12 May 2012 01:05
511
Fərmanlar
A- A+

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli fərmanı ilə təsdiq edilmişdir 


1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) təşkilini və həyata keçirilməsini tənzimləyir.
1.2. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.
1.3. Dövlət nəzarətini, Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
1.4. Bu Qaydada sadalanmış vəzifələr dövlət orqanlarının Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında uşaq hüquqları sahəsində nəzərdə tutulmuş vəzifələrinin inkar edilməsi kimi təfsir oluna bilməz.
2. Dövlət nəzarəti sahəsində funksiyalar
2.1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
2.1.1.  uşaqların hüquqlarını və mənafelərini  müdafiə edir;
2.1.2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu aparır;
2.1.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verir, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirir;
2.1.4. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda, övladlığa götürülmüş uşaqların həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi üzrə hesabatlara və məlumatlara baxır, əsas olduqda, övladlığa götürmənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırır;
2.1.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların Azərbaycan Respublikasının ərazisinə qaytarılması və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədi ilə zəruri tədbirlər görür;
2.1.6. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanları müəyyən edir və onların fəaliyyətinə nəzarət edir.
2.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
2.2.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
2.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparılmasını təmin edir;
2.2.3. yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində qanunazidd başqa əməllər törətmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin, vəzifəli şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin edir;
2.2.4. inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb etmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxılmasını təmin edir;
 2.2.5. yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəblər və hallar barəsində müvafiq dövlət orqanlarına və digər qurumlara məlumat verilməsini təmin edir;
2.2.6. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verilməsini təmin edir;
2.2.7. yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət edir.
2.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
2.3.1. təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir;
2.3.2. təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir;
2.3.3. təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir;
2.3.4. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir,  heç bir üzrlü səbəb olmadan dərslərdə iştirak etməyən və ya mütəmadi olaraq təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır, onların tərbiyəsi və icbari ümumi orta təhsil alması üçün zəruri tədbirlər görülməsini təmin edir;
2.3.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir;
2.3.6. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan 3 yaşından yuxarı uşaqların mərkəzləşdirilmiş uçotunu aparır, onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir, övladlığa götürülən 3 yaşından yuxarı uşaqların mərkəzləşdirilmiş uçotunu aparır;
2.3.7. uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək məqsədi ilə psixoloji-tibbi-pedaqoji komissiyalar yaradır;
2.3.8. aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsilini təşkil edir;
2.3.9. istedadlı uşaqların təhsilini davam etdirməsi üçün zəruri tədbirlər görür;
2.3.10. uşaqların istirahətinin, asudə vaxtının və məşğulluğunun təşkilində iştirak edir;
2.3.11. təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsini təmin edir, təhsil alanların üzməyi öyrənməsi, müvafiq idman normativlərini yerinə yetirə bilməsi üçün şərait yaradır;
2.3.12. təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün tədbirlər görür;
2.3.13. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinin monitorinqini aparır.
2.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
2.4.1. yetkinlik yaşına çatmayanlara tibbi yardım göstərilməsini təmin edir;
2.4.2. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin edir;
2.4.3. yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitariya-gigiyena biliklərinin yayılmasını, habelə sağlam həyat tərzinin təbliğini təşkil edir;
2.4.4. valideynlərini itirmiş, valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən kənarda qalmış, yaxud valideynlərinin həyat şəraiti çətin olan 4 yaşınadək uşaqların saxlanılmasını və onların tərbiyəsini həyata keçirir;
2.4.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan 3 yaşınadək uşaqların mərkəzləşdirilmiş uçotunu aparır, onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir, övladlığa götürülən 3 yaşınadək uşaqların mərkəzləşdirilmiş uçotunu aparır;
2.4.6. tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət edir, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, uşaq qidası məhsullarının istehsalına, satışına və istehlakına tələblər qoyur;
2.4.7. tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatların uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin edir;
2.4.8. alkoqollu içkilər, yaxud tibbi göstəriş əsasında həkimin təyinatı olmadan narkotik vasitələr və psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanları aşkar edir, onların uçotunu, müayinəsini, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparır, yetkinlik yaşına çatmayanlar arasında alkoqolizmin, narkomanlığın, toksikomanlığın və bunlarla bağlı davranışda yaranan pozuntuların profilaktikası üzrə tədbirlər həyata keçirir;
2.4.9. cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, belə xəstəliklərə düçar olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini, həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə həyata keçirir;
2.4.10. tibbi-tərbiyə müəssisələri şəbəkəsinin inkişafını təmin edir.
