04 Oktyabr 2021 12:50
390
SİYASƏT
A- A+

Vətən müharibəsindən sonra beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk sənəd: Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri

 

“Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatın hazırlanmasında Azərbaycan tərəfi məruzəçi irlandiyalı parlamentari Pol Qavan ilə əməkdaşlıq edərək, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində münaqişənin humanitar nəticələri haqqında məruzəçiyə müfəssəl məlumatlar verib, ölkəmizə, eləcə də işğaldan azad olunmuş ərazimizə - Ağdam şəhərinə səfərinə müvafiq lazımi şərait yaradıb.

44 günlük Vətən müharibəsindən sonra beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş ilk sənəd olan məruzədə münaqişə kontekstində Ermənistanın məsuliyyəti ilə bağlı bir sıra vacib məqamlar öz əksini tapır. Qətnamədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dünyanın mina və partlamamış hərbi sursatla ən çox çirklənmiş bölgələrindən biri olmasından ciddi narahatlıq ifadə olunur. Ermənistana 30 il işğal altında saxladığı ərazilərin bütün mina xəritələrini gecikmədən təqdim etməklə bağlı çağırış edilir.

Eyni zamanda, sənəddə uzun illərdən bəri Azərbaycan üçün ən böyük problemin 1991-1994-cü illər müharibəsindən sonra evlərindən didərgin salınmış məcburi köçkünlərimizin geri qaytarılması olduğu, lakin bu xüsusda ərazilərin kütləvi şəkildə minalandığı, dağıntıların sonsuz olduğu, Ağdam və Füzuli kimi yerlərin tamamilə məhv edildiyi qeyd edilir. Məcburi köçkünlərimizin doğma yurduna qayıda bilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən yardım göstərilməsinə çağırış edilir.

Sənəddə, eləcə də keçmiş münaqişə bölgələrində Ermənistanın məsuliyyət daşıdığı zərər və dağıntılar, xüsusən də son 30 ildə Ağdam, Füzuli və digər ərazilərin tamamilə məhv edilməsi və talan edilməsi, həmçinin mədəni irsin köçürülməsi qınanılır. Hər vəchlə məsuliyyətdən boyun qaçırmağa çalışan Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş dağıntılara görə birbaşa cavabdeh kimi göstərilməsi məruzənin önəmli məqamlarındandır.

Azərbaycanın ağrılı problemlərindən olan 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günədək heç bir xəbər olmayan 3890 azərbaycanlının taleyinə toxunularaq, onların taleyi ilə bağlı irəliləyiş olmamasına təəssüf ifadə olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə Ermənistan və Azərbaycan hökumətlərarası komissiyası səviyyəsində işə başlamağa və bu insanların taleyinin aydınlaşdırılmasına çağırış edilir.

Məruzədə 1991-1994-cü illər müharibəsi zamanı törədilmiş müharibə cinayətləri və digər qanunsuz hərəkətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmalı və cavabdehliyin təmin edilməli olduğu diqqətə çatdırılır. 30 ildə ilk dəfə olaraq, münaqişənin ilk illərində baş vermiş ağır cinayətlərin araşdırılmasına dair çağırışın məruzədə yer alması beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin artmasının təzahürüdür. Əlbəttə, bu, ilk növbədə, Qarabağ müharibəsinin ən qanlı səhifəsi olmuş, müasir tariximizə qanlı hərflərlə yazılmış və Ermənistan tərəfinin müharibə zamanı törətmiş olduğu ən qəddar cinayətin Xocalı soyqırımı cinayətlərinin yenidən gündəmə gəlməsi və ermənilərin törətdiyi bu cinayətin cəzasız qalmaması deməkdir.

Məruzədə münaqişə zonasından uzaq, mülki əhalinin sıx məskunlaşdığı şəhərlərin bombalanması məsələsinə toxunularaq, nəticədə mülki əhalinin ölümünə və yaralanması məsələsinə də diqqət çəkilir. Ermənistan silahlı qüvvələrinin ballistik raketlərdən, idarə olunmayan toplardan və raket qurğularından istifadə etdiyi vurğulanır. AŞPA-dakı nümayəndə heyətimizin üzvləri Gəncə, Bərdə və digər şəhərlərimizə Ermənistan tərəfindən edilən hücumlar nəticəsində törədilmiş müharibə cinayətlərini sadalayaraq, məruzənin müvafiq bəndinə “münaqişə zonasına daxil olmayan yerlər” ifadəsini daxil etməyi təklif edib və bu təklif məruzəçi tərəfindən dəstəklənərək sənədə əlavə edilib.

Məruzədə bəzi dairələrin “münaqişənin həll edilmədiyi” kimi fikir yer almayıb, gələcəyə doğru “barışıq və sülh” mesajına xüsusi önəm verilib. Beynəlxalq ictimaiyyəti Ermənistan və Azərbaycan arasında sülhün və etimadın bərqərar olmasına kömək etmək çağırışı edilib. 44 günlük müharibədən sonra bəzi reallıqdan uzaq siyasi elementləri məruzəyə salmaq cəhdləri edilsə də, uğursuz olub. Sənəddə son 30 ildə Ermənistan və Azərbaycan arasında aparılmış danışıqların heç bir ciddi nəticə vermədiyi xatırladılır və Avropa Şurası qarşısında götürülmüş ümumi öhdəliyin bu illər ərzində yerinə yetirilməməsindən dərin təəssüf ifadə olunur.

Məruzədə ən vacib məqamlardan biri Şuşada “Qazançı” kilsəsinin adının olduğu kimi saxlanması nümayəndə heyətimizin üzvlərinin fəallığının nəticəsidir.

AŞPA-dakı fransız havadarları ilə birlikdə erməni deputatlar məruzə ilə bağlı azərbaycanlı deputatların təkliflərinin qəbul edilməsinə mane olmağa çalışsalar da, sonda özlərini gülünc vəziyyətinə salıblar. Dəfələrlə ayağa qalxaraq məruzəyə daxil edilmək üçün irəli sürülən təkliflərin qəbul edilməsi prosesini başa düşmədiklərini deyən erməni deputata “Mən 3 dəfə izah etdim. Başa düşmürsünzsə, bu sizin probleminizdir”, - deyə sədr iclası davam etdirib.

Vurğulamalıyıq ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq qalan, məsuliyyətli və müharibə zamanı, eləcə də müharibədən sonra beynəlxalq humanitar hüquqa tam riayət edən ölkədir. Ölkəmiz Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların bütün bəndlərinin icrasına xüsusi önəm verir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistanın ölkəmizə qarşı 30 il davam etmiş işğalına son qoyaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin və rifahın qurulması, eləcə də münaqişənin ağır fəsadlarının aradan qaldırılması üçün münbit şərait yaradıb. Ötən əsrin sonlarında böyük humanitar fəlakətlə üzləşmiş Azərbaycan münaqişənin humanitar nəticələrinin aradan qaldırılması – yüz minlərlə azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün qətiyyətli və ardıcıl addımlar atır. Bu istiqamətdə bütün beynəlxalq aktorlar tərəfindən göstərilən səylərin 44 günlük müharibədən sonra bölgədə yaranmış mövcud reallıqlar nəzərə alınaraq, sülhün və etimadın məhkəmləndirilməsinə yönəldilməli olduğunun vacibliyi unudulmamalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video