26 Avqust 2021 01:56
1676
SİYASƏT
A- A+

Vətənə sonsuz məhəbbət, xalqına təmənnasız xidmət, dövlətə sədaqət nümunəsi

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsinə, xalqımızın qədim tarixi mədəni irsinin dünyada təbliği vasitəsilə ölkəmizin tanınmasına və obyektiv müsbət ictimai rəyin formalaşmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, demokratik təsisastların gücləndirilməsinə və bütövlükdə hər bir azərbaycanlının təhlükəsiz və firavan həyatının təmin edilməsinə yönəlmişdir.

Heydər Əliyev Fondunun prezidenti vəzifəsində ilk layihələrdən biri unudulmaqda olan, yeni nəslin hafizəsindən nəinki silinmək, hətta onun üçün tədricən yadlaşan qədim musiqimiz - muğama yeni nəfəsin və həyatın verilməsi məhz Mehriban xanımın adı ilə bağlıdır. Muğamı bütün dünyaya Azərbaycan incisi kimi uğurlu təqdimi xalqımızın qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik olduğunu gündəmə gətirdi. Maddi və qeyri-maddi mədəniyyət nümunələrinin UNESCO-da qeydə alınması da məhz xalqımız, dövlətimiz haqqında beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında müstəsna rol oynadı.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 iyul 2019-cu ildə “Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı xalqımızı təbrik edərək demişdir: “Hörmətli həmvətənlər! Bu gün Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin olan Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır”. Əlbəttə, bu, diplomatik uğur və tarixi nailiyyət idi. Ona görə ki, Şəki Xan Sarayı Azərbaycanın qədim dövlətçilik tarixinin beynəlxalq miqyasda tanınması idi. Bu yerlərin sahiblərinin kim olduğunu, ermənilərin qədim Azərbaycan torpaqlarına onların himayədarları tərəfindən köçürüldüyünü və onlara XX əsrin 20-ci illərində süni dövlət yaratdıqlarının əyani sübutu idi. Bu uğurun qazanılması, bütün süni maneələrin aradan qaldırılması üçün dövlətə və xalqa sədaqətlə xidmət edən, Vətənə sonsuz məhəbbət bəsləyən xanım Mehriban Əliyevanın rəhbərliyi ilə uzun illər gərgin iş aparılmışdır.

Güclü siyasi iradəyə, natiqlik qabiliyyətinə, yüksək məntiqi və emosional zəkaya malik olan Mehriban Əliyeva Azərbaycan Respublikasının inkişafı və möhkəmlənməsi üçün yorulmaq bilmədən fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlarda Mehriban xanım Əliyevanın da əməyi var. Azərbaycanda xeyriyyəçilik ənənəsini bərpa edən və bu missiyanı öz üzərinə götürərək cəmiyyətə çağırış edən Mehriban Əliyeva xalqın dərin hörmətini, inamını, etibarını, etimad və ehtiramını qazanıbdır. Elə ona görədir ki, insanlarımız Mehriban xanım Əliyevaya müraciət edərkən ərkyana və böyük iftixarla daha çox “Bizim Mehriban!”, deyə müraciət edirlər. Xalqın Mehriban Əliyevaya inamı böyükdür! 44 günlük Vətən müharibəsi zamanı Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Mehriban Əliyevanın rəhbərliyi ilə ilk “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının məhz Şuşanın Cıdır düzündə keçirilməsi möhtəşəm tarixi hadisə, ədalətin təntənəsi idi. Xalqımız bunu heç vaxt unutmayacaq! Bu festival dostlarımızı sevindirdi və onların sıralarını genişləndirdi, düşmənlərimizi isə xar etdi. Azərbaycan xalqının dünyanın qədim mədəniyyətə malik xalq olduğu əyani şəkildə beynəlxalq ictimaiyyətə çatdırıldı.

Eyni zamanda Ermənistanın qəbilə təfəkkürlü tayfa kimi törətdiyi bütün vəhşilikləri dünya gördü. Mədəni abidələri dağıdan, güllələyən, insanları diri-diri yandıraraq bununla fəxr edən ermənilərin isə mağara təfəkküründən uzağa getmədikləri bütün dünyaya göstərildi.

Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə göstərməkdədir.

Azərbaycanda təhsilin inkişafına Heydər Əliyev Fondu tərəfindən böyük töhfələr verilmişdir. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni məktəbəqədər yaşlı uşaqların, valideyn himayəsindən məhrum olmuş və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə yeni binalar tikilmiş, onlar ən müasir avadanlıqlarla təchiz edilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb binaları tikilmiş və ya yenidən qurulmuşdur. Mehriban Əliyevanın təşəbbüsü ilə ilk dəfə peşə təhsilinin inkişafı məsələsinə xüsusi diqqət ayrılmış, beynəlxalq əməkdaşlıq əsasında yeni peşə təhsili müəssisələri yaradılmışdır. Ali təhsilin inkişafı da Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırığı ilə insan kapitalının formalaşdırılması və rəqabətqabiliyyətli universitetlərin yaradılması vasitəsilə iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində yeni layihələrin hazırlanması və həyata keçirilməsi ali təhsilin yeni modelinin yaradılmasına xidmət edir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” layihəsi çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif dillərdə nəşr edilən kitab və bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlərboyu azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti haqqında aydın təsəvvürün, dolğun məlumatın əldə edilməsində xüsusi əhəmiyyətə malikdir.

