14 Aprel 2020 00:47
2095
SİYASƏT
A- A+

Uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır


Prezident İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir


Prezident İlham Əliyev bütün ekstremal hadisələr zamanı verdiyi qərarlarla ilk növbədə ölkə vətəndaşlarının yanında olduğunu daim təsdiq edib. Ayrı-ayrı bölgələrdə baş verən zəlzələlər, sel daşqınları zamanı xalqımız bunun şahidi olub.

Eyni vəziyyəti koronavirus infeksiyasının yayıldığı bu günlərdə də müşahidə etməkdəyik. Virusun Azərbaycanda qeydə alındığı gündən dövlət başçısının atdığı addımlar ilk növbədə vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlib. Buna görə də günlərdir ki, Prezidentin ünvanına Azərbaycanın hər yerindən təşəkkür məktubları gəlməkdədir.


Sizin rəhbərliyinizlə ölkəmizin inkişafı yeni müstəviyə çıxacaq


Göygöl rayonunun Üçtəpə kəndindən Əkbər Sadıqov və Mətanət Qarayeva yazırlar: "Dünyanın başı üzərini alan qara bulud - koronavirus pandemiyası Azərbaycana da təsirini göstərib. Belə bir zamanda Sizin ölkə əhalisinin sağlamlığının keşiyində durmağınız, bunu özünüz üçün ən ümdə vəzifə hesab etməyiniz vətəndaşlara böyük ümid və inam verir. Sizin təşəbbüsünüzlə ölkəmizdə COVID-19-a qarşı görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Cənab Prezident, inanırıq ki, tezliklə Azərbaycan bu bəladan qurtulacaq. Sizin rəhbərliyinizlə islahatlar davam etdiriləcək və ölkəmizin inkişafı yeni müstəviyə çıxacaqdır. Biz gənclər Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyir, gələcək işlərinizdə Sizə uğurlar arzulayırıq.”

İmişli sakini Nahid Mamedov yazır ki, dünyanı çənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. "Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Biz hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, görülən tədbirlər nəticəsində ölkəmiz bu bəladan da tezliklə xilas olacaq. Cənab Prezident, ölkəmizdə görülən bütün işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk”, - deyə o yazır.

"Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə qabaqlayıcı tədbirlər davam etdirilir”. Bunu isə Naftalan şəhərindən Əvəz Nəbizadə yazır. O, bu istiqamətdə ölkəmizdə atılan qətiyyətli addımlara, xalqımızın sağlamlığına göstərilən diqqət və qayğıya görə Qarabağ müharibəsi veteranları adından dövlət başçısına təşəkkürünü bildirir.


Hər bir azərbaycanlının prezidenti


"Dünyanı ağuşuna almış koronavirus pandemiyası ilə mübarizə məqsədilə tapşırığınızla ölkəmizdə aparılan profilaktik tədbirlər, xüsusi karantin rejiminin tətbiqi, qabaqlayıcı tədbirlərin görülməsi, ən başlıcası isə sahibkarlara, sosial qayğıya ehtiyacı olanlara, işsizlərə maddi köməyin göstərilməsi Sizin hər bir azərbaycanlının prezidenti olduğunuzu bir daha sübut etdi.” Bu fikirlər isə Yevlax rayon sakini Vaqif Əliyevin məktubunda yer alıb. "Prezident seçildiyiniz ildən başlayaraq həyatımızın bütün sahələrinə, xüsusilə səhiyyə sahəsinin əsaslı şəkildə yenidən qurulmasına yetirdiyiniz diqqət və qayğı bu xəstəliklə mübarizədə də öz təsdiqini tapmaqdadır. Koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin mütəşəkkil və operativ həlli məqsədi ilə İcbari Tibbi Sığorta Agentliyinə ayırdığınız 97 milyon manat vəsait tezliklə bu xəstəliyə qalib gəlmək üçün tibb işçilərinin imkanlarının daha da genişləndirilməsinə, xəstələrin həyatlarını xilas etməyə yönəlib”, - deyən V. Əliyev xalqımıza göstərdiyi bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlığını bildirir. Onun sözlərinə görə, Yevlax sakinləri də əmindirlər ki, İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində koronavirus kimi dəhşətli bir xəstəliyə birlikdə qalib gələcəyik və Azərbaycanın davamlı inkişafı yenidən bərqərar olacaq.

