21 Sentyabr 2021 00:32
610
DÜNYA
A- A+

“Vahid Rusiya” növbəti dəfə seçkilərdə qələbə qazandı

 

Rusiyada keçirilmiş parlament seçkilərində hakim “Vahid Rusiya” Partiyası qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının dünən yerli vaxtla saat 15:00-a olan ilkin məlumatına görə, protokolların 98 faizi sayıldıqdan sonra “Vahid Rusiya” 49,8, Rusiya Federasiyası Kommunist Partiyası 19,05, Liberal-Demokrat Partiyası 7,48, “Ədalətli Rusiya-Vətənpərvər-Həqiqət uğrunda” Partiyası 7,4, “Yeni insanlar” Partiyası 5,36 faiz səs yığıb. Bu partiyaların 5 faizlik həddi keçərək Dövlət Dumasında yer alacaqları gözlənilir.

Birmandatlı dairələrdə də “Vahid Rusiya” qələbə qazanıb. Partiya mandatların 88 faizini (199 yer) əldə edib. Kommunist Partiyası  4,45 (9 mandat), “Ədalətli Rusiya-Vətənpərvər-Həqiqət uğrunda” Partiyası 3,56 (8 mandat), Liberal-Demokrat Partiyası,  “Vətən”, Yüksəliş Partiyası və  “Vətəndaş platforması “ hərəyə bir mandat qazana bilib. Daha 5 yerə isə müstəqil namizədlər yiyələniblər. Bir daha qeyd edirik ki, bütün bu rəqəmlər təsdiq olunmamış ilkin məlumatlardır.

Xatırladaq ki, seçicilərin təxminən 45,15 faizinin iştirak etdiyi VIII çağırış Dövlət Dumasına seçkilər qarışıq sistemlə keçirilib - 225 deputat partiya siyahıları, 225 deputat isə birmandatlı dairələr üzrə seçilib.

Müşahidəçilər qeyd edirlər ki, Dövlət Dumasına seçkilərin 3 gün ərzində keçirilməsi özünü doğrultmuş və seçicilərin fəallığına müsbət təsir göstərmişdir. Bu barədə dünən MSK-da keçirilən iclasda MDB müşahidəçilər missiyasının rəhbəri İlham Nemətov bildirib: “Üçgünlük səsvermə Rusiyanın coğrafi miqyası və epidemioloji vəziyyətlə əsaslandırılıb. Bu, bizim fikrimizcə, normal hal olaraq seçicilərin fəallığına müsbət təsir göstərib”.

İ.Nemətovun dediyinə görə, Dövlət Dumasına seçkilərdə istifadə olunan yeniliklər - üçgünlük və distant elektron səsvermə, müşahidə kameralarının qurulması son nəticədə müxtəlif saxtakarlıqların qarşısını almağa imkan yaradıb.

MDB müşahidəçiləri Dövlət Dumasına seçkilərdə səsvermənin nəticəsinə təsir edən ciddi pozuntular qeydə almayıblar. “Bizim missiyanın üzvləri səslərin sayılmasında iştirak ediblər və mənə məlumat veriblər ki, səslərin hesablanması qanun çərçivəsində keçirilib. Müşahidəçilərin missiyası səsvermənin nəticələrinə təsir göstərəcək hər hansı ciddi sistem pozuntularını qeydə almayıb”, - deyə İ.Nemətov vurğulayıb.

Xatırladaq ki, sentyabrın 17-dən 19-dək Rusiyada VIII çağırış Dövlət Dumasının və regional parlamentlərin üzvləri, habelə bir neçə federasiya subyektinin başçıları seçilmişlər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video