02 Sentyabr 2021 16:26
779
CƏMİYYƏT
A- A+

Türk Şurasına üzv dövlətlərin KİV nümayəndələrinin Qarabağa səfəri erməni vandalizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir

 

Postmünaqişə dövründə rəsmi Bakının qarşısında duran əsas vəzifələrdən biri də Ermənistanın və ermənipərəst dairələrin ölkəmizə qarşı apardıqları ideoloji terrorun – informasiya təxribatlarının qarşısının alınması və səmərəli əks-hücumun təşkili məsələləridir.

Vətən müharibəsinin Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatması fonunda jurnalistlərin, xüsusən xarici KİV nümayəndələrinin işğaldan azad olunmuş ərazilər barədə geniş, dolğun və hərbi sirr kimi aktuallığını itirmiş bəzi məlumatları əldə etmək istəyi təbiidir. Bu baxımdan beynəlxalq auditoriyaya təsir imkanları olan xarici KİV-in, eləcə də türkdilli ölkələrin media qurumlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, onların müəyyən informasiyalara əyani çıxış imkanlarının yaradılması Ermənistanın ifşası üçün vacibdir.

Son günlər Qarabağa daha bir mühüm jurnalist missiyasının şahidi olduq. Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdilər. Bu missiyada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Hersoqovinadan olan 20-dən çox jurnalist təmsil olunub. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır. Üç günlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl və Şuşada, eləcə də müharibə vaxtı raket atəşinə tutulan Gəncədə olublar. Səfərin ilk günündə media əməkdaşları Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olub, ərazidə aşkar edilən mina və silah-sursatların bir qisminin partlatma yolu ilə zərərsizləşdirilmə prossesini izləyiblər.

Daha sonra Cəbrayıla gələn media orqanlarının nümayəndələrinə məlumat verilib ki, işğaldan öncə bu rayon tarixi abidələrin, dini məbədlərin zəngin olduğu məkan kimi, eləcə də səfalı təbiəti ilə tanınırdı. Lakin işğaldan sonra həmin mənzərədən əsər-əlamət qalmayıb, ermənilər Cəbrayıldan müdafiə xarakterli ərazi kimi istifadə ediblər.

İşğal altında saxlanılmış ərazilərdə Azərbaycanın tarixi və dini abidələrinin dağıdılması, məscidlərdə donuz saxlanılması Ermənistanın müsəlman və türk dünyasına nifrət və aqressiya ilə yanaşmasının daha bir göstəricisi olmaqla bütün müsəlman aləminə təhqirdir. Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri bunun şəxsən şahidi olublar. Onlar ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlardan birinə baş çəkib, buradakı ürəkağrıdan vəziyyəti öz gözləri ilə görüblər. Bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayan jurnalistlər gördüklərini lentə alıb, qeydlər aparıblar.

Beynəlxalq auditoriyaya çıxış imkanları olan xarici KİV-in işğaldan azad edilmiş ərazilərdən hazırladıqları yazı və süjetlər, reportajlar Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərində törətdiyi dağıntı və vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Erməni işğalından azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında vandalizm aktları ilə tanış olan makedoniyalı jurnalist deyib: “Geri qayıtdıqdan sonra həm Balkan ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün yazılar hazırlayacağam. Yazılarımda bütün bu vəhşilikləri olduğu kimi qeyd edəcəyəm. Qoy, bütün dünya bu vandalizmi görsün”.

Türkiyənin Anadolu Agentliyinin əməkdaşı Burcu Çalık Göçümlü AZƏRTAC-ın bölgə müxbiri ilə təəssüratlarını bölüşərkən deyib: “Bu yerlər erməni vandalları tərəfindən viran qoyulub, dağıdılıb. Ermənilər məzarları qazaraq meyitləri çıxarıblar, onların qızıl dişlərini götürüblər. Bu cür vəhşilik, barbarlıq edənlər insan ola bilməzlər. Ümid edirəm ki, buralar yenidən canlanacaq və azərbaycanlıların öz yurdlarında xoşbəxt yaşadıqlarının şahidi olacağıq”.

Ermənistanın işğal altında saxladığı ərazilərdə məqsədli şəkildə dağıntılar törədilməsi, mülki vətəndaşlara məxsus fərdi evləri, habelə inzibati binaları sökməklə inşaat materiallarının talanması, dini abidələrin, qəbiristanlıqların dağıdılması, yanğınlar törədilməsi və digər vandalizm aktları xarici media nümayəndələrinin diqqətini xüsusilə çəkir.

Azərbaycanın post-konflikt mərhələsində informasiya cəbhəsində əsas hədəflərindən biri də Ermənistanın işğalından azad edilmiş ərazilərdəki mina təhlükəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. İşğaldan azad edilən ərazilərimizə səfər edən Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri bu barədə də məlumatlandırılıb. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları tam sürətlə davam edir. Ötən il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşının həlak olması və 100-dən çox insanın yaralanması xarici jurnalistlərin diqqətinə çatdırılıb. Bildirilib ki, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizdən çox deyil.

“Azərbaycana Media Tur” çərçivəsində Şuşa şəhərinə səfər edən Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media nümayəndələri Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün abidələrini ziyarət ediblər. Jurnalistlər Xurşidbanu Natəvanın dağıdılmış evi və Xan sarayının qalıqları ilə də tanış olublar. Onlara bu qədim tikililərin tarixi haqqında məlumat verilib.

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə də olub, Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərinə Ermənistanın xain hücumları barədə ətraflı məlumatlar əldə ediblər. Bildirilib ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və qadağan olunmuş digər silahlarla gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlərin media qurumları Vətən müharibəsi dövründə Azərbaycana ciddi informasiya dəstəyi göstərib, qardaş Türkiyə KİV-i bu sahədə xüsusilə fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl “CNN Türk”ə verdiyi müsahibədə Türkiyə KİV-nin bu sahədəki fəaliyyətini xüsusilə yüksək dəyərləndirib.

Qloballaşan dünyada informasiya mübadiləsi, habelə müştərək media platforması strateji müttəfiq ölkələr arasında vacib əməkdaşlıq formatına çevrilib. Azərbaycan da Türk Şurası vasitəsilə bu imkanlardan istifadə etməyə çalışır. Azərbaycanla Türkiyə bütün beynəlxalq təşkilatlarda və qlobal platformalarda eyni mövqedən çıxış edir, xüsusən də informasiya təhdidlərinə qarşı səylərin gücləndirməsi fonunda türkdilli dövlətlərin bu uğurlu təcrübəsindən bəhrələnir.

Azərbaycan Prezidenti İlham Əliyev hələ “Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı”nda ölkələrimizin diaspor təşkilatlarının, habelə media qurumlarının erməni lobbisinə qarşı birgə mübarizə aparması, hücum strategiyası yürütməsinin vacibliyinə diqqət çəkərək deyib: “Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücum etməliyik, çünki, həqiqət bizim tərəfimizdədir”.

Azərbaycan və digər türkdilli dövlətlərin vahid strategiya, hədəflər əsasında qlobal media platforması yaratması, aparıcı KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi qlobal təhdidlərə qarşı birgə müqaviməti təmin edə bilər. Rəsmi Bakı xarici medianın dəstəyi ilə hücum diplomatiyasını davam etdirərək real faktlar, konkret arqumentlər əsasında Ermənistanın və onu dəstəkləyən dövlətlərin beynəlxalq miqyasda ifşasına nail olur.

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələrinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfəri də bu istiqamətdə atılan növbəti addım olaraq erməni vandalizmi barədə həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video