18 Noyabr 2011 03:11
362
İQTİSADİYYAT
A- A+

Üç ölkədən keçən kəmər

 

BTC qarşısında bu yolu 12 il əvvəl İstanbulda imzalanmış saziş açdı

 

Öz yaradıcısının, ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri 2005-ci ilin mayından Azərbaycan neftini dünya bazarlarına nəql etməyə başlayıb. Daha sonra boru xəttinə "Şahdəniz" yatağından çıxarılan kondensat da vurulub. Bir ildən çoxdur kəmərə Türkmənistan nefti də qoşulur.

BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu il noyabrın 18-dir. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu saziş BTC-nin tikintisinə yol açan, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

Əslində, BTC-nin tikilməsi zərurəti də "Əsrin müqaviləsi"nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi.

2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".

Həmin gün Səngəçalda dünyamiqyaslı bir layihənin təməli qoyulurdu və güman etmək olardı ki, bundan sonra işlər rəvan yolla irəliləyəcək. Lakin belə olmadı. Azərbaycanın xaricində və daxilində BTC-nin bədxahları rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Ümummilli lider Heydər Əliyev isə belə çətin anlarda da inam və qətiyyətlə deyirdi: "BTC tikiləcək! BTC reallaşacaq! BTC olacaq!"

Nəhayət, BTC-nin əli hər yerdən üzülmüş əleyhdarları layihəni maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısında toplaşdılar. Bu dəfə onlar belə bir bəhanə uydurdular ki, guya BTC ətraf mühitə zərbə vuracaq. Lakin BTC-nin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində ekologiya ilə bağlı bütün məqamlar nəzərə alınmışdı.

BTC-nin maliyyələşməsi kəskin bir problem kimi ortaya çıxanda bu müşkülü də ümummilli lider Heydər Əliyevin dünyada olan böyük nüfuzu həll etdi. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" beynəlxalq konfransında iştirak edən ulu öndər maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı, məsələnin müsbət həllinə nail oldu. 2004-cü ilin fevralında Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə aid son sənədlər imzalandı. Bununla da BTC-nin maliyyələşməsi məsələsi başa çatdı.

Bu ilin iyun ayında Bakıda keçirilən XVIII Beynəlxalq neft-qaz sərgisinin açılışında çıxış edən ölkə Prezidenti İlham Əliyev demişdir: "...Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. O vaxt bizim bölgədə çox çətin geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları öz dəstəyini göstərdilər. Azərbaycan tərəfi də öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə və uğurla icra etmişdir.

Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində biz nəinki həm yeni bazara çıxa bilmişik və bu dəhlizi açmışıq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlamışdır. Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə etdik". Prezident İlham Əliyev BTC-nin ölkəyə gətirdiyi iqtisadi faydaları qeyd etməklə yanaşı, onun digər layihələrə yol açdığını da vurğulamışdır: "Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi. Yəni, biz artıq mövcud dəhliz üzərindən qaz kəmərini də çəkdik və Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu gün böyük bir amildir, regional və qitə miqyasında ciddi bir amildir".

Bütün bunlar bir daha sübut edir ki, BTC uzaqgörənliklə, düzgün seçilmiş bir layihədir. Memarı ümummilli lider Heydər Əliyev olan, təkcə XXI əsrin deyil, III minilliyin nəhəng mühəndis qurğusu kimi özünü doğruldan bu kəmərin nüfuzu getdikcə artır.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video