25 May 2021 14:05
1453
Təhsil
A- A+

“Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib

 

Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin ciddi əsaslara malik olduğunu qeyd edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millər, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib: “Qürur hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə xatirimizdə qalacaq”.

Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. 2018-ci ildə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “2019-2023 illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali məktəblərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramında artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Bununla yanaşı, Türkiyənin müvafiq universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramının təsis edilməsi istiqamətində danışıqlar aparılır. Dövlət Proqramının ikinci istiqaməti üzrə 80-ə yaxın gənc tədqiqatçı təhsilini inkişaf etmiş xarici dövlətlərdə davam etdirir. Onların arasında Türkiyədə təhsil alan tələbələr üstünlük təşkil edir: “Bildiyimiz kimi, Qazi Universiteti Türkiyədə tibb təhsili üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanan 50-yə yaxın Azərbaycan vətəndaşından 38-i məhz Qazi Universitetinin tibb ixtisasını seçib”.

Firudin Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.

Son bir il ərzində COVID-19 pandemiyası dünyanın bütün ölkələrində tam fərqli bir vəziyyət yaradıb. Sosial iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib. Pandemiyanın əhəmiyyətli dərəcədə təsir etdiyi sahələrdən biri də təhsildir. Yaranmış vəziyyət göstərdi ki, dəyişən dünyada təhsil transformasiyaya hazır olmalıdır. Pandemiya şəraitində tədrisin təşkili məhz informasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə mümkün olmuşdu. Mövcud vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün vacib amillərdən biri də birgə fəaliyyəti gücləndirmək, yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirməkdir: “70 minlik tələbə kontingentinə ev sahibliyi edən bir əsrlik tarixə malik Qazi Universitetinin mühəndislik sahəsindəki təcrübəsini nəzərə alaraq Azərbaycan Texniki Universiteti mövcud əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə bakalavr pilləsində maşın mühəndisliyi, metallurgiya və materiallar mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramları təsis olunması istiqamətində Qazi Universiteti ilə müqavilə imzalayıb. Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İnanıram ki, nümayəndə heyətinin səfəri çərçivəsində imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək”.

Qazi Universitetinin Rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video