2.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.5.1. sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını və sosial müdafiəsini təşkil edir, onları protez-ortopediya məmulatları, əlil kreslo-velo arabaları və digər reabilitasiya vasitələri ilə təmin edir;
2.5.2. sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məlumat bazasını təşkil edir;
2.5.3.  sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkilini təmin edir, onları bədən tərbiyəsi və idmana cəlb edir, sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisaslaşdırılmış idman-sağlamlıq mərkəzlərinin yaradılması və sağlamlıq imkanları məhdud istedadlı uşaqların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər görür;
2.5.4. sağlamlıq imkanları məhdud uşaqlara təhsili ilə bağlı texniki yardım göstərilməsini təmin edir;
2.5.5.  sağlamlıq imkanları məhdud uşaqların sanatoriya-kurort müalicəsi üzrə kompleks tədbirləri müvafiq qurumlarla birlikdə həyata keçirir;
2.5.6. sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasının gücləndirilməsi məqsədi ilə əlillərin bərpa mərkəzləri şəbəkəsinin işini təkmilləşdirir və yeni reabilitasiya mərkəzlərinin yaradılmasını təmin edir;
2.5.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirir, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;
2.5.8. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uşaqlara sosial xidmətin göstərilməsini təşkil edir;
2.5.9. yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunarkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirir;
2.5.10. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə də belə müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür.
2.6. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.6.1. təhsil müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunmasını və möhkəmləndirilməsini təmin edir, belə müəssisələrdə uşaq və yeniyetmələrin fiziki hazırlığı üzrə normativləri hazırlayır;
2.6.2. uşaq-gənclər idmanının təşkili və inkişafını, müvafiq dövlət orqanları ilə birlikdə bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin inkişafını təmin edir;
2.6.3. sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idmanla məşğul olması, idman yarışlarında iştirak etməsi üçün əlverişli şərait yaradır, belə uşaqlar arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını təşkil edir və bu yarışlarda sağlamlıq imkanları məhdud idmançıların iştirakını təmin edir;
2.6.4. yetkinlik yaşına çatmayanların istirahətinin, asudə vaxtının və məktəbdənkənar təhsilinin təşkilində iştirak edir.
2.7. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar: 
2.7.1. yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üzrə, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər həyata keçirir;
2.7.2. yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin fəaliyyətini əlaqələndirir;
2.7.3.  ümumi və digər təhsil müəssisələrində, habelə mülkiyyət formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri təşkilatlarda yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilini yoxlayır;
 2.7.4. ilk peşə-ixtisas təhsili müəssisələrində, internat məktəblərdə, uşaq evlərində, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində, təlim-tərbiyə və tibbi-tərbiyə müəssisələrində, qəbul-bölüşdürmə məntəqələrində yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyə olunması şəraiti ilə tanış olur;
2.7.5. yetkinlik yaşına çatmayanın müraciəti olduqda, onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslılığını yoxlayır;
2.7.6. yerli komissiyaların yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə qərarlarını yoxlayır və həmin qərarları qanunsuz və ya əsassız hesab etdikdə ləğv edir;
2.7.7. yetkinlik yaşına çatmayanların hüquqlarını pozan və ya onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət edir;
2.7.8. cəzaçəkmə müəssisəsindən, açıq və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraiti yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini təşkil edir;
2.7.9. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanları, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərir;
2.7.10. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırır;
2.7.11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh tədbirlərini tətbiq edir;
2.7.12. insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görür;
2.7.13. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılmasına razılıq verilməsi məsələsinə baxır;
2.7.14. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların mənzil hüququnun qorunması ilə bağlı zəruri tədbirləri həyata keçirir;
2.7.15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvi məqsədi ilə tədbirlər görür;
2.7.16. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və məşğulluğu ilə əlaqədar, həmçinin onların  pozulmuş hüquqlarının və mənafelərinin bərpası məqsədi ilə aidiyyəti üzrə müraciət edir.
