05 Iyun 2020 02:16
3383
İQTİSADİYYAT
A- A+

Torpağa bərəkət verən su


5 iyun tarixi ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il onlar bu tarixdə böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır.

Ölkənin əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyinin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi Ulu Öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.

Ulu Öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

Belə bir şəraitdə, 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar, ilk növbədə, meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli Lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.

Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır.

Ulu Öndərin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.

Ulu Öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişafına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, ölkədə təhlükəsizliyin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında qəbul edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və Strateji yol xəritələrinin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunu dəstəkləməsində ona olan inamının böyük rolu olmuşdur.

Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir. Bütün sahələrdə böyük uğurlara imza atılmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4,4 min kilometr uzunluğunda suvarma kanallarının, 3,0 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 194 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 190 km muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2618 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilmişdir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Keçmiş Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Dünya Bankının krediti və Azərbaycan tərəfinin payı hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 2 rayonunda (Şabran və Siyəzən) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində Şabran rayonunda təmizləmə gücü gündə 10000 kbm və Siyəzən rayonunda təmizləmə gücü gündə 8700 kbm olan çirkab su təmizləmə qurğularında bütün mexaniki və elektromexaniki avadanlıqlar quraşdırılmış və hər iki qurğuda tikinti işləri tamamlanmışdır. Layihə üzrə tikinti işləri tam başa çatdırılmış və hazırda obyektlərin "Azərsu” ASC-yə təhvil verilməsi üçün sənədləşdirmə işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsaitlər hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonu ərazisində "Şabran Aqropark” MMC-yə məxsus 1738 ha yeni suvarılan torpaq sahəsinə əlavə su verilməsi üçün 9,060 km (diametri 900-700 mm) uzunluğunda boru kəmərinin çəkilməsi üzrə işlər yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamı ilə respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 ha (ondan 871 ha yeni suvarılan torpaqlardır) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyularının qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və qazma işləri tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafq sərəncamı ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsinin 1050 ha torpaq sahəsinin suvarılması üçün 35 subartezian quyusunun 14-də qazma işləri 2018-ci ildə, 21 quyuda isə 2019-cu ildə başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli 1367 nömrəli Sərəncamı ilə Ağcabədi rayonunda 12, Goranboy rayonunda 55 ədəd qazılması nəzərdə tutulmuş quyuların layihə sənədləri hazırlanmış, bu rayonların hər birində 12 subartezian quyusunun qazılması başa çatdırılmışdır.

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Gədəbəy, Qax rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda 1798,8 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Eləcə də Ağdaş rayonu ərazisində Yuxarı Şirvan kanalının Türyançay çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun, Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası, Göyçay çayının 2122 pm məcrasının nizamlanması və 330 pm mühafizə bəndinin tikintisi üzrə işlər tamamlanmışdır.

2019-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək ASC üzərinə düşən vəzifələri yerinə yetirmiş, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 159,2 km-lik hissəsində möhkəmləndirmə işləri görülmüş və 33231,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 70,0 mln.kbm həcmində lildən təmizləmə işləri aparılmış, 17500 km suvarma, 3350 km kollektor-drenaj sistemləri təmizlənmiş, 41,1 km suvarma və 30,6 km kollektor-drenaj şəbəkələri, 5847 hidrotexniki qurğu, 5676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilmişdir.

Çay məcralarında 19,9 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 7,4 min kbm şax-daş və faşın, 3,3 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 32,7 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə ASC tərəfindən respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə ASC-nin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarlarında 14,5 mlrd. kbm həcmində su toplanmışdır. Cari ildə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. 25 may 2020-ci il tarixə taxıl bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılmış, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.

2020-ci ildə Səhmdar cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmış və 45 subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.

Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarından su götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə paylayıcı kanalların tikintisi davam etdiriləcəkdir.

Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 73 km olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 km-lik hissəsinin yenidən qurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaqdır.

Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə çatdırılması üçün iki magistral boru xəttinin tikintisi işləri davam etdiriləcəkdir.

Ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri davam etdiriləcəkdir. Belə ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış "Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2960 hektar və Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırılacaqdır.

Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaqdır. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruri təmir işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının layihə sənədlərini hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Möhtərəm Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video