14 Avqust 2012 01:08
2366
Səhiyyə
A- A+

Ürək həkimi

 

Kardiologiya tibbin ən çətin, ağır və məsuliyyətli bir sahəsidir. Xalq arasında bu sahənin mütəxəssislərinə "ürək həkimi" deyirlər. Belə çətin sənətin yükünü ömürlük çiyinlərinə götürənlərin ilk növbədə özləri ürəkli, cəsarətli olmalıdırlar. Çünki ürəyin ağrısını duymaq üçün ən həssas, ən incə duyğulu qəlb gərəkdir. Onu sağaltmaq isə dərin bilik, peşə səriştəsi, daim öyrənmək həvəsi və hər ürəyə fərdi münasibət lazımdır.

Artıq bir neçə onillikdir ki, xəstələr əsl ürək həkiminə xas olan yüksək keyfiyyətləri tanınmış kardioloq alim, tibb elmləri doktoru, professor Adil Baxşəliyevdə dərhal tapırlar. Səbəbi isə odur ki, A.Baxşəliyev onların ürəyinin dərdini də bilir, dərdin çarəsini də! Bir həkim, tədqiqatçı alim, ən mühümü isə ziyalı kimi bu insanın xarakterini səciyyələndirən əsas xüsusiyyət möhkəm iradəsi, həssaslığı və emosional dünyasıdır. Tanınmış tibb xadiminin bütün fəaliyyəti daim axtarışda olmağa, öyrənməyə, obyektivliyə və ədalətə söykənib. O, təkcə vəzifəsini deyil, vətəndaşlıq borcunu da yüksək məsuliyyət və ciddiyyətlə yerinə yetirir. Mənəvi saflığı və əqli kamilliyi özündə birləşdirən həkim kardioloq ilk növbədə nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə saya gəlməyən pasientlərinin, onu tanıyanların böyük hörmətini qazanmışdır. Bu insanların içərisində vəzifə adamları, məmurlar, yazıçı və şairlər, dostları, yoldaşları, həmkarları da var, sadə insanlar, qaçqını-köçkünü, himayəsiz, yardıma ehtiyacı olanlar da. Heç kəs ondan "yox" kəlməsini eşitmir. Qəbuluna gələnləri ilk növbədə qayğı və diqqətlə, xoş münasibətlə qarşılayır, onları səbirlə dinləyir. Bu keyfiyyətlər isə həkimlə ünsiyyəti asanlaşdırır. Hamı onun haqqında - maraqlı şəxsiyyətdir, deyir.

A.Baxşəliyev 37 ildir ki, kardiologiya sahəsində uğurlu fəaliyyət göstərir. O, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, Azərbaycan Tibb Universitetinin "Kliniki farmakologiya" kafedrasının müdiridir. Laborant-həkimlikdən bu yüksək vəzifəyə çatanadək uzun bir yol keçib, pillə-pillə, mərhələ-mərhələ yüksəlib...

Adil Baxşəliyev 1952-ci ildə ziyalı ailəsində dövrünə görə geniş məlumatlı, el ruhunu duyan və bu ali dəyərlərə pərəstiş edən görkəmli iqtisadçı Baxşəli Baxşəliyevin ailəsində dünyaya göz açıb. Baxşəli müəllim müxtəlif illərdə rəhbər vəzifələrdə çalışıb. Ona Azərbaycanın maliyyə naziri kimi məsul vəzifə etibar edilib və 19 il bu vəzifənin öhdəsindən layiqincə gəlib. Ayıq bir müdriklik, cəsarət, səmimiyyət, dövrün ağrılı həqiqətlərini etiraf etmək bacarığına malik, haqqın, halallığın, insaniliyin tərəfdarı olan B.Baxşəliyevin evi həmişə insanların üzünə açıq olub, məsləhət və sayğı yerinə çevrilib. Bu ailədə 6 övlad böyüyüb. Onların hər biri atalarından elmə, təhsilə həvəs, səxavət, humanistlik, milli kökə bağlılıq, fədakarlıq, torpağa, xalqa məhəbbət dərsləri alıb. Anaları Sürəyya xanım isə ömrünü-gününü övladlarını layiqincə böyütməyə həsr edib. Hamısı ali təhsil alıb. Onların beşi orta məktəbi qızıl medalla, dördü isə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

