13 Fevral 2021 00:29
1028
Səhiyyə
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı Şamaxıda “PROACT - Qayğı” layihəsinə başlayıb

 

Fevralın 12-də  Şamaxıda “PROACT - Qayğı” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihə COVID-19 infeksiyasının yayılması şəraitində vacib səhiyyə xidmətlərinin göstərilməsində baş verə biləcək çatışmazlıqların qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Habelə layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur. Bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və Universal Səhiyyə Əhatəsi Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir.

ÜST-ün Azərbaycandakı nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.     

Bu münasibətlə keçirilən tədbirdə layihə tərəfdaşları adından ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, Çarhan kənd tam orta məktəbin direktoru Afaq Orucova çıxış edərək layihənin Şamaxı rayonu və digər yerlərdə ilkin səhiyyənin təkmilləşdirilməsi sahəsindəki müsbət təsirindən danışıblar. Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədovun onlayn çıxışı da dinlənilib.

Tədbirdə rayonun səhiyyə sistemi ilə bağlı məlumatların daha etibarlı və əlçatan olması məqsədilə hazırlanan geopolitik sistemin təqdimatı keçirilib. Layihənin təqdimatı və müzakirələrdən sonra Hande Harmancı, Min Yuan və Caydev Singx jurnalistlərə müsahibə veriblər.         

Sonra tədbir iştirakçıları cari il  fevralın 4-dən etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzində də olublar. ÜST-ün texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT - Təlim” layihəsi çərçivəsində yaradılan mərkəz mayın 15-dək fəaliyyət göstərəcək. Burada Şamaxı və ətraf rayonlardan olan 400 nəfərədək tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a qarşı cavab tədbirləri sahəsində təlim keçiriləcək. Təlim mərkəzi daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.                   

“PROACT - Qayğı” layihəsinin tərəfdaşları daha sonra rayonun Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə gəliblər. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onların ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video