Bütün beynəlxalq tədbirlərdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını və işğal edilmiş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələrlə, həmçinin qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili ilə bağlı problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

 Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilənədək Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan fondun prezidenti və Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir.

Bu fəaliyyət sahələrinə ötəri nəzər yetirdikdə dövlətimiz və xalqımız üçün əhəmiyyətli təşəbbüslərin olmasını və icrasını görə bilərik. Bu sırada 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, Milli Məclisin deputatı kimi bir neçə amnistiya aktının layihəsinin hazırlanması və qəbul edilməsi nəticəsində minlərlə insanın azadlığa qovuşmasını qeyd etmək kifayətdir. Xüsusilə qeyd edilməlidir ki, Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktlarının cəzalardan azad edilmiş insanlara mənəvi-psixoloji təsiri böyük olmuşdur. Statistik məlumatların təhlili göstərir ki, minlərlə azad edilmiş şəxs tərəfindən yenidən hüquqazidd əməlin törədilməsi halları həddən ziyadə azdır. Bu, onu göstərir ki, Mehriban Əliyevanın bu nəcib humanist təşəbbüsü ona olan etimadı daha da möhkəmləndirmişdir. Mehriban xanım Əliyevanın göstərdiyi etimadı insanlarımız yüksək qiymətləndirir və bunu böyük dəyər kimi qoruyurlar.

Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 2017-ci ildə xanım Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin etdi. Həm Prezidentin, həm də xalqın Mehriban Əliyevadan böyük gözləntiləri var idi. Çox keçmədi ki, vəzifəsini ləyaqətlə icra edən Mehriban Əliyeva yeni layihələrin hazırlanması təşəbbüsü ilə çıxış etdi. Sosial sahədə başlayan islahatlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatların mühüm tərkib hissəsi kimi cəmiyyətdə münasibətlərin müsbət dinamikasına yeni təkan verdi. Birinci vitse-prezident vəzifəsində ilk keçirdiyi müşavirəni məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr etdi. Bunun ardınca sosial islahatlar paketi hazırlandı və uğurla həyata keçirilməyə başlandı.

Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın sürətli inkişafında və beynəlxalq nüfuzunun artmasında bu tandem mühüm əhəmiyyət kəsb edir.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır. O, eyni zamanda sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması istiqamətində xeyli işlər görmüşdür və bu fəaliyyəti davam etdirir.

Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir. Bəşəriyyətin möhtəşəm mədəniyyət tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya indi də uğurla davam etməkdədir.

Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm vermişdir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ICESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış çox dəyərli addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilmişdir.

Bütün bunlar bir daha göstərir ki, Mehriban Əliyeva Azərbaycanın xarici siyasətindəki fəaliyyətində ölkələrarası dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbinin və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binalarının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunmas və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə bütün imkanların səfərbər edilməsi, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin sarsılmazlığının təmin edilməsində yüksək təşkilatçılıq və təşəbbüskarlıq bacarıqlarına malikdir. İstər 2016-cı ilin 5 günlük Aprel döyüşləri zamanı, istərsə də Azərbaycanın Zəfər tarixi olan 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevdən yeni qələbə müjdələri, Mehriban Əliyevanın sosial şəbəkələrdəki paylaşımları qəhrəman əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın ruh yüksəkliyini artırmışdır.

Bu gün isə işğaldan azad edilmiş doğma torpaqlarımıza Prezident İlham Əliyevin səfərləri, həmin yerlərin bərpası ilə bağlı görüləcək işlər haqqında xoş xəbərləri də xalqımız Mehriban xanım Əliyevadan gözləyir. Mehriban xanım Əliyeva isə bu məlumatları böyük səmimiyyət və sevinclə xalqımızla bölüşərək dövlətimizin və xalqımızın bütövlüyünü daha da möhkəmləndirir. Bir sözlə, Mehriban Əliyevanın xalqının təhlükəsiz və xoşbəxt gələcəyi üçün həyata keçirdiyi bütün layihələr millətimizin uğur tarixinin bünövrəsini möhkəmləndirir.

Xalq Birinci vitse-prezident xanım Mehriban Əliyevaya inanır və onun fəaliyyətini dəstəkləyir!

 

Bəxtiyar ƏLİYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri,

AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video