A.Baxşəliyev məhz belə bir ocaqda böyüyüb formalaşıb, həyat dərsləri alıb. 1969-cu ildə o, Bakının Nərimanov rayonundakı 39 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Həkimlik sənətini seçməsi isə təkcə biliyinə arxayın olmasından irəli gəlməyib. Soya-kökə, insanlara bağlılıq, onlarla ünsiyyət qurmağı sevmək və birgə sevinməyi bacarmaq, dərdləşmək qabiliyyəti Adilə təbii ki, irsən verilib. Bu, həm də ailədə gördüyü tərbiyə və nümunədən qaynaqlanıb.

1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birinci terapiya kafedrasında böyük laborant kimi başlayıb. Növbəti iki ildə həmin institutda mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işləyib.

Həmin illərdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməyi ilə bir çox azərbaycanlı gənc SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərilirdi. Onların arasında aspirantura təhsili almaq üçün yollanan gənc həkim Adil Baxşəliyev də vardı. O, 1978-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi-Kardioloji Mərkəzdə "daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyur. 1981-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Bundan sonra Bakıya, əvvəlki iş yerinə qayıdır və yenə də birinci terapiya kafedrasında çalışmağa başlayır. Bu dəfə artıq assistent vəzifəsində.

Üç ildən sonra A.Baxşəliyev Elmi-Tədqiqat Kardiologiya İnstitutuna keçir. 1984-1985-ci illərdə bu institutda arterial hipertoniya şöbəsinin müdiri vəzifəsində işləyir. Elmin çətin, daşlı-kəsəkli yolları onu yenidən Moskvaya çəkib aparır. Beş il (1985-1990) N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda "kardiologiya" ixtisası üzrə doktoranturada olur və doktorluq dissertasiyasını müdafiə edir. O zaman 38 yaşlı perspektivli kardioloqa SSRİ-nin paytaxtı olan böyük şəhərdə bir çox nüfuzlu elmi tibb mərkəzlərində qalıb işləmək təklif olunur. Amma Adil müəllim bu təkidli təkliflərin hamısından imtina edir. Kökündən, soyundan gələn torpağa, xalqa bağlılıq hissi onu yenidən doğma Azərbaycana qaytarır. İndi buna heç də peşman deyil! Həmin dövrdə respublika təlatümlər içində qovrulurdu. Ağır günlər idi... Böhran bütün sahələrdə olduğu kimi, tibb, səhiyyə sahəsində də özünü göstərirdi. Vətənə peşəkar mütəxəssislər lazım idi.

Yüksək elmi potensiala malik tanınmış kardioloq alim 1990-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin "birinci daxili xəstəliklər" kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqədən keçir və həmin vəzifəyə təyin olunur. Növbəti, 1992-ci ildə isə kliniki farmakologiya kafedrasının müdiri seçilir.

A.Baxşəliyevə 1998-ci ildə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsi tapşırılır. O, eyni zamanda ATU-nun kliniki farmakologiya kafedrasının da müdiri olaraq qalır.

2004-cü ildə professor elmi adını alır.

