16 Mart 2021 01:37
684
Səhiyyə
A- A+

Vaksinasiyadan sonra insanlar deyil, virus təcrid ediləcək

 

Avstriyalı mütəxəssislər smartfonlar üçün koronavirusu müəyyən edə bilmək qabiliyyətinə malik yeni proqram hazırlayıblar. Yeni kompüter proqramı COVID-19-dan əlavə, digər xəstəlikləri də aşkar edə biləcəkdir. Proqramın yaradıcıları qeyd edirlər ki, pandemiya dövründə “qaynar xətt”ə edilən müraciətlərin çoxluğu bu zərurəti meydana gətirib. “Simptom” adlı səs assistenti xəstənin səs yazısını 36 dildə qavrayır və 20 mindən çox xəstəliyin diaqnozunu göstərir. Bu sistemlə koronavirusun aşkar edilməsi dəqiqliyi 96 faizdən çoxdur.

Bütün yeni üsullara, texnoloji inkişafa baxmayaraq, yeni tip koronavirus dünyanın demək olar ki, bütün ölkələrində yayılmaqda davam etməklə yanaşı, mutasiyaya da uğrayır. Hələ ötən ilin sonlarında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus 2021-ci ildə dünya ictimaiyyətinin “yeni çağırışlar”, o cümlədən koronavirusun yeni ştammları ilə qarşılaşacağı barədə xəbərdarlıq etmişdi: “Hesab edirik ki, dünya ictimaiyyəti 2021-ci ildə Böyük Britaniya və Cənubi Afrika Respublikasında aşkar olunanlar da daxil olmaqla, koronavirusun yeni ştammlarının araşdırılmasına diqqət yetirməlidir”.

Budur, artıq Böyük Britaniyada ortaya çıxan koronavirusun daha yüksək yoluxdurma imkanına malik növü 110-dan çox ölkədə qeydə alınıb. Cənubi Afrikada tapılan koronavirusun ştammının coğrafiyası isə 58 ölkəyə qədər genişlənib, mövcudluğu əvvəlcə Braziliya və Yaponiyada aşkar edilən ştammı isə hazırda 32 ölkədə dövr edir.

Braziliyalı həkim Migel Nikolelis isə ölkəsini COVID-19-a səbəb olan və xəstəliyə nəzarət edilmədiyi halda mutasiya oluna biləcək SARS-CoV-2 virusunun yeni ştammlarının episentri olduğunu bəyan edib. ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin sözlərinə görə, Braziliya və ya Amazon variantı kimi tanınan bu yeni ştamm daha ötürücü olsa da, onun ölümlə nəticələnəcəyi haqqında hələ ki dəqiq məlumat yoxdur. Bu xəbərdarlıq əlamətidir, çünki ötürülmə mutasiyaya və koronavirusun yeni növlərinin ortaya çıxmasına səbəb ola bilər. Təhlükə ondan ibarətdir ki, koronavirus Braziliyada sürətlə yayılır və gündə 70 mindən 80 minə qədər insanı yoluxdura bilir. Bu isə virusda inanılmaz sayda mutasiyalar yaradır.

Filippin hökuməti də ölkəsində koronavirusun yeni variantının aşkarlandığını təsdiqləyib. Koronavirusun yeni ştammına ölkədə ümumilikdə 98 nəfər yoluxub. Bununla yanaşı, Səhiyyə Nazirliyi Braziliyadan qayıdan filippinlidə koronavirusun Braziliya ştammının tapıldığını bildirib.

Mutant virus daha sürətli yayılsa da, ölümcüllük qabiliyyəti o qədər də yüksək deyil. Tibb mütəxəssisləri ötən ilin sonlarından tətbiqinə başlanılan koronavirus peyvəndlərinin mutant viruslara qarşı da effektli olduğu qənaətindədirlər. Alimlər hesab edirlər ki, mutasiya çox fərqli, dəyişik olacağı təqdirdə peyvəndi də mutantlaşdırmaq lazım gələcək. Ancaq bu o qədər də çətin olmayacaq. Vaksinin istehsal prosesi zaman yaşanan çətinliklə müqayisədə xeyli aşağı  olacaq.

