25 Noyabr 2021 00:57
570
İQTİSADİYYAT
A- A+

Vətən savaşından sonra Azərbaycan xarici sərmayə üçün daha cəlbedici olub

 

Cari ilin 10 ayında ölkə iqtisadiyyatına 3,5 milyard manatdan çox xarici investisiya yatırılıb

 

İki ildir ki, dünya iqtisadiyyatı ağır dövr yaşayır. Koronavirus pandemiyası üzündən illərlə formalaşmış iqtisadi əlaqələr qırılmış, istehsal və xidmət sektorunda tələbatın azalması iqtisadi geriləmə və durğunluğa səbəb olmuşdur.

Pandemiya səbəbindən insanların qapanmağa məcbur olması, mal və xidmətlərdən az istifadə edilməsi dünya iqtisadiyyatındakı dinamikanı da pozmuşdur. Bu, zəncirvari reaksiya doğuraraq iqtisadiyyatın bütün sahələrinə, o cümlədən bank-maliyyə sektoruna da zərbə vurmuşdur. Ötən iki ildə sərmayədarlar proseslərin necə və nə vaxt bitəcəyini bilmədikləri üçün kapital qoyuluşunu məhdudlaşdırmışlar.

Hətta “kapital şişkinliyi” deyilən yeni bir iqtisadi termin də yaranmışdır. Yəni banklarda və digər sərmayədarlarda pul var, ancaq bundan istifadə edilmir. Səbəb qeyd etdiyimiz kimi, koronavirus pandemiyasının yaratdığı qeyri-müəyyənlikdir.  

Azərbaycan azsaylı ölkələrdəndir ki, pandemiyaya baxmayaraq, burada xarici kapitalın qoyuluşu dayanmayıb. Bunun da iki əsas səbəbi var. Birincisi, ölkəmizdə sərmayə qoyuluşuna təminat verən mükəmməl qanunvericilik bazasının olmasıdır. Dövlət tərəfindən iqtisadi fəallığın qorunması istiqamətində görülən tədbirlər sayəsində ölkənin inkişaf dinamikasını saxlamaq mümkün oldu. Düzdür, bir sıra sahələrdə geriləmələr müşahidə edildi. Bildiyimiz kimi, bu, dünyada baş verən proseslərlə bağlıdır. Azərbaycan iqtisadiyyatı açıq iqtisadiyyatdır və dünyada baş verən proseslərdən tam yayınmaq mümkün deyil. Bununla belə, ölkəmizdə pandemiya şəraitində bir çox sahələrdə nəinki gerilik oldu, əksinə, uğurlar əldə edildi. Bu, qeyri-neft sektorunda özünü göstərdi. Belə ki, pandemiya dövründə qeyri-neft sənayesində 15 faizə qədər artım müşahidə edildi. Eyni zamanda aqrar sektorda məhsul istehsalının artmasının şahidi olduq.

Məlumdur ki, sərmayədarlar kapital qoyuluşunu həyata keçirmək istədikləri ölkələrdəki vəziyyəti dərindən araşdırdıqdan sonra qərar qəbul edirlər. Pandemiya dövründə Azərbaycan iqtisadiyyatına yabançı sərmayənin qoyulmasının davam etməsi müsbət haldır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 548,5 milyon manat vəsait yönəldilmişdir. Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 288,9 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur. Bu ölkələrin inkişaf və coğrafi mövqelərinə nəzər yetirdikdə aydın olur ki, Azərbaycana güvən yüksək səviyyədədir.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 568,5 milyon manat vəsait qoyulmuşdur. Ümumi sərmayənin 41,8 faizi dövlət, 58,2 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən yönəldilmişdir. Sərmayə qoyuluşunun 66,5 faizindən tikinti-quraşdırma sahəsində istifadə edilmişdir. Həmin dövrdə daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 66,4 faizini təşkil etmişdir.

Kapital qoyuluşunda diqqət yetirilməsi vacib olan iki əsas məqam mövcuddur. Birincisi, dövlətin maliyyə imkanları elədir ki, ölkə üçün vacib olan sahələrə birbaşa kapital qoymaq imkanı var. Yəni tamamən xarici kapital qoyuluşundan asılı deyil. İkinci məqam isə ölkədə yerli sahibkarların sərmayə qoyuluşunda iştirak etməsidir. Daxili kapital qoyuluşunda büdcə vəsaitlərindən, bank kreditlərindən və əhalinin şəxsi vəsaitlərindən istifadə olunmuşdur. Bu, ölkənin daxili potensialını əks etdirən  mühüm faktorlardandır. Belə hal həmçinin xarici investorları ölkəmizə sərmayə qoymağa təşviq edir.

Gələn ildən ölkə iqtisadiyyatına daha çox kapital qoyuluşu gözlənilir. Bunun iki səbəbi var. Artıq dünya postpandemiya dövrünə qədəm qoyur, iqtisadi fəallıq artmağa başlayıb. İkinci səbəb isə işğaldan azad edilən ərazilərə xarici ölkələrin kapital qoymaq niyyətində olmasıdır. Hazırda İsrail, İtaliya, Türkiyə, Rusiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin sərmayədarları işğaldan azad olunan ərazilərə kapital qoyuluşuna maraq göstərirlər.

Ölkəmizdə səmərəli kapital qoyuluşu siyasətinin nəticəsində cari ilin 10 ayında bir sıra yeni istehsal və sosial obyektlər tikilib istifadəyə verilib. Hesabat dövründə ölkəni dayanıqlı və etibarlı şəkildə enerji ilə təmin etmək üçün Xəzər, Cəbrayıl, Hacıqabul, Füzuli, Ordubad, Zəngilan rayonlarında və Şuşada elektrik yarımstansiyaları tikilib. Naxçıvan Muxtar Respublikasında  “Azərxalça” ASC-nin filialı, Mərkəzi Hərbi Hospital, Süni Mayalanma Mərkəzi, Culfa-Ordubad magistral avtomobil yolu, Bakıda İqtisadiyyat Nazirliyinin yeni binası, 4 saylı DOST Mərkəzi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Baş Prokurorluğun inzibati bina kompleksi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni inzibati binası, Hərbi Qənimətlər Parkı və s. tikilib istifadəyə verilmişdir. Sumqayıt Vərəqə Şüşə İstehsalı Zavodu, Sumqayıt Kimya Sənaye Parkında “Asmonbat” MMC, Naftalan Mərkəzi Sanatoriyası, Bərdə Peşə Liseyi, Hacıqabulda aqropark, Qəbələ Dəmir Yolu Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu cari ildə istifadəyə verilən obyektlər sırasına daxildir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video