Adil Baxşəliyevin elmi-pedaqoji fəaliyyəti geniş və əhatəlidir. Bu gün onun bacarıqlı tədqiqatçı, praktik həkim, nəzəriyyəçi kimi potensialının yüksək olmasını hamı etiraf edir. O, 300-dək elmi əsərin, o cümldən 3 dərsliyin, 10 metodik tövsiyənin, 11 tədris vəsaitinin, 2 ixtiranın müəllifidir. Alim "Ürək qan-damar sistemi xəstəlikləri" adlı dərslikdə bu sahədə indiyədək əldə olunan nəzəriyyə və təcrübəyə əsaslanaraq proqramlaşdırılmış şəkildə kardioloji xəstəliklər və onun ayrı-ayrı sindromları haqqında səlis dildə əhatəli məlumatlar vermişdir. Burada xəstəliklərin anlayışı, etiologiya və patogenizi, təsnifatı və klinikası, diaqnostikası, həm də rasional müalicəsi on üç fəsildə ardıcıllıqla öz əksini tapır. Bundan başqa, professor A.Baxşəliyevin "Antiaritmik vasitələr, ürək qlükozidləri" (1993), "Hipotenziv dərman maddələri" (1995, digər müəlliflərlə birlikdə), "Klinik farmakologiya" (Dərslik. 2004 və yeni nəşr, 2009), "Mədə-bağırsaq sistemi xəstəliklərinin farmakoterapiyası" (2006), "Kardiologiya" monoqrafiyası və eyniadlı dərsliyi, "Ürək-damar xəstəliklərinin diaqnozu və müalicəsi", "Praktiki kardiologiya", "Psixotrop dərmanların kliniki farmakologiyası" və s. əsərləri tibb ictimaiyyəti, professor-müəllimlər, tələbələr və gənc alimlər tərəfindən maraqla qarşılanmışdır. A.Baxşəliyevin rəhbərlik etdiyi kafedrada "Metabolik sindromun arterial hipertoniya və ÜİX (stenokardiya) zamanı rastgəlmə tezliyi, klinik gedişi və müalicəsinin optimallaşdırılması" mövzusunda ciddi elmi-tədqiqat işləri aparılır.

Bu gün A.Baxşəliyevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. O, doğma vətənini və elmini həmişə ləyaqətlə təmsil edir. Azərbaycanlı alim Almaniyanın, Yaponiyanın, Kanadanın, Çexiyanın və s. ölkələrin kardioloji cəmiyyətlərinin rəyasət heyətinin üzvüdür. Professor son illərdə Barselonada, Amsterdamda, Stokholmda, Moskvada, Antalyada, MDB dövlətlərinin bir çox şəhərlərində keçirilən elmi konfranslarda, konqreslərdə, beynəlxalq simpoziumlarda maraqlı məruzələrlə çıxışlar etmişdir. Həmin məruzələrin mətni nüfuzlu elmi jurnallarda dərc olunmuşdur. Görkəmli alim ABŞ, Finlandiya, İspaniya, Çexiya, Hollandiya, İsveç, MDB ölkələri, Türkiyə və digər yerlərdə nəşr edilmiş 130-dan çox elmi əsərin müəllifidir. Bundan başqa, o, Rusiyada çıxan "Terapevt" və "Kardioloq" jurnallarının redaksiya heyətinin üzvüdür.

Bütün illərdə A.Baxşəliyevi düşündürən ən mühüm problemlərdən biri də yüksək ixtisaslı kadr hazırlığı məsələsidir. O, yetirmələrinə hörmət və xüsusi qayğı ilə yanaşı, həm də tam ciddiyyət və böyük tələbkarlıq göstərir. Buna görə də alimin rəhbərliyi altında müdafiə olunmuş dissertasiyalar elmi-nəzəri səviyyəsi və praktiki əhəmiyyəti ilə həmişə seçilir. Elmlər namizədlərinin və doktorların yetişməsində professorun xidmətləri danılmazdır. Adil Baxşəliyevin rəhbərliyi altında indiyədək 37 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Bundan başqa, o, neçə-neçə doktorluq dissertasiyasının elmi məsləhətçisi, onların yüksək səviyyədə yazılıb ərsəyə gətirilməsinin himayədarı olmuşdur. Sənətinin vurğunu olan alim tələbələri, dissertant və aspirantları ilə işləməyi sevən peşəkar və mahir pedaqoq, tələbkar, qayğıkeş elmi rəhbər və məsləhətçi, ciddi və obyektiv opponent, təmənnasız və səmimi dost imicini qazanmışdır.