Hazırda dünyanın bir sıra ölkələrində vaksinasiya davam edir. Bu prosesdə maraqlı məqam odur ki, koronavirusa qarşı yeni peyvəndlərin də istifadəsinə başlanılır. Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson and Johnson” şirkətinin istehsal etdiyi tək doz koronavirus vaksininin Avropa İttifaqında istifadəsini tövsiyə edib. Qərarın ən qısa zamanda Aİ komissiyası tərəfindən qəbul edilməsi gözlənilir.

“Johnson and Johnson” vaksini Aİ-də təsdiqlənən dördüncü koronavirus peyvəndi olub. “Əldə edilən məlumatlar kontekstində vaksinin təsirli və etibarlı olduğunu müəyyənləşdirdik və bu, Aİ ölkələri tərəfindən də istifadə oluna bilər”, - EMA-nın açıqlamasında deyilir. ABŞ, Cənubi Afrika və Latın Amerikası ölkələrində 44 min insan üzərində sınanan “Johnson and Johnson”un tək dozluq vaksininin 67 faiz təsirli olduğu, xəstəlik və ölümə qarşı güclü müdafiəni təmin etdiyi təsdiqlənmişdi.

Peyvəndin ABŞ-da istifadəsi fevralın 28-də qərara alınmış, vaksin martın 1-dən paylanmağa başlanmışdır. Bu vaksini soyuducuda üç aya qədər saxlamaq mümkündür. 

“AstraZeneca” peyvəndinin faydaları vaksin haqqında olan neqativ məlumatları üstələyir, istifadənin davam edilməsi tövsiyə olunur”. Bunu ÜST nümayəndəsi Marqaret Harris “RİA Novosti”yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin peyvənddən imtina etməsi ilə bağlı məlumatları araşdıran ÜST ondan istifadəyə davam olunmasını tövsiyə edib.

Qeyd edək ki, Aİ-yə üzv 10 ölkə qan laxtalanması ilə bağlı məlumatların artmasından sonra “AstraZeneca” peyvəndi ilə vaksinasiya proqramını müvəqqəti dayandırıb. “AstraZeneca” şirkəti isə dərmanın təhlükəsiz olduğunu bildirib. Daha sonra şirkət peyvəndin Aİ-yə tədarükünü azaltmağa qərar verdiyini açıqlayaraq mart ayının sonuna qədər təxminən 30 milyon, aprel ayında isə 20 milyon dozaya qədər peyvənd satmağı planlaşdırdığını bildirib. Beləliklə, şirkət müqavilə öhdəliklərinin yalnız üçdəbirini yerinə yetirəcək.

Bu məqamda bildirək ki, ölkəmizin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən, İsveçin “AztraZeneca” şirkətinə məxsus 432 000 doza “COVID-19” vaksin dərman vasitəsini alacaq. İdxal prosesi 180 gün müddətində həyata keçiriləcək.

Hələlik isə Azərbaycanda vaksinlənmə Çində istehsal olunmuş “CoronaVac” peyvəndi ilə aparılır. Yanvarın 18-də tibb işçilərinin peyvəndlənməsi ilə start götürən proses “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq respublikamızın bütün rayonlarda uğurla davam edir. Ölkəmizdə hazırkı dövrədək 455 mindən çox insan COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Səhiyyə Nazirliyi Rusiya istehsalı olan “Sputnik V” peyvəndini də istifadə üçün təsdiq edib. Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Nazirlikdən bildirilib ki, bu peyvəndin yaxın zamanda ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Hazırda bütün dünya ölkələri ümidlərini peyvənd prosesinə yönəldib. Hər kəs bir ildən çoxdur xəstəlik, ölüm, iqtisadi çətinliklər gətirən, rifah səviyyəsinin aşağı düşməsinə səbəb olan pandemiyaya qarşı ən güclü silahın vaksin olduğu fikrindədir. BMT-nin Baş katibi Antonio Quterreş də “bədbəxtliklər sunamisi” olan qlobal pandemiyaya qarşı peyvənd kampaniyasının ümid verdiyini qeyd edib. O, qlobal vaksinasiya kampaniyasını “bütün zamanların ən böyük mənəvi sınağı” adlandırıb və bəşəriyyətin yalnız bundan keçərək dünya iqtisadiyyatını yenidən bərpa edə biləcəyini deyib. Qeyd edib ki, bu, özümüzü təcridetmə əvəzinə virusu təcrid edə biləcəyimiz yeganə yoldur.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video