04 Fevral 2012 02:02
251
CƏMİYYƏT
A- A+

Uğurların davamlı olması üçün bütün imkanlar, ən əsası möhkəm siyasi iradə var

 

Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi, nəzəri və praktiki yollarını müəyyənləşdirdiyi inkişaf prioritetlərinin Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 8 ildə dövrün sosial-iqtisadi tələblərinə uyğun keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi Azərbaycanın tarixində görünməmiş yüksəlişi reallığa çevirib. Artıq dövlət müstəqilliyinin 20-ci ildönümünü arxada qoyan respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz səmərəli nəticələrini göstərir.

Prezident İlham Əliyevin zamanın nəbzini tutmaqla həyata keçirdiyi düşünülmüş, sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır.  Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır.

Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. İnkişafın Azərbaycan modeli əsasında Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin nəticəsi olaraq ölkəmiz əsas məqsədlərinə çatıb. Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatımız formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da çoxalıb, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə təbii ki, həm də Azərbaycanın beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.

İnkişafın Azərbaycan modeli nədir? İnkişafın Azərbaycan modeli ölkənin kompleks və hərtərəfli inkişafı deməkdir. Yəni, biz, sadəcə, iqtisadiyyatı inkişaf etdirmirik, yaxud neft gəlirləri qarşısında özümüzü itirmirik. Azərbaycan neft gəlirlərinin verdiyi imkanlardan yararlanaraq iqtisadiyyatını inkişaf etdirir. İqtisadi inkişafa paralel olaraq insanların sosial rifahı yaxşılaşdırılır, təhsili inkişaf etdirməklə neft kapitalını "insan kapitalı"na çevirir, beləliklə, bu model insan inkişafına xidmət edir. Həmçinin iqtisadiyyatı inkişaf etdirməklə infrastruktur müasirləşdirilir, səhiyyəni inkişaf etdirməklə tibbi xidmətlərin səviyyəsi yüksəldilir, yeni idman qurğuları inşa etməklə insanların sağlam həyat tərzi təmin edilir. Respublikamız iqtisadi inteqrasiya sayəsində də özünün inkişafının təməl prinsiplərindən birini təmin edir, dünya iqtisadiyyatının vacib hissəsi kimi ona birləşir. Azərbaycan hazırda təkcə Cənubi Qafqaz bölgəsində deyil, bütövlükdə dünyada mühüm tranzit mərkəzinə çevrilməkdədir. Bu amil də Azərbaycanın inkişaf modelinin çox vacib tərkib hissələrindən sayılır. İnkişafın Azərbaycan modeli dörd mühüm komponent üzərində formalaşıb: sabitlik, resurs, insan və inteqrasiya! Bu dörd amilin uğurlu kombinasiyası Azərbaycanın milli iqtisadi inkişaf modelini daha dayanıqlı və möhkəm edir.

İnkişafın Azərbaycan modelinin mühüm xüsusiyyətləri arasında regional inkişafın sürətləndirilməsi xətti ayrıca əhəmiyyət kəsb etməkdədir. Bu mənada, 2004-cü ildən respublikamızda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da bu modelin bariz təcəssümüdür. Bunun sayəsində regionlarda iqtisadiyyatın strukturundakı qeyri-tarazlılıq tədricən aradan qaldırılır, bölgələrin iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artır, ölkə iqtisadiyyatının ümumi inkişafında regionların xüsusi çəkisi nəzərəçarpan dərəcədə yüksəlir, yüz minlərlə yeni iş yeri açılır. O cümlədən, regionların infrastrukturu təkmilləşdirilir ki, bu da öz növbəsində artan iqtisadi amil effekti yaradır, bütün şəhər və rayonların sosial siması dəyişir və beləliklə də ümumi iqtisadi fəallığa əhəmiyyətli təsir göstərmək gücünə malik olan digər amil - əhalinin sağlam, yüksək ovqatı formalaşır. Bu mənada, Azərbaycanın davamlı iqtisadi yüksəlişində regionların daim artan rolu hamı tərəfindən etiraf olunur və yeni inkişaf modelinin vacib tərkib hissəsi kimi qiymətləndirilir.

XXI əsrin ilk qlobal iqtisadi böhranı yenicə formalaşmış milli inkişaf modeli üçün sınaq testi rolunu oynadı. Qlobal böhran onilliklər ərzində sabit iqtisadi duruma malik olan, inkişaf etmiş ölkələri də silkələdi, İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya kimi ölkələrin iqtisadiyyatı de-folt səviyyəsinə yaxınlaşdı. Azərbaycanın möhkəmlənməkdə olan iqtisadiyyatı isə 2008-2010-cu illəri əhatə edən qlobal maliyyə-iqtisadi böhranının mənfi təsirlərinə də uğurla müqavimət göstərdi. 1929-1933-cü illərin iqtisadi böhranından heç də az dəhşətli olmayan bu böhran dalğası Azərbaycan iqtisadiyyatının dayanıqlığını bir daha nümayiş etdirdi. Əgər dünya ölkələri 3 faiz, MDB ölkələri 9 faiz gerilədisə, Azərbaycan 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik, 2010-cu ildə isə 5 faizlik artımına nail oldu. Artım 2011-ci ildə də davam etdi. Bir daha təsdiqləndi ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli ən dəhşətli böhrana da layiqli müqavimət göstərmək imkanındadır! Məhz buna görə Azərbaycanın hazırkı iqtisadi inkişaf yolu dünya miqyasında maraqla qarşılanır, orijinal milli iqtisadi inkişaf modeli kimi qəbul edilir.

