07 Aprel 2021 17:29
732
Təhsil
A- A+

Vətən müharibəsində şəhid olan tələbənin adı Türkiyədə əbədiləşdirilib

 

Azərbaycanın qırx dörd gün davam edən Vətən müharibəsi zamanı şəhid olan Türkiyənin Balıkesir Universitetinin tələbəsi Məmmədağa Səfərovun adı bu ali təhsil müəssisəsində əbədiləşdirilib.

AZƏRTAC xəbər verir ki, şəhidin adı təhsil aldığı universitetin ən böyük konfrans salonlarından birinə verilib.

Şəhidin adının universitetdə əbədiləşdirilməsi bu təhsil müəssisəsinin rəhbərliyi və təhsil aldığı mühəndislik fakültəsinin təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə Balıkesir Universitetində keçirilən rəsmi mərasimdə şəhidin ailə üzvləri, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, universitetin və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl şəhidin ailə üzvləri ilə görüş keçirilib.

Mərasimdə çıxışı zamanı Vətənimizin gələcəyi uğrunda tələbəmizin şəhidlik zirvəsinə çatması ilə bağlı ailə üzvlərinə başsağlığı verən səfir belə bir övlad yetişdirdikləri üçün onlara minnətdarlığını bildirib. Universitetin rəhbərliyinə də öz minnətdarlığını ifadə edən Xəzər İbrahim ailədən gələn Vətən sevgisinin insanların qəlbində əbədiləşdirilməsi üçün təhsil müəssisələrinin də böyük rolu olduğunu vurğulayıb: “Universitetdə təhsil zamanı Türkiyə-Azərbaycan arasında münasibətləri tələbələrə aşıladığınız üçün sizə minnətdarıq. Ailəsinin də dediyi kimi, Məmmədağa yalnız Azərbaycan deyil, həm də bir Türkiyə sevdalısı idi. Bu gün iki qardaş dövlət olan Türkiyə-Azərbaycan prezidentlərinin liderliyi və xalqlarımızın birliyi ilə irəliyə doğru hərəkət edir. Burada təhsil də Türkiyə-Azərbaycan qardaşlığının inkişaf etdirilməsində ən vacib olan sahələrdən biridir”.

Məmmədağa Səfərov Vətən müharibəsi başladıqda öz istəyi ilə təhsilini donduraraq Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün hərbi xidmətə yollanıb. O, 2020-ci ilin oktyabrın 8-də Qusar rayonunda hərbi xidmətə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlayan və qırx dörd gün davam edən Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən M.Səfərov oktyabrın 21-də Xocavənd uğrunda döyüşlərdə şəhid olub.

M.Səfərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılması və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video