22 Sentyabr 2021 22:14
1042
CƏMİYYƏT
A- A+

Üçüncü cəhd

 

Həsənin qəlbində həmişə Vətən, yurd, torpaq sevgisi çağlayıb. Elə bu sevgi hissi də 2016-cı ilin Aprel döyüşlərində iştirak etmək üçün onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə ərizə yazmasına səbəb olub. Lakin onu səfərbərliyə almayıblar.

2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq növbəti dəfə ərizə ilə müraciət edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatına başlayanda Həsənin arzusu nəzərə alınır. Sentyabrın 30-da o, könüllü olaraq cəbhəyə yollanır. Bu, Vətən torpaqlarının müdafiəsi üçün onun göstərdiyi üçüncü cəhdi idi.

Bir müddət Ağcabədi rayonunda təlim keçdikdən sonra Həsənin döyüş yolu Qubadlının işğaldan azad olunmasında gedən şiddətli döyüşlərdən başlanır. Bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak edərək erməni quldur birləşmələrinin tutduqları strateji mövqelərdən, zəbt etdikləri kəndlərdən qovulub çıxarılmasında böyük şücaət və rəşadət göstərib.

Həsən yaralandığı epizodu xatırlayaraq deyib: “Qubadlıya gedərkən maşında ikən düşmənlərin aramsız atəşi ilə üzləşdik. Yuvarlanaraq qarşıdakı dərəyə düşdük. Bundan sonra bizi yenidən atəşə tutdular. Güclü minomyot atəşi döyüşçüləri pərən-pərən saldı. Elə bil hansısa qüvvə məni qaldırıb yerə çırpdı. Yaralananlar olsa da, şəhid vermədik. Həmin hadisədən sonra nitqimdə qüsurlar yarandı. Qulaqlarım tutulmuşdu, heç nə eşitmirdim. Dağda başqa bir mövqeyə qalxmaq istəyərkən yenidən düşmən ordusunun atəşinə tuş gəldik. Yaxşı ki, onların atdığı top mərmiləri bizdən bir qədər aralı düşdü. Əsgərlər bir-birini qoruyaraq atəşdən yayına bildilər. Həmin vaxt təcrübəli Birinci Qarabağ müharibəsinin qaziləri də bizə çox kömək etdilər.

Döyüş yoldaşlarımdan Telman Dövlətov, Əsgər Qasımzadə və adlarını yadımdan çıxartdığım bir sıra silahdaşlarım şəhid oldular. Allah rəhmət eləsin! Gözündən, ayağından, qarın nahiyəsindən qəlpə yarası alanlar oldu”.

Şuşa azad olunandan sonra şəhərin mühafizəsində xidmət edən Həsən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

3-cü qrup əlil Həsən Yaqubov ötən ay Sumqayıtda mənzillə təmin olunub. Sumqayıt reabilitasiya müəssisəsində müalicə alsa da, psixoloji problemləri qalır, yaddaş pozulması var. Ona “YAŞAT” Fondu tərəfindən məişət avadanlıqlarının alınması üçün 2500 manat pul vəsaiti ödənilib.

“YAŞAT” Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Bu günə qədər “YAŞAT” Fondu tərəfindən 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 88-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video