07 Iyul 2021 00:46
816
Səhiyyə
A- A+

Vaksinasiya yalnız qorunmaq üçün deyil

 

COVID-19 infeksiyasının dünyadan təcrid edilməsi üçün vacib olan peyvəndləmə həm də sosial məsələdir

 

Pandemiya! Son iki ilə yaxındır ki, bu söz artıq hər kəsin “dilinin əzbəri”dir. Epidemiyadan pandemiyaya keçdikdən sonra onunla mübarizənin forma və üsulları haqqında düşünmək belə çətin idi. Çünki mənşəyi, yaranma və yayılma səbəbi, müalicəsi haqqında hətta tibb işçilərinin belə təsəvvürləri yox idi. Buna görə də hamı çaş-baş idi: “kimə inanasan, kimdən öyrənəsən, bu bəladan necə yaxa qurtarasan” kimi suallar insanları rahat buraxmırdı.

Artıq bunlar arxada qalan dövr üçün aktual hesab edilə bilər. Bu gün COVID-19 koronavirus pandemiyasından xilas olmağın ən vacib üsulu hesab edilən peyvəndləmə özünün daha çox dərk edilən mərhələsindədir.

Dünyanı çənginə alan pandemiyadan zərər çəkənlərin sayı artıq milyonlarla sayılır. Yoluxmalar, ölənlər və sağalanların hər gün verilən statistik hesabatları göstərir ki, deyəsən pandemiyadan birdəfəlik xilas olmaq üçün vaxtilə tək-tək atılan addımlar bu gün kütləvi hal alır.

Dünən vaksinasiya haqqında daha çox dezinformasiyaya inananlar bu gün inamlı şəkildə peyvəndləmə kampaniyasına qoşulmaqdadırlar. Bütün bunlar ilk növbədə hər bir yeniliyin müəyyən çətinliklərlə qəbul olmasından irəli gəlsə də, əsas məsələ inamın formalaşmasında, təbliğatın formasındakı dəyişiklikdədir, hər halda mütəxəssislər və sosioloqlar belə düşünürlər. Onlar bildirirlər ki, vaksinlər bir ölkədə təqdim olunmazdan öncə geniş sınaqlardan keçirilir.

Həkimlər və alimlər bir vaksini ictimaiyyətə təqdim etməyə qərar verərkən ciddi beynəlxalq standartlara əsaslanırlar. Lakin ixtisas həkimləri onu da söyləməyi vacib hesab edirlər ki, bütün digər preparatlar kimi, vaksinlər də qeyri-ciddi və müvəqqəti olan yan təsirlərə səbəb ola bilir. Daha ciddi yan təsirlərə isə çox nadir hallarda rast gəlinir. Çox güman ki, bir insana vurulan peyvənddən daha çox həmin xəstəliyin ciddi ziyanı ola bilər.

Bu gün xüsusi qeyd edilməlidir ki, COVID-19 peyvəndinə ehtiyac təcili idi, o səbəbdən dövlətlər və şirkətlər onu hazırlamaq üçün daha çox vəsait ayırdılar. Hətta iqtisadi cəhətdən güclü dövlətlər vaksinlərin alınmasında daha çox fəallıq göstərdilər. Demək, vaksinasiyanın ciddi proses olması bu faktda da özünü göstərir. Ciddi təhlükəsizlik və klinik standartlara riayət etməklə yanaşı, peyvəndin tədqiqi və hazırlanması bütün dünyada eyni zamanda baş verdi. Bu, peyvəndin daha sürətli hazırlanmasına imkan yaratmış oldu. Lakin bu, tədqiqatların dərinliyini və ya peyvəndlərin təhlükəsizliyini heç də azaltmadı.

Artıq ictimaiyyət üçün əlçatan olan peyvəndlərin heç birinin tərkibində COVID-19-a səbəb olan canlı virus yoxdur. Onlar qol ağrısı və ya mülayim hərarət kimi yan təsirlərə səbəb ola bilər ki, bu da peyvəndin işə yaradığına bir işarədir.

Peyvəndlər bədənin müəyyən xəstəliklərdən qorunmasına kömək edir. Bədən ona  uyğunlaşanadək, hər hansı bir dərman kimi, qol ağrısı və ya yüngül temperatur artımına, qısamüddətli yan təsirlərə səbəb ola bilər. Bu, öncədən də gəlinən qənaətlərdəndir. Həkimlərin sözlərinə görə, müəyyən yan təsirlər mümkündür, lakin son dərəcə nadirdir. Bir insanın peyvənddən çox xəstəlikdən ciddi şəkildə zərər görməsi ehtimalı daha yüksəkdir.

Vaksin sınaqlarında müxtəlif könüllülər iştirak ediblər. Klinik sınaqlar zamanı insanlar könüllü olaraq vaksini qəbul edirlər. Bu könüllülər coğrafi ərazi, irqi və etnik mənşə, cins və yaş baxımından müxtəlif olurlar. Onlar həmçinin bu xəstəliyə yoluxmaq riskini daha yüksək edən əlaqəli xəstəlikləri olan insanlardır. Bu isə vaksinin hər kəs üçün təklükəsiz və effektiv olmasını təmin edən əsas şərtlərdəndir.