Dünyanı çənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin belə aciz qaldığını qeyd edən Gəncə sakini Günay İsmayılova bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və göstərişləri nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımların atıldığını, dövlətimizin bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və onun fəsadlarının aradan qaldırılmasına yönəltdiyini yazır: "Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, bir vətəndaş kimi xalqa göstərdiyiniz yüksək qayğınıza görə Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Sizinlə qürur duyuruq.”


"Əziz Prezidentim, biz Sizə güvənirik”


"Dünyada yayılan koronavirus xəstəliyinə görə hamı kimi mən də narahatam. Daha çox məlumat almaq üçün tez-tez televizora baxıram. Dünyada bu xəstəlikdən çox sayda insanın öldüyü, böyük çətinliklərin yarandığı bir vaxtda Siz ölkəmizdə misilsiz qabaqlayıcı tədbirlər görürsünüz. Xəstəliyin respublikamızda yayılmasının qarşısının alınması ilə bərabər, bu çətin günlərdə aztəminatlı ailələrə də böyük yardım göstərirsiniz”. Bu fikirlər İmişli rayonunun Çaxırlı kəndinin sakini Zeyqəm Quliyevanın məktubundandır. "Əziz Prezidentim, biz Sizə güvənirik, Sizinlə qürur duyuruq. İnanırıq ki, ölkəmiz Sizin sayənizdə bu sınaqdan da üzüağ çıxacaqdır. Bir şəhid anası olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun”, - deyə o yazır.

Şəki şəhərindən Tofiq Məmmədkərimov da ölkə başçısına minnətdarlığını ifadə edib. Onun məktubunda deyilir: "Koronavirusla mübarizəyə verdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Siz bu çətin zamanlarda yenə də xalqımızın yanındasınız. Vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğınıza görə Şəki əhalisi adından Sizə minnətdaram. Biz də gənclər olaraq Sizin çağırışınıza qoşulur, yaşıl, ahıl və tənha insanlara dəstək göstəririk. Mən bir Şəki gənci kimi bu sahədə fəal çalışır və xalqımıza göstərdiyiniz qayğıya görə Sizə bir daha təşəkkürümü bildirirəm. Təşəkkürlər, bütün dünya azərbaycanlılarının lideri cənab İlham Əliyevə!”


Dəyərli tövsiyə və təşəbbüslərinizi dəstəkləyirik


Zəngilan rayonundan məcburi köçkün, Qarabağ müharibəsi veteranı Kazım Mahmudov Prezident İlham Əliyevin ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində imzaladığı sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyələrini və təşəbbüslərini dəstəklədiklərini bildirərək belə yazır: "Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə ailəm adından, Qarabağ müharibəsi veteranları və onların yaxınları adından Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar xəstəliyin qarşısının alınmasına dəyərli töhfə verəcəkdir. Azərbaycan xalqı Sizə hər zaman güvənir”.

Masallının Səmidxan kəndindən Azər Mirzəyev də ölkə Prezidentinə təşəkkür məktubu ünvanlayıb. O yazır: "Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısını almaq məqsədilə atılmış operativ addımlar bizi sevindirir. Xüsusilə ölkəmizdə tibbi maska çatışmazlığının vaxtında aradan qaldırılmasına görə Masallı rayonu, M.İbayev adına Səmidxan kənd tam orta məktəbinin kollektivi adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.”


Bu günlərdə lider-xalq birliyi özünü daha qabarıq göstərəcək


Gəncədən Ruhəngiz Əliyeva da dövlət başçısına təşəkkürünü bildirib. Dünyanı çənginə alan koronavirus pandemiyasının Azərbaycandan da yan keçmədiyini bildirən Gəncə sakini yazır: "Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlətimiz bütün qüvvəsini virusun qarşısının alınmasına və onun fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Biz əminik ki, bu günlərdə lider-xalq birliyi özünü daha qabarıq şəkildə göstərəcəkdir. Lider ən kritik məqamlarda öz vətəndaşının, vətəndaş isə dövlətinin rəhbərinin yanındadır.

Cənab Prezident, görülən tədbirlərə, xalqımızın qayğısına qaldığınıza görə Sizə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik”.

