15 Iyun 2021 01:02
8315
SİYASƏT
A- A+

Uğurlu gənclər siyasətinin banisi

 

Bu gün ölkəmiz üçün tarixi gün olan Milli Qurtuluş Günüdür. Müasir Azərbaycanın banisi, qurucusu Ümummilli Lider Heydər Əliyev xalqımızın xahişi əsasında 28 il bundan əvvəl hakimiyyətə qayıtmış, nəticədə dövlətimiz məhv olmaq təhlükəsindən xilas olmuşdur.

Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizin bir dövlət olaraq məhv olmasının, ərazilərimizin parçalanmasının qarşısı alınmış, müstəqilliyimiz təmin olunmuşdur. Olduqca çətin bir dövrdə hakimiyyətə qayıtmış Ümummilli Lider xalqın xilaskarına çevrilərək, apardığı genişmiqyaslı işlər və gərgin əməyi nəticəsində dövlətimizin süqutunun qarşısını almışdır.

Ulu Öndər hakimiyyətə gələnə qədər, iqtidarda olan AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi  və siyasi hərc-mərclik nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzbəüz idi. Xalqın ağır günündə hakimiyyətə gələn Ümummilli Lider qısa müddət ərzində apardığı siyasət nəticəsində ölkəmizin parçalanmasının qarşısını aldı, habelə qətiyyətli mövqeyi nəticəsində Ermənistanın işğalını dayandırdı.

1993-cü ilin 15 iyun tarixindən sonra Ümummilli Lider tərəfindən gəncliyimizin də inkişafı üçün yeni və uğurlu siyasi kurs müəyyən edildi. Gəncliyin cəmiyyətin gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, onun ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvə olmasını nəzərə alan Ümummilli Lider gənclərə geniş meydan verməyin tərəfdarı kimi çıxış edərək, onlara  böyük diqqət və qayğı ilə yanaşdı.

Ali Sovetin Sədri kimi Heydər Əliyev 1993-cü il sentyabrın 22-də parlamentdə  gəncliyin nümayəndələri ilə görüşüb, onlarla fikirlərini bölüşdü. Ölkədə cərəyan edən ziddiyyətli ictimai-siyasi proseslər fonunda, dövlət başçısınn gəncliyə vaxt ayıraraq, onların problemləri və qayğıları ilə maraqlanması, çətinliklərini diqqət mərkəzində saxlaması gəncliyə verilən ən böyük qiymət idi.

Ulu Öndər deyirdi: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm sabahıdır, həm də ümididir”.  Bu fikirlər Ulu Öndər Heydər Əliyevin gəncliyi ölkəmizin ümidi adlandırmaqla onlara necə yüksək qiymət verməsinin əyani təzahürüdür.

İstər Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi, istərsə də 1993-cü ildən sonrakı dövrdə gənclər siyasəti hər zaman ön planda olub.Heydər Əliyevin hələ 1970-80-ci illərdə gənclərimizi təhsil almaq məqsədilə digər ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə göndərməsi, yüksək vəzifələrə irəli çəkməsi, habelə hərb sənətinə yiyələnmək məqsədilə hərbi qulluqçuları hazırlayan Naxçıvanski adına orta hərbi məktəbin fəaliyyətə başlaması kimi uzaqgörən siyasəti Azərbaycan gəncliyini müstəqillik dövrünə hazırlamaq məqsədi daşıyırdı. Təəssüflə qeyd etməliyik ki, sonrakı dövrdə ölkədə gedən ictimai-siyasi proseslər, uğursuz siyasətçilərin yaratdıqları hərc-mərclik gəncliyimizə də mənfi təsir göstərdi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən sonra ölkəyə rəhbərliyi dövründə Azərbaycan gəncliyinin təşkilatlanması, sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edildi və 1994-cü il iyulun 26-da bu məqsədlə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Həmin il avqustun 2-də  Prezident Sarayında respublikanın ali və orta ixtisas məktəblərinə qəbulla əlaqədar keçirilən müşavirədə Ümummilli Lider gəncliyə səslənərək müstəqil dövlət olaraq özümüzün öz taleyimizin sahibi olduğumuzu bildirdi. Hər bir kəsin Azərbaycanın  gələcəyi üçün, gənc nəslin yetişməsi üçün cavabdeh olduğunu qeyd etdi.

Ümummilli Liderin göstərişi əsasında gənclər arasında əlaqələrin genişlənməsi, gəncliyin cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməsi və onlara daha çox diqqətin ayrılması məqsədilə 1996-cı ilin 2 Fevral tarixində ölkəmizdə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı Sərəncamla forumun keçirildiyi 2 Fevral Gənclər Günü elan edildi. Heydər Əliyevin gənclər siyasətində layiqli Azərbaycan gəncliyinin yetişdirilməsi, vətənpərvər ruhda tərbiyə edilməsi, sağlam formalaşdırılması, onların bilikli, fiziki cəhətdən sağlam olması aparıcı xətt təşkil edirdi. Gənc nəslin tərbiyəsində, xüsusilə milli adət və ənənələrimizdən istifadə olunmasına toxunan Ulu Öndər bu amilin saf Azərbaycan gəncliyinin yetişməsində vacib rol oynadığını bildirmişdi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti  cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Dövlət başçısının gəncləri hər zaman diqqətdə saxlaması, onların çətinliklərinin həlli istiqamətində atdığı addımlar nəticəsində müasir düşüncəli, vətənpərvər Azərbaycan gəncliyi yetişib. Mənəvi və fiziki cəhətdən sağlam, öz ölkəsinə, xalqına bağlı olan Azərbaycan gəncliyi üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən çox böyük uğurla gəlir. Əzəmətli gəncliyimizin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaət bizə tarixi Zəfəri bəxş etdi.

Azərbaycan gəncliyinin istər ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, istərsə də arxa cəbhədəki fədakarlığı nəticəsində tariximizin ən şanlı səhifəsi yazıldı və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız düşmən tapdağından birdəfəlik azad edildi.

Azərbaycan gəncliyi bundan sonra da öz Prezidentinin ətrafında sıx birləşərək, ölkəmizin daha da inkişaf etdirilməsinə dəyərli töhfələrini verəcək.

 

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video