07:43 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türk ordusunun xilaskarlıq missiyası

ANA SƏHİFƏ / SİYASƏT
00:46 15.09.2021

 

103 il öncə, 1918-ci il sentyabın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri Bakını düşmən qüvvələrinin işğalından azad etmişlər.

Yalnız bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin mayın 28-də elan etdiyi hökumət Gəncədən Bakıya köçmüşdür.

Bu tarixi gün respublikamız müstəqillik qazandıqdan sonra hər il paytaxt Bakıda və bölgələrdə təntənə ilə qeyd edilir, Şəhidlər xiyabanı və Bakıdakı türk əsgərlərinin xatirə Memorialı ziyarət olunur.  

...1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağıldıqdan sonra  Azərbaycan müstəqilliyini elan edir. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Türkiyə olur.

Müstəqilliyini elan etdikdən sonra Xalq Cümriyyətinin paytaxt məsələsi gündəmə gəlir. Həmin dövrdə Bakı işğal altında olduğundan milli hökumət müvəqqəti Gəncədə fəaliyyət göstərirdi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Odur ki, qardaş dövlətə müraciət edilir. 

1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verir. Milli hökumətin qarşısında duran başlıca məqsəd paytaxt Bakını işğalçılardan azad etmək idi.

1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanmışdı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.

Erməni-bolşevik silahlı birləşmələrinin Azərbaycanda törətdikləri soyqırımının qarşısını almaq mqsədilə gənc demokratik respublikanın başçılarının müraciətinə əsasən, 1918-ci ildə Osmanlı Türkiyəsinin baş komandanı Ənvər Paşa tərəfindən Nuru Paşa Qafqaz İslam Ordusunun komandanı, Xəlil Paşa isə Şərq Ordular qrupunun komandanı olaraq bölgəyə göndərilir.

Gəncədən Bakıya gələn islam ordusunun ağır topçu batareyaları şəhərin ətrafında lazımi mövqelərdə yerbəyer edilir. Ordunun Bakıya doğru irəliləməsi Azərbaycanın paytaxtına göz dikən yadelli qüvvələrə, təbii ki, rahatlıq vermirdi. Axşamdan alınan əmrə əsasən, dan yeri ağaranda düşmən üzərinə hücuma keçən piyadaların özünəməxsus hayqırıqları ilə bomba və süngü döyüşü başlayır. Gərgin döyüşlərdən sonra düşmən qüvvələri geri oturdulur. İslam odusu əsgərləri düşmən cəbhəsinin mövqelərini yararaq şəhərin mərkəzinə doğru irəliləyir... Əks-hücuma keçmək istəyən işğalçıları İslam ordu birlikləri dəfələrə yerindəcə məhv edirlər. İtkilərinin sayı çoxaldıqca düşmən şəhərin mərkəzinə çəkilməyə məcbur olur.

Hücumların təşkilatçısı Xəlil Paşa “İttihad və Tərəqqidən cümhuriyyətə bitməyən savaş” adlı xatirələrində yazır: “Bakının əks istiqamətində, yəni mövqeyin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunların varlığını onlara məxsus batareyaların atəşindən anlayırdıq.... Səhər tezdən başlayan döyüşlər axşama qədər davam etdi... Və bu döyüşlərdə bəzən əlimdə mauzer özümü ön xəttə atdığım zaman da oldu... Bir gənc zabiti bədəni parçalanmış halda yanımdan keçirib apardılar... Yarısını pulemyot biçib aparmışdı...

Axşam qaranlıq düşəndə döyüşlərin dayandırılmasını əmr etdim. Səhərə qədər son hücum hazırlığı görüldü. İşıqlaşanda qəti hücuma keçib Bakını ələ keçirəcəkdik.

Revolverimi təmizlədim.., əmrbərim mauzerimi sildi, alıb yoxladım. Ön xəttə yüyürdüm, ilk hücuma keçəcək birliyin önünə getdim, birlik komandirini çağırdım:

- Bu birliyin komandirliyini öz üzərimə götürürəm... Komandanlıq qərargahı buradır. Səni əmr zabiti vəzifəsinə təyin edirəm.

Sərt bir hərbi salam verdi. Ölüncəyə qədər əmrinizdəyəm deyir kimi gözlərini gözlərimin içinə dikdi.

Sübh çağı başlayan hücumumuz yavaş-yavaş genişlənirdi ki, birlik komandanları ilə Bakının alovlar içində yanmasını seyr etməyə başladıq... Gecədən gəmilərə mindirilmiş ingilis qüvvələri əlli gəmilik eşelon, asta-asta şimala doğru uzaqlaşmaqda idilər.

