29 Fevral 2012 01:02
383
CƏMİYYƏT
A- A+

Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması sürətlənir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il fevrlaın 10-da "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan reyestrinin tərtibi və aparılması zamanı qabaqcıl dünya təcrübəsindən istifadə olunmasının zəruriliyi qeyd edilir.

Sözügedən fərmanlardan irəli gələn vəzifələrin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsində Azərbaycanda elektron xidmətlər sahəsində və daşınmaz əmlak sektorunda həyata keçirilən ən mühüm layihələrdən biri - Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması üzrə görülən işlərlə əlaqədar təqdimat keçirilib. Tədbirdə ünvan reyestrinin mahiyyəti, Dünya Bankının daşınmaz əmlakın qeydiyyatı layihəsindəki müvafiq fəaliyyətlərin koordinasiyası, elektron xidmətlərin göstərilməsində digər dövlət informasiya sistemləri və məlumat bazaları ilə informasiya mübadiləsi  məsələləri müzakirə edilmişdir. Xatırladaq ki, layihənin əsas məqsədi ölkədə ünvan məlumatlarının vahid və dürüst bazasının yaradılması, ünvan məlumatlarının toplanılması və mütəmadi yenilənməsinin təmin edilməsi, bu sistemdən digər əlaqədar dövlət qurumlarının, bələdiyyələrin və vətəndaşların  istifadəsinə şəraitin yaradılmasıdır.

Təqdimatda tenderin qalibi olmuş Ünvan Reyestri İnformasiya Sisteminin təchizatçısı olan Koreyanın "SK C & C" Co.LTD şirkətinin nümayəndələri, qrant sazişi üzrə Norveç və Danimarka mütəxəssisləri, Sumqayıt daşınmaz əmlakın kadastrı layihəsi üzrə podratçı Türkiyə şirkətinin, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sistemini hazırlayacaq NETCAD və Saybernet şirkətlərinin ekspertləri, həmçinin ünvan reyestri ilə əlaqədar aidiyyəti dövlət orqanlarının, o cümlədən Daxili İşlər, Vergilər, Ədliyyə, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı ŞİH-in və  bir neçə bələdiyyənin nümayəndələri iştirak etmişlər.

Tədbirdə koreyalı və digər xarici ekspertlər tərəfindən layihə çərçivəsində həyata keçiriləcək işlər, ünvan reyestrinin yaradılması və aparılmasında Avropa standartları və təcrübəsi, Azərbaycanda ünvan məlumatlarının mövcud vəziyyəti ilə bağlı maraqlı təqdimatlar olmuşdur. Açıq müzakirə şəklində keçən təqdimatda bildirilmişdir ki, Azərbaycanda yaradılacaq Ünvan Reyestri İnformasiya Sisteminin beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa İttifaqının EURADIN layihəsi və INSPIRE tövsiyələrindən istifadə edilir. Yaradılacaq ünvan reyestrinin məlumatlarının dövlət və qeyri-hökumət müştərilərinə paylanılması internet xidmətlərindən istifadə etməklə sistemlərarası kommunikasiya vasitəsilə həyata keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsinin aparatında, onun regional ofislərində fəaliyyət göstərən və ünvan reyestri üçün nəzərdə tutulan bütün məlumatları, komponentləri və funksiyaları əhatə edən bu sistem komitənin İnformasiya Texnologiyaları Mərkəzi vasitəsilə idarə olunacaq və mərkəzləşdirilmiş formada texniki xidmət göstəriləcək mərkəzi məlumat bazasından istifadə ediləcək. Nəticə etibarilə bu məlumat bazası bütövlükdə Azərbaycanın bütün ünvanlarının saxlanılması üçün istifadə olunacaq. Belə ki, sistemin ümumi konsepsiyasına əsasən, Ünvan İnformasiya Sistemi mərkəzləşdirilmiş bir sistem kimi fəaliyyət göstərərək bütün istifadəçilərin ünvan məlumatı üçün nəzərdə tutulan mərkəzi serverdən istifadə imkanı yaradacaq. Bu imkan  dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə reallaşacaq. Bütün ünvan məlumatları ümumi mərkəzi məlumat bazasında saxlanılacaq və proqramlar mərkəzi serverə yüklənərək oradan idarə olunacaq.

Ünvan  reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq.

Onu da qeyd edək ki, sistem ünvan məlumatlarının istifadəçilərə çatdırılmasını, eləcə də Azərbaycanda mövcud olan digər elektron reyestrlərlə ünvan məlumatlarının elektron mübadiləsini təmin edəcək. Onun mühüm cəhətlərindən biri də Azərbaycanda mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsidir.

Məlumat üçün bildirək ki, Azərbaycanda ünvan reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan və Norveç hökumətləri arasında ünvan reyestrinin yaradılması məqsədi ilə qrant sazişi imzalanıb və bu sazişə əsasən, il yarım ərzində  Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video