İnkişafın Azərbaycan modelinin mühüm xüsusiyyətləri arasında regional inkişafın sürətləndirilməsi xətti ayrıca əhəmiyyət kəsb etməkdədir. Azad bazar münasibətləri şəraitində sürətli sosial-iqtisadi tərəqqisini uğurla davam etdirən Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri ən müxtəlif sahələr üzrə yaşanan inkişafın konkret dövlət proqramı təminatının hazırlanması və böyük müvəffəqiyyətlə icrasıdır. Bu mənada, 2004-cü ildən respublikamızda həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları da bu modelin bariz təcəssümüdür. Mövcud iqtisadi inkişafın mərkəz və regionlar üzrə proporsional qaydada paylanmasına xidmət edən məqsədyönlü siyasət tarix üçün o qədər böyük olmayan bir zaman kəsiyində Azərbaycanın simasını əhəmiyyətli dərəcədə dəyişdirərək onu bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib. Bu kontekstdə ölkə iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib.

Sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, həcmi ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər və bu qəbildən olan digər hallar əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev bildirib: "Son 8 il ərzində Azərbaycan dünya miqyasında heç vaxt tarixdə bu günə qədər analoqu olmayan inkişaf templərini göstərir. Bunu bütün statistik göstəricilərdə də hər kəs görə bilər. Səkkiz il ərzində ölkə iqtisadiyyatı 300 faiz, sənaye istehsalı 300 faiz artmışdır, 950 min yeni iş yeri açılmışdır, yoxsulluq 5 dəfə - 500 faiz azalmışdır, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilmişdir. Əgər biz bu göstəricilərin 30 faizinə nail olsaydıq, bunu da böyük uğur kimi qəbul edəcəydik. Ancaq əldə edilmiş uğurlar göstərir ki, biz düzgün yoldayıq".

Bu gün qarşıda dayanan ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri əldə edilmiş uğurların davamlı olmasıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamı da məhz bu məqsədə xidmət edir. Sərəncamda göstərilir ki, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Bütün bunların, yəni Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması məqsədəuyğun hesab olunub. İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik, təşkilati və əlaqələndirici səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib. Layihə 2012-ci ilin sonunadək hazırlanıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. İnkişaf Konsepsiyasının layihəsi hazırlanarkən bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədilə BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi, habelə layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlər görüləcək.

Azərbaycanın 2012-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri növbəti illərdə də kompleks yüksəlişin davamlı olacağını düşünməyə əsas verir. Xatırladaq ki, gələn il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri barədə Milli Məclisdə 2011-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat vermişdi. Konsepsiyada əsas məqsədlər kimi Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsinə hesablanmış siyasətinə uyğun olaraq azad rəqabətə əsaslanan sosialyönümlü milli iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişafın davam etdirilməsi, regionların tərəqqisi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məşğulluğun təmin edilməsi, gəlirlərin ədalətli bölünməsi, ətraf mühitin qorunması və ən başlıcası, əhalinin həyat səviyyəsinin yüksəldilməsi müəyyənləşdirilmişdir. Konsepsiyada dünya iqtisadiyyatının inkişaf perspektivləri, ölkəmizin inkişafının mövcud vəziyyəti, ortamüddətli dövrdə iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, beynəlxalq maliyyə-iqtisadi təşkilatlarının Azərbaycan iqtisadiyyatına dair proqnozları nəzərə alınıb, habelə gözlənilən əsas nəticələr əks olunub. Belə ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5,7 faiz, 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3 faiz olacağı proqnozlaşdırılır. Adambaşına düşən ümumi daxili məhsul 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı ortagəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək.

2010-cu ildə neft sektorunun ÜDM-də payı 48,5 faiz təşkil edirdisə, uğurla həyata keçirilən diversifikasiya siyasəti nəticəsində 2015-ci ildə bu göstəricinin 29,3 faizə qədər azalacağı və qeyri-neft sektorunun payının isə müvafiq olaraq 44,4 faizdən 61,3 faizə qədər artacağı proqnozlaşdırılır. Bu, ölkə iqtisadiyyatının diversifikasiyasına, qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmiş siyasətin məntiqi nəticəsidir. Bütün bunlara nail olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, özəl bölmənin inkişafı məqsədilə qanunvericilik bazasının və bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların iqtisadiyyata cəlb edilməsi və keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalının dəstəklənməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Qeyd etdiyimiz kimi, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurub. İnkişafın Azərbaycan modelinə əsaslanan sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq, respublikanın davamlı inkişafını təmin etmək üçün prioritetlər artıq bəllidir. Bunun üçün makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün  sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək. Təbii ki, inkişafın məhz bu model üzərində təmin edilməsi bütövlükdə respublikamızda insan kapitalının inkişafı, yoxsulluğun tamamilə aradan qaldırılması, sosial infrastrukturun daim yenilənməsi, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi ilə müşayiət olunacaq

Yaradılmış möhkəm təməl, düşünülmüş güclü iqtisadi siyasət nəticəsində növbəti illərin də Azərbaycan üçün uğurlu olacağı və əvvəlki dövrdə qazanılan nailiyyətlərin davamlı olacağı şübhəsizdir. İnkişafın davamlı və yüksələn xətli olmasını təmin etmək üçün Azərbaycanda bütün imkanlar, ən əsası, möhkəm siyasi iradə var.

 

Arzuman MURADLI,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video