"Bütün dünyanı çənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Dünya ölkələri bu epidemiyaya qarşı müxtəlif yollarla mübarizə aparmaqdadır. Sizin rəhbərliyinizlə respublikamızda pandemiyanın qarşısının alınması, onun təsirinin azaldılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Məhz Sizin tapşırığınızla dövlətin bütün imkanları epidemiyanın qarşısının alınmasına, onun fəsadlarının aradan qaldırılmasına yönəldilib”. Bu barədə məktubunda yazan Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinin sakini Qiyas Niftəliyev daha sonra bildirir ki, füzulililər Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin bu bəladan minimum itki ilə xilas olacağına əmindirlər. "Çünki Siz ən çətin məqamlarda hər zaman hər bir vətəndaşın yanında olduğunuzu atdığınız addımlarla, verdiyiniz qərarlarla sübut edirsiniz. Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətiniz vətəndaşlarımızın sağlam qalmalarına, xoşbəxt yaşamalarına xidmət edir. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulili məcburi köçkünlər hər zaman olduğu kimi, indi də Sizin yanınızdadırlar və Sizi dəstəkləyirlər. Allah Sizi və ailənizi qorusun”, - deyə o yazır.


"Biz birlikdə güclüyük!” çağırışınızla virusa qalib gələcəyik


Göyçay rayonunun ağsaqqalları Səməd Süleymanov, Xəlil Orucov, Nizami Məhərrəmov, Rauf Zeynalov və Əli Zöhrabov da Prezident İlham Əliyevə təşəkkür edərək ən xoş arzularını çatdırıblar. Onların məktubunda deyilir: "Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində apardığınız işlər bir daha sübut etdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən önəmlidir. Biz - yaşı 65-dən yuxarı olan vətəndaşlar bir daha əmin olduq ki, ölkəmizdə milli-mənəvi dəyərlər, adət-ənənələr lazımınca qorunur, böyüyə, ağsaqqala hörmət gündən-günə daha da artır. Sizin biz yaşlılara diqqətlə yanaşmağınızın nəticəsidir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq gənc nəslin nümayəndələri gündəlik qayğılarımızla maraqlanır, zəruri ərzaqla bağlı tələbatımızın ödənilməsinə kömək göstərirlər.

Əminik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində "Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Biz Sizə güvənir, şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirik.”


"Dualarımız hər zaman Sizinlədir”


"Dünyanı çənginə alan koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə Sizin təşəbbüsünüzlə qabaqlayıcı tədbirlərin görülməsi idarəetmə sistemində uğurlu siyasətinizin bariz nümunəsidir.” Bunu isə Bakının Xəzər rayonundan Rəhman Cəbiyev yazır və əlavə edir: "Azərbaycanın hər bir vətəndaşının sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi karantin rejimi müddətində sahibkarlara, aztəminatlı ailələrə və işsizlərə yardım edilməsi Sizin xalqımıza diqqət və qayğınızın bariz göstəricisidir. İnanırıq ki, tək olan Allahın köməyi ilə və Sizin uğurlu siyasətiniz sayəsində ölkəmizdə əldə olunan ümumxalq birliyi nəticəsində xalqımız bu pandemiya bəlasından tezliklə qurtulacaq.

Uca Allahdan bəşəriyyəti tezliklə bu bəladan xilas etməyi, eləcə də cənab Prezident, Siz başda olmaqla ailə üzvlərinizlə bərabər bütün Azərbaycan xalqına sağlamlıq və əmin-amanlıq diləyirəm. Daim xalqın yanında olan sevimli Prezidentim, bu çətin günlərdə atdığınız hər bir addıma görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dualarımız hər zaman Sizinlədir.”


Fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var


Dünyanın artıq əksər ölkələrində yayılmış koronavirusun öz coğrafiyasını durmadan genişləndirdiyini yazan Mingəçevir sakini Gülşən Namazova bildirir ki, virusun qarşısının alınması üçün təsirli tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə dövlət səviyyəsində bütün lazımi addımların atıldığını, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edən Gülşən Namazova daha sonra yazır: "Görülən işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalırsınız.

Əziz Prezidentimiz, qədirbilən Azərbaycan xalqı Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı başa düşür və hər zaman Sizə güvənir. Hər bir gözəl işinizə görə çox sağ olun. İndiki ağır günlərdə xalqımızı düşündüyünüzə, ona dəstək olduğunuza və onun qayğısına qaldığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyur və fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Allah Sizi qorusun!”

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video