28 Avqust 2021 00:38
344
İQTİSADİYYAT
A- A+

Turizm daha böyük məbləğdə valyuta gətirə bilər

 

Bu sahənin iqtisadiyyatın mühüm dayaqlarından birinə çevrilməsi üçün böyük potensial var

 

Bir ölkənin turizm vəziyyətinin ən yaxşı dəyərləndirilməsinin göstəricisi xaricdən gələn turistlərin sayı və bu sayın necə dəyişməsidir. Turizm potensialı olan ölkə öz infrastrukturunu, turizm mədəniyyətini nə qədər yaxşı inkişaf etdirərsə, xaricdən gələn turistlərin sayı da bir o qədər çox olar. 

Sayın artması isə o deməkdir ki, dövlət ölkəsinə daha çox turist cəlb etmək üçün vizanın sadələşdirilməsindən tutmuş turizm xidmətlərinin keyfiyyətinin artırılmasına qədər bütün tədbirləri görür. 

Sadalananlara Azərbaycanın timsalında baxsaq görərik ki, 2010-2019-cu illər ərzində ölkəmizdə turizm sahəsinin inkişafı üçün atılan addımlar sayəsində bu sektorun demək olar ki, bütün əsas statistik göstəriciləri üzrə artım müşahidə edilib. Pandemiya ili olan 2020-ci və 2021-ci illərin ötən dövrü istisna olmaqla, son illər ərzində Azərbaycanda turistlərin sayı ancaq artımla müşahidə edilib. Əgər 2010-cu ildə Azərbaycana gələn turistlərin sayı 1,2 milyon nəfər olmuşdusa, 2019-cu ildə bu say 11,3 faiz artaraq rekord həddə - 3,2 milyon nəfərə çatıb.

Ölkədə turizm infrastrukturunun yaradılması istiqamətində aparılan işlərin nəticəsində 2019-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 2010-cu ildəki 499-dan 642-yə yüksəlib.

Turizmin inkişafı ölkədə əhalinin məşğulluğunun təmininə də təsir göstərib. 2010-2019-cu illər ərzində bu sahə üzrə çalışan işçilərin sayı əhəmiyyətli dərəcədə artaraq 36899-dan 58972-yə çatıb.

Bütün bunlar ölkənin ümumi daxili məhsulunda turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin xüsusi çəkisinin artmasına səbəb olub. Belə ki, 2010-cu ildə əlavə dəyərin çəkisi 3,6 faiz olduğu halda, 2019-cu ildə 4,5 faizə yüksəlib.

Ümumi Daxili Məhsulda turizmin çəkisinin yüksəlməsi bu sahənin ölkə iqtisadiyyatına töhfəsini artırıb. Görünən odur ki, bu sahənin iqtisadiyyatın mühüm dayaqlarından birinə çevrilməsi üçün potensial böyükdür. Rəqəmlərin yalnız artıma doğru dəyişməsi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində əldə edilən nailiyyətlərin nəticəsidir. Həyata keçirilən tədbirlərin dövlət proqramları çərçivəsində icrası isə ölkənin bu sahənin inkişafına nə dərəcədə xüsusi önəm verdiyini göstərir.

Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın turizm imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. “Turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və hotel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq, - deyən Prezident İlham Əliyev hələ ötən ilin yayında Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirdiyi videokonfransda dövlətin turizm sahəsini dəstəkləyəcəyini xüsusi nəzərə çatdırıb. Ümumdünya Turizm Təşkilatı isə öz növbəsində Azərbaycanda turizmin inkişafına dövlət dəstəyinin göstərilməsini təqdir edib.

Ötən dövr ərzində Azərbaycan turizmində baş verən ən əhəmiyyətli dəyişikliklərdən biri turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması üçün görülən tədbirlərdir. Dəniz və sağlamlıq turizminin inkişafı, qış turizminin yaradılaraq turizmin mühüm bir qoluna çevrilməsi bu sektorun dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı rolunu artırıb.  2012-ci ilədək yalnız yay turizm mövsümündə ölkəyə turistlərin axını müşahidə edilirdisə, həmin ildə “Şahdağ” Turizm Mərkəzinin istifadəyə verilməsi Azərbaycanın qışda da çoxsaylı xarici turistlərin diqqətini cəlb etməsinə imkan verdi. Hazırda qış turizmi Azərbaycanda perspektivi olan turizm növlərindən sayılır. Turizmin bu növünə artan tələbatın nəticəsi olaraq, ölkədə qış turizm xidmətlərindən istifadə edənlərin sayı getdikcə çoxalır.

Son illərdə viza prosedurlarının sadələşdirilməsi üçün görülən işlər də ölkəyə turist axının güclənməsinə səbəb olub. “Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Prezident İlham Əliyevin 20 noyabr 2012-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılıb. Bu sistem bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə yaradılıb. “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına əsasən, bu sistem yaradılıb.  Viza verilməsi prosedurunun təkmilləşdirilməsi, “ASAN viza”nın tətbiqi bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, turistlərin gəlişinin asanlaşdırılmasına yönəlib ki, bütün bunlar da sonda ölkəmizə gələn qonaqların sayının xeyli artması ilə nəticələnib.

Kütləvi turizmin inkişafı ilə bağlı Azərbaycan üçün münasib olan turizm bazarlarının araşdırılması və onun nəticələrinə uyğun qərarların verilməsi də ölkəyə gələn turistlərin sayının artmasında mühüm rol oynayır. Dünyada ən çox əhali yaşayan Çinlə 2019-cu ilin 1 mart tarixində Pekində imzalanmış “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” pandemiyadan əvvəl ölkəmizə daha çox çinli turistlərin cəlbi üçün həyata keçirilən əhəmiyyətli addım idi.

Ötən dövr ərzində Azərbaycanın xarici ölkələrlə hava nəqliyyatı əlaqələrinin inkişafı, çoxsaylı turizm növləri üzrə infrastrukturun təkmilləşdirilməsi, ölkəmizin  müsbət imicinin formalaşmasına təkan verən beynəlxalq tədbirlərə evsahibliyi etməyimiz turizm potensialının təbliğinə və turist axınına müsbət təsir göstərib.  Məsələn, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından, 2016-cı ildə Bakıda ilk dəfə keçirilmiş “Formula-1” yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı.  2017-ci ildə İslam Həmrəyliyi Oyunlarından sonra müsəlman ölkələrindən gələn turistlərin sayı 3-4 dəfə çoxaldı.

Müxtəlif növ turizm məhsullarının inkişafı üçün imkanların olduğu Qarabağ regionunun turizm potesialından istifadə isə Azərbaycana gələn turistlərin sayının, eləcə də digər turizm göstəricilərinin daha da artmasına təkan verəcək.

Bütün bu tədbirlərın davam etdirilməsi Azərbaycanın mövcud turizm potensialından daha səmərəli istifadəsini və bu istiqamət üzrə göstəricilərinin maksimuma çatdırılmasını, onun dünyada turistlərin ən çox üstünlük verdikləri ilk ölkələrdən birinə çevrilməsini təmin edəcək.

Ölkəyə gələn turist axını həm də büdcəyə əlavə valyutanın daxil olması deməkdir. Əcnəbilərin Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərclədiyi və turist sayının daha da artmasının dövlət üçün əsas hədəf olduğu nəzərə alınarsa, gələcəkdə turizm ölkə iqtisadiyyatına daha böyük məbləğdə valyuta axınını təmin edə bilər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video