23 Sentyabr 2021 00:47
846
DÜNYA
A- A+

Türkiyə lideri BMT Baş Assambleyasının sessiyasında bir daha Azərbaycanın haqq işinə dəstək verdi

 

Rəcəb Tayyib ƏRDOĞAN: “Azərbaycan qanuni müdafiə haqqından istifadə edib”

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edib ki, ABŞ müttəfiqlərini müdafiə etməkdə davam edəcək, amma hərbi güc “son vasitə” olacaq. Bu barədə o, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ümumi müzakirələrdə çıxışı zamanı bildirib.

“Şübhə etməyə bilərsiniz: Birləşmiş Ştatlar hücum halında, o cümlədən terror təhlükəsindən qorunmaqda özünü, müttəfiqlərini və maraqlarını müdafiə etməyə davam edəcək”, - deyə Bayden vurğulayıb və əlavə edib: “Bu missiya dəqiq və əldə edilə bilən olmalıdır, Amerika xalqının razılığı, mümkün olduqda, müttəfiqlərlə birgə həyata keçirilməlidir. ABŞ-ın hərbi gücü bizim ilk yox, sonuncu vasitəmiz olmalıdır və bütün dünyada gördüyümüz hər bir problem üçün cavab kimi istifadə edilməməlidir”.

Bununla belə, Amerika liderinin fikrincə, hazırda bir çox böyük problemləri silah gücü ilə həll etmək olmaz: “Bombalar və güllə bəşəriyyəti COVID-19 və ya onun gələcək variantlarından müdafiə edə bilməz. Bu virusa qarşı mübarizə aparmaq üçün bizə elmin və siyasi iradənin kollektiv vəhdəti lazımdır. İndi biz peyvəndləri mümkün qədər tez almaq və bütün dünyada həyatı qorumaq məqsədilə testlərə və müalicəyə əlçatanlığı genişləndirmək üçün hərəkət etməliyik”.

Prezident Rəcəb Tayyib Ərdoğan da BMT-nin Baş Assambleyasındakı çıxışında dünya miqyasında mövcud problemlərə toxunub. O, dünya ictimaiyyətinə müraciətində deyib: “On milyonlarla insanın virusun pəncəsində olduğu bir vaxtda peyvənd milliyətçiliyinin hələ də davam etdirilməsi insanlıq üçün biabırçılıqdır. Koronavirus pandemiyası səbəbindən 4,6 milyon insan dünyasını dəyişib”. Qardaş ölkənin lideri deyib ki, Türkiyə bir tərəfdən vətəndaşlarına ən yaxşı sağlamlıq xidməti göstərərkən 159 ölkəyə və

12 beynəlxalq təşkilata tibbi yardım göndərib.

Ərdoğan Əfqanıstan məsələsinə toxunarkən ümidvar olduğunu bildirib ki, ölkədə ən qısa zamanda sülh, sabitlik və təhlükəsizlik qurulacaq və Əfqanıstan xalqı sülhə qovuşacaq. Türkiyə olaraq bu çətin günlərdə Əfqanıstan xalqına qarşı qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik.

Yüz minlərlə insanın ölümünə və milyonların ölkəni tərk etməsinə səbəb olan Suriyadakı humanitar faciənin bütün dünyanın gözü qarşısında 10-cu ilini geridə qoyduğuna diqqət çəkən Ərdoğan Türkiyənin bir tərəfdən 4 milyon suriyalıya qucaq açarkən, bölgədə qan və gözyaşı axıdan terror təşkilatlarına qarşı da mübarizə apardığını dilə gətirib.

“Beynəlxalq birlik Suriya böhranının daha 10 il davam etməsinə icazə verə bilməz”, - deyən dövlət başçısı problemə Suriya xalqının gözləntilərinə cavab verəcək şəkildə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanaraq siyasi həll yolu tapmaq üçün daha güclü iradənin ortaya qoyulmasının vacibliyini vurğulayıb.

Türkiyə lideri Kipr məsələsinin ədalətli, daimi və davamlı həllinin yalnız nəticə yönümlü və realist bir yanaşma ilə mümkün ola biləcəyini də vurğulayıb. Qafqazda sülh və sabitlik baxımından yaxın müddətdə önəmli addımlar atıldığını xatırladan Ərdoğan deyib ki, “Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarının işğalına son qoyub. Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır”.

Ərdoğan həmçinin “Biz, ilhaqını tanımadığımız Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əhəmiyyət veririk” deyə bildirib. Müsəlman uyğur türklərinin əsas hüquqlarının Çinin ərazi bütövlüyü baxımından qorunması üçün daha çox səy göstərilməli olduğuna inandıqlarını ifadə edən Ərdoğan 74 illik Kəşmir probleminin tərəflər arasında dialoq yolu ilə və BMT-nin müvafiq qətnamələri çərçivəsində həll edilməsinə tərəfdar olduğunu da söyləyib.

Müraciətində iqlim dəyişikliyi ilə əlaqədar hər fürsətdə dediyimiz “Dünya 5-dən daha böyükdür “ ifadəsini bir daha dilə gətirən Ərdoğan bildirib: “Dünyaya ən çox ziyan vuranlar, təbii sərvətləri vəhşicəsinə istismar edənlər, iqlim dəyişikliyi ilə mübarizəyə ən böyük töhfəni verməlidir”.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video