22 Oktyabr 2021 13:47
947
SİYASƏT
A- A+

Vladimir Putin: Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır

 

Bakı və Yerevan Qarabağda qan tökülməsini dayandırmağa, ötəri siyasi konyunkturun fövqündə dayanmağa və çox məsul qərarlar qəbul etməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri “Valday” beynəlxalq diskussiya klubunun iclasında söyləyib.

RF Prezidenti deyib: “İlk növbədə həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın baş nazirinin siyasi müdrikliyini qeyd etmək lazımdır. Hər halda onlar çox məsul qərarlar qəbul edə bildilər. Bilirəm ki, bu ölkələrin hər ikisində ölkə rəhbərlərindən narazı olanlar da var. Həmişə elə siyasi qüvvələr var ki, onlar nədənsə narazıdır, yaxud hesab edirlər ki, daha yaxşı hərəkət etmək olardı. Həmişə də onlara cavab belə olur: çalışın siz daha yaxşı hərəkət edin. Hər halda Prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər. Mələsə təkcə bunda deyil, hərçənd insanların həyatını qoruyub saxlamaqdan daha vacib heç nə ola bilməz. Daha mühüm aspektlər var. Bütün regionda uzunmüddətli nizamlama üçün şərait yaradılmalıdır”.

Rusiya dövlətinin başçısının fikrincə, bu şərait o halda yaradıla bilər ki, hər iki tərəf əldə edilmiş razılaşmaları uzunmüddətli razılaşmalar kimi qəbul etsin, hər iki tərəf dinc yanaşı yaşamağın üstünlüyünü qəbul etsin. Bu, hamının marağına uyğundur. Azərbaycan Naxçıvanla normal əlaqənin həyata keçirilməsini istəyir. Ermənistan da kommunikasiyaların açılmasında maraqlıdır. Bu, Ermənistanın qarşısında duran birinci dərəcəli məsələlərdən biridir. Səmərəli iqtisadi həyatı, regionda, o cümlədən Azərbaycanla gələcəkdə səmərəli qarşılıqlı fəaliyyəti nizamlamaq lazımdır. Prinsip etibarilə Ermənistan Türkiyə ilə özünün münasibətlərini bərpa etməkdə maraqlıdır. Bu, hər iki halda əsas məqsədə - iki dövlətin təhlükəsiz yanaşı yaşamasına və iqtisadi inkişaf üçün şərait yaradılmasına gətirib çıxarmalıdır”.

RF Prezidenti vurğulayıb ki, Rusiya qan tökülməsinə son qoymaq üçün əlindən gələni edib. Hazırda Rusiya sülhməramlıları öz borclarını ləyaqətlə yerinə yetirirlər.

V.Putin deyib: “Lakin təəssüf ki, insidentlər baş verir, insanlar həlak olur, amma eyni zamanda uzun illər boyu davam etmiş qarşıdurmadan sonra tamamilə ideal mənzərəni təsəvvür etmək yəqin ki çətindir. İndi ən başlıca məqsəd sərhəddə vəziyyəti tənzimləməkdir. Əlbəttə, burada da Rusiyanın iştirakı olmadan heç nə etmək mümkün deyil. Bizə iki tərəfdən və Rusiyadan başqa heç kəs lazım deyil. Adi praqmatik məsələlər var. Ona görə ki, Rusiya ordusunun baş qərargahında olan xəritələrdə sovet dövründə müttəfiq respublikalar arasında sərhədlərin necə keçdiyi göstərilib. Hər iki tərəf bu sənədlərə əsaslanaraq razılığa gələ bilər. Orada elə məqamlar var ki, onlar qarşılıqlı kompromis tələb edir”.

“Biz çoxtərəfli format tapmağın, cümlədən Minsk qrupunun işini fəallaşdırmağın tərəfdarıyıq”, - deyən Rusiya Prezidenti daha sonra əlavə edib: “Biz tərəfdaşlarımızla bu məsələ üzərində işləyirik. Ən vacibi əsas məqsədə çatmaqdır: təhlükəsizlik şəraiti yaratmaq və gələcəkdə pozitiv münasibətlər qurmaq. Məsələ onda deyil ki, üçtərəfli bəyanata müvafiq olaraq Rusiya kontingentinin orada olma müddətini artırmaq mümkündür. Məgər məsələ bundadır? Məsələ ondadır ki, iki ölkə arasında münasibətlər qurulmalıdır. Ən başlıca məsələ budur və ümidvaram ki, biz bunu edə biləcəyik”.

V.Putin fikrini dəqiqləşdirərək əlavə edib ki, bu, yalnız Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamağın müsbət cəhətlərini qiymətləndiriləcəkləri halda mümkündür. Rusiya lideri vurğulayıb ki, bu halda regionda nəqliyyat yollarını və iqtisadi əlaqələri bərpa etmək mümkün olacaq, nəticədə hər iki ölkənin təhlükəsizliyi üçün şərait yaranacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video