2.8. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları:
2.8.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir;
2.8.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqları və uşağını tərbiyə etməkdən yayınan valideynlərin uşaqlarını, səhhətinə görə qəyyumluq və ya himayəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları aşkara çıxarır;
2.8.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu aparır, valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla, həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanılma, tərbiyə və təhsil şəraitinə nəzarəti həyata keçirir;
2.8.4. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olması barədə rəy verir;
2.8.5. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, övladlığa götürmənin ləğv edilməsinə əsas olduqda, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsinin ləğvi məqsədi ilə tədbirlər görür;
2.8.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, qəyyumları və himayəçiləri təyin edir və ya vəzifələrinin icrasından azad edir və ya kənarlaşdırır;
2.8.7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotunu aparır, övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının övladlığa götürmənin tələblərinə uyğun olub-olmadığını yoxlayır;
2.8.8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər arasında uşağın adına və soyadına münasibətdə yaranan fikir ayrılığının, uşağın mənafeyi nəzərə alınmaqla, həlli istiqamətində zəruri tədbirləri həyata keçirir;
2.8.9. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, valideynlərlə uşaqların maraqları arasında ziddiyyət yarandığı hallarda, uşaqların hüquqlarının və mənafeyinin müdafiəsi üçün nümayəndə təyin edir;
2.8.10. uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, uşağı valideynlərdən (onların birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq üçün zəruri tədbirlər görür;
2.8.11. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi orta təhsil alana qədər təhsilalma formasının dəyişdirilməsinə, istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verir;
2.8.12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların əmlak hüquqlarının qorunmasını təmin edir;
2.8.13. tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən valideyn himayəsindən məhrum olan uşaqların saxlanmasına, tərbiyə və təhsilinə daim nəzarət edir, həmin müəssisələrin məzunlarının hüquqlarının qorunmasını təmin edir;
2.8.14. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayanlar barəsində fərdi profilaktik işin aparılmasında iştirak edir.
3. Dövlət nəzarəti üzrə ümumi vəzifələr
3.1. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanlarının dövlət nəzarəti üzrə ümumi vəzifələri aşağıdakılardır:
3.1.1. hər bir uşağın zəruri maddi və məişət şəraitində tərbiyə olunmasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönələn dövlət siyasətini həyata keçirmək;
3.1.2. Azərbaycan Respublikası qanunlarının uşaqların hüquqlarını qorumağa dair tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
3.1.3. uşaqların mənafeyinin üstün tutulmasına nəzarət etmək;
3.1.4. uşaq hüquqlarının təmin edilməsində ayrı-seçkiliyin yolverilməzliyinə nəzarət etmək;
3.1.5. uşaqların müraciət etmək hüququnun təmin edilməsinə nəzarət etmək;
3.1.6. uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görmək;
3.1.7. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabatlar hazırlamaq;
3.1.8. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair monitorinqlər aparılmasında iştirak etmək;
3.1.9. uşaq problemlərinin həlli istiqamətində təhlillər, tədqiqatlar aparmaq.
4. Uşaq hüquqlarının həyata keçirilməsinə ümumi dövlət nəzarəti və onun formaları
4.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin səmərəliliyi, nəzarətin mərkəzləşdirilməsi və nəzarətedici dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya (bundan sonra - Komissiya):
4.1.1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil edir, nəticələrini qiymətləndirir;
4.1.2. uşaqların vəziyyətinə dair müzakirələr keçirir; 
4.1.3. uşaq hüquqlarının təmin edilməsi sahəsində hazırlanmış dövlət proqramlarına, milli fəaliyyət planlarına, irihəcmli layihələrə dair rəy bildirir;
4.1.4. uşaq müəssisələrində monitorinqlər keçirir;
4.1.5. uşaq problemlərinin həlli yollarına dair tövsiyələr verir.
4.2. Uşaq hüquqlarının həyata keçirilməsinə ümumi dövlət nəzarəti aşağıdakı formalarda həyata keçirilir:
4.2.1. uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanlarının  fəaliyyətinin qiymətləndirilməsi;
4.2.2. monitorinqlərin keçirilməsi. 
5. Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi
5.1. Komissiyada təmsil olunan dövlət orqanları həmin dövlət orqanlarının Azərbaycan Respublikasının qanunları əsasında müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır və növbəti il yanvar ayının 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.
5.2. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş illik hesabatda uşaq hüquqlarının pozulmasına dair müraciətlər barədə ətraflı məlumat verilir, pozuntu halları və onların statistikası göstərilir. 
5.3. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Qaydanın 5.1-ci bəndinə uyğun olaraq, təqdim edilmiş hesabatları ümumiləşdirərək uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatın hazırlanmasını təmin edir.
5.4. Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Komissiyanın sədrinə təqdim edilir. Hesabata, həmçinin Komissiyanın keçirdiyi monitorinqlər və onların nəticələri barədə məlumat daxil edilir.
5.5. Komissiyanın iclasında uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat barədə Komissiya sədrinin məruzəsi dinlənilir.
5.6. Uşaq hüquqlarının təmin olunması vəziyyətinə dair ölkə üzrə illik hesabat Komissiyanın iclasında təhlil edilir və Komissiyanın Əsasnaməsində müəyyən edilmiş səsvermə proseduruna uyğun olaraq, həmin hesabat barədə yekun rəy qəbul edilir. Yekun rəydə həmin il üzrə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti qiymətləndirilir və növbəti ildə görülməsi zəruri hesab edilən tədbirlər nəzərdə tutulur.