Effektivliyini sınaqdan keçirmək və hər hansı ümumi yan təsirləri, təhlükəsizliklə bağlı problemləri müəyyən etmək üçün COVID-19 vaksinlərinin də standart hazırlanma qaydaları var. Bura minlərlə könüllünün iştirakı ilə çoxsaylı sınaq mərhələləri daxildir.

COVID-19-dan qorunmaq və ya onun zərərini azaltmaq üçün həyata keçirilən sosial və tibbi qaydalar öz əhəmiyyətliliyi ilə diqqəti daha çox cəlb etməkdədir. Vaksinasiya da məhz həmin proseslərin, yaxud mərhələnin ən vacib hissəsidir. Doğrudur, bu gün insanlar daha çox peyvəndləmə prosesinə qatılmaqdadır. Bu, qismən də olsa, onlarda bir arxayınlıq yaradır. Unuduruq ki, peyvənd orqanizmin ümumi immunitetinin möhkəmləndirilməsində necə vacib rol oynayırsa, ümumiyyətlə, koronavirus infeksiyasından qorunmaq da o dərəcədə vacibdir.

Son vaxtlar Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in sosial məsafə, tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməletmə kimi tövsiyələrini unudanlara da rast gəlinir. İctimai nəqliyyatda, iri ticarət obyektlərində tələb olunan qaydaların “unudulması” sanki pandemiyanın artıq ömrünü başa vurması anlamına gəlir. Əslində, biz pandemiyanın həyatımızdan birdəfəlik getməsi üçün tövsiyələri qulaqardına vurmamalı, inzibati tənbehdən çəkinərək, cərimələnməkdən qorxaraq hüquq mühafizə orqanlarının əməkdaşlarını gördükdə “maskalanmaq”dansa, qayda-qanunlara məhz xəstəlikdən uzaq olmaq üçün əməl etməliyik. Buna ilin isti fəslini bəhanə gətirmək isə yersizdir. Düzgün geyinildikdə, tibbi maskalar həddən artıq az oksigeni və ya çox karbon qazını nəfəsinizə çəkməyə sizi vadar etməyəcək.

Alkoqol qəbul etmək COVID-19-un qarşısını almır və ya müalicə etmir. Eləcə də alkoqol qəbul etmək sizi COVID-19-dan qorumur. Çox alkoqol qəbul etmək əslində digər sağlamlıq problemləri riskini artıra bilər.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, COVID-19 virusunu daşıyıb-daşımadığını təsdiqləməyin ən yaxşı yolu laboratoriya müayinəsinin aparılmasıdır. İstilik və rütubət COVID-19-un yayılmasının qarşısını almır. Hava nə qədər günəşli və isti olursa-olsun, COVID-19-a yoluxa bilərsiniz.

İsti hava şəraiti olan ölkələrdə COVID-19-a yoluxma hadisələri haqqında məlumat verilib. Özünüzü COVID-19-dan qorumağın ən yaxşı yolu başqalarından etibarlı məsafə saxlamaq və əllərinizi tez-tez və hərtərəfli yuyub təmizləməkdir.

Ultrabənövşəyi lampalar COVID-19-un qarşısını almaq və ya müalicə etmək üçün istifadə edilməməlidir. Onlar dərinizi qıcıqlandıra və gözlərinizə zərər verə bilərlər. Əllərinizi alkoqol əsaslı əlovma və ya sabunlu su ilə təmizləmək COVID-19 virusunu aradan qaldırmağın ən təsirli yollarından biridir. COVID-19-un ağcaqanad sancması ilə yayıldığına dair heç bir dəlil yoxdur. COVID-19 əsasən yoluxmuş bir insanın öskürdüyü, asqırdığı və ya danışdığı zaman yaranan damcılarla yayılır. İnfeksiyalı bir səthə toxunduqdan sonra gözlərinə, burnuna və ya ağzına əlini vuranda da yoluxa bilərsən. Özünüzü qorumaq üçün əllərinizi tez-tez təmizləyin və evdə toxunduğunuz səthləri dezinfeksiya edin.

Viruslar, o cümlədən COVID-19 radio dalğalarında və ya mobil şəbəkələrdə “səyahət” edə bilməz. COVID-19 5G mobil şəbəkəsi olmayan bir çox ölkədə yayılmışdır.

Beləliklə, gəlin razılaşaq ki, sağlamlığımız əsasən öz əlimizdədir. O əllərdə ki, vaxtaşırı gigiyena qaydalarına əsasən təmiz saxlamalıyıq. Vaksinlərin etibarlılığı nə qədər güclü olursa-olsun, ilk növbədə sosial qayda-qanunlara əməl etmək pandemiyanın ömrünün qısalığı, “köhnə həyat”a qayıdışı deməkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video