Adil Baxşəliyevin son dövrün elmi informasiyalarla zəngin olan mühazirələri maraqlı, canlı və təbiidir. O, tələbələri öz nitqinə cəlb etməyi, elmi problemlərin axarını onların maraq dairəsinə doğru istiqamətləndirməyi, dinləyiciləri şərh etdiyi xəstəliklərin ən ümdə tərəfləri ilə tanış etməyi çox gözəl bacarır. Səsindəki hərarət, fikirlərinin düzülüşündəki məntiqi ardıcıllıq, konkretliyə güclü meyil, mürəkkəb xəstəlikləri sadə və anlaşıqlı bir tərzdə pasientinə anlatmaq məharəti onun yüksək natiqlik qabiliyyəti ilə yanaşı, peşəkarlığı ilə də bağlıdır. El arasında deyirlər ki, həkim olmaq hər şeydən əvvəl müdrik olmaq deməkdir. Elə həkmlər var ki, xəstəni sözlə də müalicə edir. Professor Adil Baxşəliyev məhz belə həkimlərdəndir. O, analitik münasibət tələb olunan problemlərin həllində daha inandırıcı və haqlı görünür. Çox düşünməyə, tədqiqatlarını götür-qoy etməyə, müqayisə aparmağa meyillidir. Bu isə o deməkdir ki, belə zəka sahiblərinə hansı yönümdən, istiqamətdən baxılsa, onların simaları kimi gördükləri işləri, əməlləri də aydın və safdır. 

Görkəmli alim rəhbərlik etdiyi elm ocağı barədə danışmağı çox sevir. Onun tarixini vərəqləyir, bugünkü nailiyyətlərindən söhbət açır. İnstitut fəaliyyətə başladığı ilk gündən (1980) burada kardiologiyanın ən vacib problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır, praktik səhiyyə müəssisələri üçün kadrlar hazırlanır. Elm ocağının bugünkü nailiyyətlərində professor Adil Baxşəliyevin əməyi və rolu şəksizdir. Məhz bu zəhmətin sayəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutu respublikanın aparıcı elm və tibb müəssisələrindən birinə çevrilib. Burada uşaq və yaşlıların kardiologiyası, ürək çatışmazlığı, arterial hipertoniya, miokard infarktı, xroniki işemiya şöbələrində ürək və qan-damar xəstəliklərinin ən aktual problemləri araşdırılır.

Professor Adil Baxşəliyevin rəhbərliyi ilə institutda kardioloji xidmətin çoxşaxəli şəbəkəsi yaradılıb, poliklinikalarda kardioloji kabinetlər, təcili yardım briqadaları, rayonlararası kardiologiya mərkəzləri, telefonla təchiz edilmiş kardioloji məsləhət-diaqnostika kabinetləri, xəstəxanaların nəzdində ixtisaslaşmış şöbələr fəaliyyət göstərməyə başlayıb.

İnstitutun elmi tədqiqatları əsasən ateroskleroz, ürəyin işemiya xəstəliyi, kəskin miokard infarktı, arterial hipertoniya, ürək ritmlərinin pozulması kimi aktual xəstəliklərin öyrənilməsi, profilaktikası, diaqnostikası və müalicəsi məsələlərinə yönəldilib.

Bir sözlə, Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizin baş kardioloji müəssisəsi olaraq bu sahəyə xidmətin elmi inkişafı ilə bağlı bütün  məsələləri uğurla həll edir. Ən vacib problemlərin çözülməsi istiqamətində mühüm işlər görür.

Səriştəli, yüksək intellektli tədqiqatçı A.Baxşəliyev ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyi, elmi səviyyəsi və potensialı baxımından qiymət verən alimdir. Onun başlıca xüsusiyyətlərindən biri də öz ixtisası çərçivəsində qapanıb qalmaması, geniş elmi diapazona malik olmasıdır. Kardiologiya elminin inkişafında xüsusi xidmətləri olan Adil Baxşəliyev ürək, qan-damar xəstəliklərinin diaqnostikası və müasir müalicə metodlarının təkmilləşdirilməsi, yeni dərman preparatlarının rolunun dəqiqləşdirilməsi, respublikada ürək xəstəliklərinin yayılmasının qarşısının alınması və profilaktikası sahəsində böyük işlər görür.

Professor ürək-damar xəstəliklərinin çoxalmasının səbəbləri barədə danışarkən məlum olur ki, bu sualın kompleks yanaşma baxımından birmənalı cavabı yoxdur. Xəstəliklərin artması əsasən sosial amillərlə əlaqələndirilir. Burada xarici mühitin və ekologiyanın təsiri, orqanizmdə gedən müəyyən proseslər az rol oynamır. Sonuncu məlumatlara görə isə əsas səbəblərdən biri müstəqillik illərində artan psixo-emosional gərginliklərlə bağlıdır. İnsan orqanizmi həmin gərginliyi dərhal qəbul və həzm etməyə çətinlik çəkir:

- Bizim Moskva alimləri ilə də sıx əlaqələrimiz var. Vaxtilə mənimlə birlikdə Moskvada namizədlik və doktorluq dissertasiyası müdafiə edən alimlərin çoxu indi MDB-nin müxtəlif ölkələrində kadiologiya müəssisələrinin rəhbərləridir, yaxud bu sahənin mühüm problemləri ilə məşğul olurlar. Biz onlarla da fikir mübadiləsi aparırıq. Son illərdə ürək-damar xəstəliklərinin "cavanlaşması" hər yerdə müşahidə olunur. Rusiya Kardioloji Mərkəzinin baş direktoru, akademik Yevgeni İvanoviç də bunu əsas etibarilə psixo-emosional gərginliyin artması, ekoloji faktorlarla, gənc nəslin sabaha inamsızlığı, işsizlik problemləri və s. ilə əlaqələndirir. Qəfil ölüm hallarının 99 faizi ürək fəaliyyətinin pozulması nəticəsində baş verir. Əvvəllər belə hallardan qorunmaq üçün insanlar 50 yaşdan sonra mütəmadi olaraq həkim müayinəsindən keçməli idilər. Amma indi xəstəlik cavanlaşdığı üçün adamlar 35-40 yaşdan sonra özlərini yoxlatmalıdırlar. Kütləvi müayinələr aparılmalı, xəstələr aşkarlanmalı, gızli formada baş verən proseslər müəyyənləşdirilməli, vaxtında profilaktik tədbirlər görülməlidir. ÜST-ün açıqlamalarına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi ürək-damar xəstəliklərindən, xüsusilə insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq.

Professor Azərbaycanda kardiocərrahiyyənin vəziyyəti barədə də fikirlərini söylədi. Qeyd etdi ki, ölkəmizdə artıq güclü kardiocərrahiyyə bloku yaradılıb. Lənkəran, Naxçıvan, Siyəzəndə müasir tələblərə cavab verən diaqnostik mərkəzlər,  kardioloji dispanserlər açılıb. Orada kardiocərrahiyyə ilə bağlı əməliyyatlar yerinə yetirilir. Yaxın bir neçə ildə bu məsələnin ölkədə tam uğurlu həllini tapacağı şübhəsizdir.

Lakin professor eyni zamanda belə hesab edir ki, kardiocərrahiyyə xəstənin müalicəsində yalnız bir mərhələdir. Ürək xəstəsinin müalicəsini ilk nöqtədən sona qədər kardioterapevt aparmalıdır: "Xəstəliyin düzgün diaqnoz qoyulmaqla vaxtında müalicə edilməsi daha çox səmərə verir. Onun fəsadları üzə çıxandan sonra müalicənin effekti də gec görünür. Məsələn, miokard infarktını yaradan risk amillərini tez aşkara çıxarıb müalicə etmək sonrakı çətinlikləri bəri başdan dəf etmək deməkdir".