5.7. Komissiya uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabata baxarkən, bu Qaydanın 6.1-ci bəndində qeyd olunmuş müəssisələrdə uşaq hüquqlarının ciddi və müntəzəm pozulması halları aşkar edilərsə, həmin müəssisələrdə növbədənkənar monitorinqlərin keçirilməsinə dair qərar qəbul edilir.
5.8. Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat və həmin hesabat barədə Komissiyanın yekun rəyi Komissiyanın sədri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
6. Monitorinqlərin keçirilmə qaydası
6.1. Monitorinqlər aşağıdakı müəssisələrdə, bu Qaydaya uyğun olaraq, Komissiyanın qərarı əsasında keçirilir:
6.1.1. uşaq evlərində və internat məktəblərdə;
6.1.2. təhsil müəssisələrində;
6.1.3. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində;
6.1.4.  yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələrində;
6.1.5. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərdə;
6.1.6. yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzlərində;
6.1.7. yetkinlik yaşına çatmayanlar üçün səhiyyə müəssisələrində.
6.2. Monitorinqlər dövri və növbədənkənar keçirilir.
6.3. Dövri monitorinqlər ildə bir dəfə keçirilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il növbəti il üzrə monitorinqlərin keçiriləcəyi müəssisə və təşkilatların siyahısını və keçirilmə rejimini baxılmaq və təsdiq olunmaq üçün Komissiyaya təqdim edir. Komissiya məsələ ilə bağlı müvafiq qərar qəbul edir.
6.4. Növbədənkənar monitorinqlər Komissiyaya bu Qaydanın 6.1-ci bəndində göstərilmiş hər hansı bir müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda və ya bu Qaydanın 5.7-ci bəndində nəzərdə tutulmuş hallarda keçirilir. Komissiyaya bu Qaydanın 6.1-ci bəndində göstərilmiş hər hansı bir müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda, Komissiyanın növbədənkənar iclası keçirilir və məlumatın etibarlılığı təsdiq edildikdə, növbədənkənar monitorinqin keçirilməsi haqqında qərar qəbul edilir.  
6.5. Hər il yanvar ayının 15-dək Komissiya həmin il üçün monitorinqlərin keçirilməsi üzrə tərkibi 10 nəfərdən çox olmamaq şərti ilə ekspertlər qrupu təşkil edir. Monitorinqlərin keçirilməsi üzrə ekspertlər qrupunun tərkibinə Komissiyada təmsil olunan dövlət orqanlarının nümayəndələri, müstəqil ekspertlər, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilirlər. 
6.6. Növbədənkənar monitorinqin keçirilməsi tarixinə üç iş günü qalmış Komissiyanın qərarının surəti, dövri monitorinqin keçirilməsi tarixinə üç iş günü qalmış Komissiyanın bu Qaydanın 6.3-cü bəndində nəzərdə tutulmuş qərarından monitorinq keçiriləcək müəssisə və ya təşkilata dair çıxarış monitorinq keçiriləcək müəssisə və ya təşkilata və onun tabe olduğu quruma göndərilir.
6.7. Monitorinqin nəticələri monitorinqlərin keçirilməsi üzrə ekspertlər qrupunun üzvləri və monitorinq keçirilmiş müəssisə və ya təşkilatın rəhbəri tərəfindən iki nüsxədə imzalanan aktla rəsmiləşdirilir. Aktın bir nüsxəsi müəssisə və ya təşkilatın rəhbərinə, digər nüsxəsi Komissiyaya təqdim edilir.
6.8. Keçirilmiş monitorinqlər nəticəsində uşaq hüquqlarının pozulması halları aşkar edildikdə Komissiya:
6.8.1. aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülməsinə dair əlaqədar dövlət orqanlarına tövsiyələr verilməsi və (və ya);
6.8.2. aşkar edilmiş hallar barədə hüquq-mühafizə orqanlarına məlumat  təqdim edilməsi barəsində qərar qəbul edir.
7. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı
7.1. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədi ilə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı fəaliyyət göstərir.
7.2. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanlarının istifadəçisi olduğu xüsusi proqramla təchiz edilmiş sistemdir.
7.3. Bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları uşaqlara dair hər bir müraciətin və müraciət üzrə aparılan icraat prosesinin müraciətin qəbul edildiyi və icraatın başlandığı gün bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş sistemdə qeyd edilməsini təmin etməyə borcludurlar.
7.4. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir.
7.5. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video