunan ərazilərin rekonstruksiya xərcləri artdığından, icmal büdcənin cari ildə proqnozlaşdırılan ÜDM-in 5,6 faizi səviyyəsində olan kəsiri növbəti ildən azalaraq 3 faizə enməsi proqnoz edilir. “Əkiz balans”ların vəziyyəti və idxal inflyasiyası da nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi “dəhliz”də - 4 faiz civarında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. “Əkiz balans”ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroiqtisadi sabitliyin əsas lövbəri – manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir”.

V.Qasımlı bildirib ki, 2020-ci böhran ilində fiskal siyasət çevikliyi ilə seçildi və avtomatik stabilizatorlar şoklara cavab verdi, hətta fiskal qaydaların tətbiqi müvəqqəti dayandırıldı: “Lakin uzunmüddətli dönəmdə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük inzibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayanıqlıq üçün əhəmiyyətlidir”.

Mərkəzin icraçı direktoru IMF-nin hesabatında monetar siyasət barədə məsələləri də şərh edib: “Böhran ilində requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığına dəstək tədbirləri həyata keçirildi. IMF-nin hesabatında xüsusən də uçot dərəcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsa da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəricləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3,8 faiz, o cümlədən biznes kreditləri 2,4 faiz artsa da, monetar siyasətin qısamüddətli dönəmdə iqtisadi fəallığın və real sektorun canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzuolunandır”.

V.Qasımlı yekunda IMF-nin hesabatında struktur islahatlarına toxunub: “Neft ehtiyatlarının tükənməsi, rəqəmsal transformasiya və yaşıl inkişaf paradiqması, habelə Qarabağın reinteqrasiyası Azərbaycan iqtisadiyyatının Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yeni milli prioritetləri əsasında restrukturizasiyasını zəruri edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video