Həkimin sözlərinə görə, ümumiyyətlə, insan gün ərzində müxtəlif səbəblərdən əsəb gərginliyi keçirir. Bu zaman isə qanda toksiki maddələr, həyəcan hormonları artır. Bütün bunların da nəticəsində ürək-damar xəstəlikləri gizli formadan aşkar formaya keçir. Qəfil ölümə əsasən ürək aritmiyası səbəb olur. Kardioloq deyir ki, əsəb gərginliyinin getdikcə artması qəfil ölüm hallarının baş verməsinə daha çox imkan yaradır. Azərbaycan kardioloqları hazırda bütün bu problemlərin həllinə ən müasir üsullarla nail olmağa çalışırlar...

Kardioloq xəstəliklə mübarizənin gücləndirilməsi qədər insanların ondan qorunmaq üçün də müəyyən tədbirlər görməsinin çox önəmli olduğunu dedi. Bunun üçün sağlam həyat tərzi keçirməyin başlıca şərt olduğunu vurğuladı: "...Fiziki aktivliyi artırmalıyıq. Düzgün və vaxtında qidalanma, yuxu, istirahət, iş şəraiti önəmlidir...".

Professorla qısa söhbətdən sonra biz, ürəyi necə qorumalıyıq, - sualına da cavab tapdıq: "Ürəyə ürəklə yanaşmaq, ona qarşı rəhmli olmaq lazımdır. Çünki o, insan bədənində ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik ürək reaksiya verir, həddindən artıq sevinirik ürək döyünür. Fikirləşir, həyəcan keçiririk ürək bunlara dözür... Əsl kardioloq kimi yetişmək çox böyük zəhmət tələb edir. Bunun üçün həkimin özünün fundamental biliyi, müasir tibbi texnika ilə işləmək bacarığı və yüksək düşüncə qabiliyyəti olmalıdır. Azərbaycanda bu sahədə elə bir mərhələ gəlib çatıb ki, artıq kəmiyyət yox, keyfiyyət barədə fikirləşməliyik. Hər bir həkimin bacarığı, biliyi yüksək səviyyədə olmalıdır".

Məlum həqiqətdir ki, təcrübəli, istedadlı həkim öz bildiklərini həmkarları ilə bölüşəndə insanlara ikiqat kömək etmiş olur. Adil Baxşəliyev illərlə topladığı bilik və təcrübəni öz həmkarları, xüsusilə gənc həkimlərlə bölüşməyi çox sevir. O, bunu hər gün, hər saat auditoriyada, klinikada, adi söhbətdə, əməli iş zamanı da təsdiq edir. Hazırda onun rəhbərliyi ilə 10 həkim tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etməyə hazırlaşır. Üç nəfər isə doktorluq üzərində işləyir. 

Alimin iki ixtirası çalışdığı sahəyə çox fayda gətirib. Eləcə də yazdığı dəyərli əsərlər.

Professor Adil Baxşəliyev 1993-1998-ci illərdə respublika Farmakologiya Komitəsinə sədrlik etmişdir. ATU-da fəaliyyət göstərən terapiya ixtisası üzrə problem komissiyasının sədri, uzun illər Səhiyyə Nazirliyinin dördüncü baş idarəsinin məsləhətçisi olmuşdur.

Həkimlik elə bir sənətdir ki, onun sahibi daim öz üzərində işləməlidir. Həkim öyrədirsə, öyrədə-öyrədə özü də öyrənir. O, heç vaxt özünə arxayın olmamalıdır. Əslində, təbabət bir o qədər də dəqiq elm deyil. Eyni xəstəlik ayrı-ayrı insanlarda müxtəlif formada baş verir. A.Baxşəliyev özünün həkimlik, alimlik fəaliyyətində bunları bir an belə unutmur. 

Adına-sanına, şöhrətinə, titullarına baxmayaraq, tanınmış kardioloq alim səmimi insan, övladlarını sevən ata, xalqına bütün ürəyi ilə bağlı dəyərli ziyalılarımızdandır. Ömrünün 60-cı ilində işdən, axtarışdan, insanlara xidmət etməkdən yorulmur. Doğru deyir ki, təbiətdən ona gözəl aura verilib. Bax, bu da bir xoşbəxtlikdir. Çünki o, ürək həkimidir, ürəklərə yol tapır...

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video