İngilis birlikləri geri çəkilərkən yerdə qalan digər düşmən qüvvələr Bakıda iri bir kazarmaya dolmuşdular. Xəbər bilən kimi böyük bir cəbhə təşkil edə biləcək kazarma topçu atəşilə darmadağın edildi...

Şəhərdə silah səsləri gecə-gündüz davam edirdi. Şəhər ingilislərin nəzarəti altında olduğu zaman ermənilər və bolşeviklər yerli müsəlman əhalisinə qarşı görünməmiş qətliamlar törətmiş, qarətlər, soyğunçuluq etmişdilər. Ermənilər şəhərin hər məhəlləsində türklərdən meyit qalaqları düzəltmişdilər. Və bütün vəhşiliklərini göstərmişdilər. Körpə uşaqlar qala bürcləri olmuş, qadınlar ədəb yerlərindən süngülənmiş və yol qıraqlarına atılmışdılar... Bunlardan qeyzlənən türk əsgərləri intiqam hissi ilə coşurdular. Düşmən birlikləri və ermənilər küçə döyüşlərində yerə sərilirdi. Hərbi üstünlüyü olan işğalçı qüvvələrin dəstəyi ilə türkləri qətl etmək qabiliyyəti, bacarığı göstərən ermənilər indi onlarla eyni gücdə olan yerli əhalinin gözləri qarşısında qoyun sürüsü kimi qırılırdı.

Ordu yorğun düşmüşdü. Orduya bir günlük istirahət verdikdən sonra birliklər şəhəri tam ələ keçirdi. Bir yandan yanğınlar söndürüldü, digər tərəfdən də asayişi təmin etməyə başladıq. Nuru Paşa məndən daha əvvəl şəhərə girərək böyük bir hoteli  qərargah olaraq seçdi, mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənsevər Nuru Paşanın bu bəlkə də həyatının ən gözəl günü idi...”

Qafqaz İslam Ordusu Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirmişdi: hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, “Türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı”.

Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Soyqırımının həyata keçirilməsində bolşevik hökumətinə rəhbərlik edən Stepan Şaumyanın xüsusi rolu olmuşdu.

Tarixçi, Milli Məclisin deputatı Musa Qasımlı bildirir: “1918-ci ilin avqustunda Denstervilin komandanlıq etdiyi ingilis qoşunları Bakını zəbt etdi və şəhərdə Sentrokaspi adlı hökumət quruldu. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi anti-Azərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı”.

M.Qasımlının sözlərinə görə, Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi.

1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də - Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda gedən döyüşlər heç də asan olmamışdı. İngilis və bolşevik işğalı altında olan Bakıda döyüşlər getdiyi ərəfədə erməni silahlı qruplaşmaları tərəfindən törədilən vəhşiliklər görənlərdə heyrət doğururdu. Ənvər Paşanın da qeyd etdiyi kimi, şəhər islam ordusu əsgərlərinin əlinə keçəndən sonra küçələrdə ermənilər tərəfindən qətl edilmiş yerli türklərin meyitləri toplanır, yüzlərlə uşaq, cavan, qoca, arvad və kişi onlar üçün qazılmış qəbirlərdə əbədi uyumaq üçün torpağa tapşırılırdı.

Mənbələrin verdiyi məlumata görə, bu döyüşlərdə minə yaxın türk əsgər və zabiti, beş min Azərbaycan vətəndaşı həlak olmuşdu. Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçməsinə baxmayaraq, Qarabağ daşnakların nəzarəti altında qalmışdı. Həmin bölgəyə Qafqaz İslam Ordusunun hissələri göndərilir, Nuru Paşa isə hissələrə yerində rəhbərlik etmək üçün birbaşa Ağdama yola düşür. Onun ordusu tezliklə Şuşaya daxil olaraq şəhərin üzərində Azərbaycan bayrağını qaldırır.

Qardaş Türkiyənin hərbi dəstəyi ilə Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinə zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!” fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçürüldü.

Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Tədqiqatçıların fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar. Odur ki, Bakının xilası, onun milli şəhər simasının bərpasına, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi Zəfər idi.

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilərək paytaxt elan edilməsi, habelə erməni, ingilis və bolşevik silahlı birləşmələri üzərində qazanılan qələbə Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış, iki dövlətin dostluğunun əbədi simvoluna çevrilmişdir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM