04 Mart 2021 00:45
1695
İQTİSADİYYAT
A- A+

Vətəndaş məmnuniyyətinin ünvanı

 

Bir il əvvəl açılışı olan Tovuz “ASAN xidmət” mərkəzində 210 minə yaxın müraciət qeydə alınıb

 

Prezident İlham Əliyevin ötən il mart ayının əvvəllərində respublikamzın qərb rayonlarına səfəri zamanı açılışında iştirak etdiyi ünvanlardan biri  də Tovuzdakı “ASAN Həyat” kompleksi idi. Bu gün kompleksin açşılışının bir ili tamam olur.

 

Karantin rejimi tələbləri çərçivəsində uğurlu fəaliyyət nümunəsi

 

Ötən bir il koronavirus pandemiyası səbəbindən hələ də davam edən karantin rejiminin tətbiqi ilə yadda qaldı. Bu səbəbdən vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərən dövlət qurumları da  öz fəaliyyətlərini hələ ki, bu rejimin qaydaları çərçivəsində həyata keçirirlər. Tovuz “ASAN Həyat” kompleksinin ötən birillik fəaliyyəti demək olar ki, pandemiya dövrünü əhatə edib. Lakin karantin rejiminin tələbləri çərçivəsində də mərkəz öz fəaliyyətini uğurla həyata keçirib, vətəndaşlara layiqli xidmət göstərib. Bu günlərdə Tovuz  “ASAN Həyat” kompleksinə baş çəkərək mərkəzin fəaliyyəti ilə tanış olduq.

Öncə onu qeyd edək ki,  əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanır. Bütün bunlardan çıxış edərək ilk dəfə 2012-ci ildə təqdim olunan və milli brend olan “ASAN xidmət” modeli qısa müddətdə Azərbaycanda ictimai xidmət sahəsində dönüş yaratdı. “ASAN xidmət” ölkə əhalisi arasında o qədər populyarlaşdı ki, bunun davamı olaraq belə mərkəzlərin Azərbaycanın regionlarında da yaradılmasına başlanıldı, göstərilən xidmətlərin sayı və növü artırıldı. 

Hazırda Azərbaycanda 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

 

“ASAN xidmət”lərin sayı 27-yə çatdırılacaq

 

Tovuz “ASAN Həyat” kompleksi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətə başlayan sayca 18-ci mərkəzidir. Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində yerləşən kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılmışdır. Nəzərdə tutulan qrafikə uyğun vaxtında inşa olunan və ötən il martın əvvəllərində vətəndaşlara xidmət üçün tam hazır vəziyyətinə gətirilmişdir.

Ötən il Tovuz “ASAN Həyat” kompleksinin açılışından sonra könüllülərlə görüşən Prezident İlham Əliyev belə mərkəzlərin sayının 27-yə çatdırılacağını bildirmişdir: “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq”.

Tovuz “ASAN Həyat” kompleksi respublikamızın qərb zonasında fəaliyyətə başlayan sayca ikinci mərkəzdir. Bu bölgədə birinci mərkəz Gəncə şəhərində açılıb. Tələbat böyük olduğu üçün regiondakı üçüncü belə mərkəz tezliklə Gəncə şəhərində fəaliyyətə başlayacaq və bu istiqamətdə işlər davam edir. Ümumiyyətlə isə hazırda Gəncə ilə yanaşı, Bakı və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

 

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri və vətəndaş məmnunluğu

 

Son illərdə istifadəyə verilən “ASAN xidmət” mərkəzlərinin inzibati binaları orijinal memarlıq və daxili dizayn üslubları ilə fərqlənirlər. Tovuz “ASAN Həyat” kompleksi də öz möhtəşəm görkəmi ilə indi Tovuz rayonunun ən gözəl ünvanları sırasında yer alır və cazibədarlığı ilə uzaqdan diqqəti çəkir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin məlumatına görə, bu kompleks Tovuzla yanaşı, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 700 mindən artıq vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün insanlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə uyğun qurulub və vətəndaş rahatlığına hesablanıb. Burada müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət göstərdiyi müddət ərzində 210 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.

Söhbət etdiyimiz vətəndaşlar da Tovuzda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasından razılıqla söz açdılar, ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Qazax rayonunun Kəmərli kənd sakini Aydın Qəhrəmanov mərkəzə sürücülüq vəsiqəsini dəyişdirmək üçün gəlmişdi: “Belə qısa vaxtda vəsiqəni dəyişəcəklərini gözləmirdim. Müraciətimizi qəbul etdilər, bir neçə dəqiqədən sonra  yeni vəsiqəni təqdim elədilər. Allah Prezidentimizdən razı olsun, heç təsəvvür də etmirdim ki, burada belə yüksək xidmət göstərilir. Mərkəzin əməkdaşları çox yaxşı işləyirlər, gələndən diqqət yetirirəm, hamı razılıq edir”.

Zərəngiz Rəhimova isə sənədini notariusda təsdiq etdirmək üçün gəlmişdi. “Qapıdan girəndən hamını gülərüzlə qarşılayırlar. Birinci dəfə deyil bu mərkəzə gəlirəm. Hər dəfə də bura gələndə hara müraciət etməyimi başa salır, köməklərini əsirgəmirlər. Olduqca məmnunam və sevinirəm ki, ölkəmizdə vətəndaşların müraciətlərinə bu cür gözəl münasibət göstərilir. Bu, Prezident İlham Əliyevin rəhbərliyinin gözəl nümunələrindən biridir”.

 

İlham ƏLİYEV: “Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır”

 

Məlum olduğu kimi, könüllülük respublikamızda bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib.  “ASAN xidmət” mərkəzləri isə Azərbaycanda bu dövlət siyasətinə böyük töhfə verən məktəbdir. İndiyədək minlərlə gənc vətəndaşımız öz karyerasına “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərməklə başlayıb.

Ötən il Tovuzda “ASAN Həyat” kompleksinin açılışından sonra Prezident İlham Əliyev mərkəzin əməkdaşları ilə yanaşı, könüllülərlə də görüşmüşdü. Dövlət başçısı əmin olduğunu bildirmişdi ki, “ASAN xidmət”də çalışan, eyni zamanda könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq: “Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar”.

Dövlət başçısı ilə görüşən könüllülərdən biri Aygün Cabbarlı idi. Hazırda Tovuz “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul əməkdaşı olan Aygün Cabbarlı deyir ki, həmin görüşdə çıxış etmək olduqca qürurverici idi: “Son illərdə mənim kimi minlərlə gəncin həyat yolu “ASAN xidmət”dən başlayıb. Prezident İlham Əliyev öz nitqində bizə gələcək fəaliyyətimizlə bağlı yol göstərdi, yeni istiqamətlər verdi. Mən bir daha dövlətimizin başçısı ilə fəxr etdim.  Çünki könüllülük fəaliyyətinə göstərilən yüksək diqqət ölkəmizdə gənclər üçün yaradılan imkanların təsdiqidir”.

Mərkəzdə cəmi bir aydır könüllü kimi fəaliyyət göstərən Nihat Qasımov Gəncə Dövlət Aqrar Universitetinin məzunudur: “Əsas işimiz vətəndaşların müraciətlərini dinləmək, onlara yüksək xidmət etməkdir. “ASAN xidmət” ailəsinin üzvü olmaq mənim üçün şərəfdir. Qısa müddətdə burda öyrəndiklərim gələcək karyeramı düzgün müəyyənləşdirməkdə mənə çox kömək edəcək”.

 

“ABAD Factory”də ixracyönümlü 80 adda məhsul istehsal ediləcək

 

Tovuz “ASAN Həyat” kompleksinin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi,  “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki, Kinoklub, “ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, “ASAN kafe” fəaliyyət göstərir.

“ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabrikində rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Kompleksdə fəaliyyət göstərən kinoklubda hər birinin 58 nəfər tutumu olan 2 ədəd kinozal var. Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe”nin tutumu 64 nəfərdir. Kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var. “ABAD məktəb” təlim mərkəzində gənclərin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur. Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində də iştirak edə bilirlər. Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınmışdır. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 40 yerlik kafe var.

Tovuz “ASAN Həyat” kompleksində gördüklərimiz göstərdi ki,  “ASAN xidmət” mərkəzləri respublikamızda vətəndaş məmnuniyyətinin əsas ünvanlarından biridir. Bunu indiyədək “ASAN xidmət” mərkəzlərinə 7,3 milyondan artıq vətəndaşdan 42 milyondan çox müraciətin daxil olması və xidmətlərdən məmnunluq əmsalının 99,5 faiz təşkil etməsi də təsdiqləyir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video