06:16 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tolerantlığın Azərbaycan nümunəsi

ANA SƏHİFƏ / SİYASƏT
01:33 08.08.2021

 

Azərbaycan xalqının milli-mənəvi dəyərləri dedikdə, bizi bir-birimizə doğmalaşdıran, bütövləşdirən və mədəniyyətimizi zənginləşdirən amillər - dilimiz, dini inancımız, adət-ənənələrimiz, eyni zamanda tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərimiz nəzərdə tutulur. Xalqımız yüz illər boyu məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından üzüağ çıxıb, öz milli varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.

Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qloballaşmanın mənfi təsirlərindən qorunmasına, onların bütün dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət sayəsində ölkədə insanların etiqad azadlığı qorunur, bu azadlıqların təmin olunması üçün tam şərait yaradılır. Dini dəyərlərə, ibadət yerlərinə, din xadimlərinə xüsusi qayğı göstərilir. Dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin də özünəməxsus modeli formalaşıb.

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti məhz əsrlər ərzində formalaşmış dəyərlər üzərində bərqərardır. Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən, mədəni irsimizi ucaldan dəyərlərimizi qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu dəyərləri yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənin gələcəyi deməkdir.

 

Sağlam münasibət və dözümlü yanaşma mədəniyyəti

 

Ölkəmizin cəmiyyətdəki fərqli mədəniyyətlərə hörmət ruhuna, tolerantlıq mühitinə, dövlət və din münasibətlərinə görə bütün dünyaya nümunə olması müasir dövrümüzün reallığıdır. Azərbaycan Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, bu istiqamətdə də məqsədyönlü siyasəti, düzgün qərarları ilə mövcud nailiyyətləri möhkəmləndirərək inkişaf etdirir.

Dövlət rəhbərimizin Azərbaycandakı dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında 8 iyul 2021-ci il tarixli sərəncamı bunun daha bir sübutudur. Belə ki, sərəncama əsasən, Azərbaycan Prezidentinin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat maliyyə yardımı nəzərdə tutulub.

Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat yardım göstəriləcək. Habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşməsinə dəlalət edən bu addım tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliğinə, cəmiyyətimizin mənəvi zənginliyinə, dost və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

 

Vətən üçün müxtəlif dillərdə edilən dualar

 

Azərbaycan Prezidentinin yürütdüyü bu məqsədyönlü siyasət uzun illər müharibə şəraitində yaşamış, güclü havadarlara malik düşmənlə üz-üzə qalmış, zəngin sərvətlərinə, geostrateji mövqeyinə, ən əsası heç kimə boyun əymədən müstəqil mövqeyindən geri çəkilmədiyinə görə xarici təhdidlərə sinə gərən dövlətimiz üçün çox mühümdür. Prezident

İlham Əliyev bu siyasətlə göstərir ki, Azərbaycanda tarixən fəaliyyət göstərmiş səmavi dinlər daim qardaşcasına, ulu yaradanın buyurduğu mərhəmət çağırışları əsasında yaşayıblar. Ən ağır günlərdə çiyin-çiyinə vətənin müdafiəsi üçün birgə olublar. Öz dualarında doğma Vətən üçün Tanrıdan firavanlıq və sabitlik istəyiblər. Müstəqil Azərbaycanın son 30 ilində ölkənin üzləşdiyi böhranlı dövrdə, ağır günlərdə, müharibədə bu dini həmrəylik sarsılmaz qala kimi möhkəm olub.

44 günlük Vətən müharibəsində Azərbaycanın müsəlman, xristian, yəhudi və digər icmalarının vahid mövqeyi erməni kilsəsinin uydurduğu yalanları, saxta obrazları darmadağın etdi. Müxtəlif dinlərin bütün nümayəndələri Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etməsini dəstəklədilər. Dinindən, inancından asılı olmayaraq hər kəs Vətən savaşındakı qələbəyə ümumi qələbə kimi sevindi. Bu Zəfərdə qəlbi Azəbaycanla döyünən, dövlətçilik dəyərlərimizə hörmətlə yanaşan hər bir insanın payı var.

Bu həmrəylik, belə bir mühit Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin böyük əzmlə davam etdirdiyi dövlət və din siyasətinin mühüm uğurlarıdır. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban xanım Əliyevanın həm Qərb dünyasına aid UNESCO-nun, həm Şərq dəyərlərinə bağlı İCESCO-nun xoşməramlı səfiri ali titulunu daşımasının, bu iki titula layiq görülmüş şəxsiyyət olmasının özü də Azərbaycandakı multikulturalizm mühitinin, mədəniyyətlər arasında dialoq sahəsində əldə olunmuş nailiyyətlərin bariz nümunəsidir.

 

Alternativsiz münasibət

 

Bu gün dünyanın ayrı-ayrı ölkələrində dini dözümsüzlük, fərdlərin inanclarına görə ayrı-seçkiliyə məruz qalması cəmiyyətlər üçün ciddi problemdir. İslam inancına qarşı məqsədli kampaniyaların aparılması da bir faktdır. Müxtəlif güc mərkəzlərində İslamın qara obrazının formalaşdırılmasında maraqlı dairələr var. Belə bir dünyada Azərbaycan dövləti öz faydalı təşəbbüsləri ilə dini münasibətlərin sağlam məcrada qurulmasına çalışır. Evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən nüfuzlu din xadimlərini bir araya gətirir. Buradan bütün dünyaya sülh, bəşəriyyətin xoşbəxtliyi üçün çağırışlar ünvanlayır. Elə Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin ölkəmizdə bir araya gəlməsidir. Əsas səmavi dinlərin nümayəndələrinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu məhz Azərbaycanda baş verir. Dövlətimiz İslam abidələri ilə yanaşı, ölkəmizdə digər dinlərə aid müqəddəs məkanlara da qayğı göstərir. Tikinti-quruculuq işləri ilə onları həyata qaytarır, dəyərli irs kimi nəsillərdən-nəsillərə ötürür.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: “Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq tolerantlıq gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.

Bu, işğal altında saxladığı yurd yerlərimizdəki müqəddəs məkanlarımızı uçurub yerlə bir edən, məscidlərimizdə donuz saxlayan, qəbirləri uçurub dağıdan, üstəlik, münaqişəni dini müstəviyə yönləndirməyə çalışaraq mənəvi dəyərləri öz çirkin məqsədlərinin alətinə çevirməyə çalışan erməni vandallarından bizim ən böyük fərqimizdir. Dünya artıq bu fərqi görür, kimin kim olduğunu bilir.

 

Absurd iddialara cavab

 

Tolerantlıq qədim zamanlardan bu günədək insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti kimi formalaşmağa başlamış, zaman keçdikcə hər bir cəmiyyətdə sivil harmoniyanın təmin olunmasında həlledici amilə çevrilmişdir. Bir qayda olaraq, təkcə mənəvi deyil, həm də siyasi və hüquqi tələbat kimi özünü göstərən tolerantlıq insan hüquq və azadlıqlarının etirafı əsasında formalaşmış düşüncə sərbəstliyidir. İnsanın təbii - başlanğıc və sonradan qazanılmış hüquqlarının pozulmasına heç bir halda bəraət qazandırmır, eyni zamanda hər kəsin qanun qarşısında bərabərliyi prinsipini inkar etmir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır.

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən, bütün insanların qanun qarşısında bərabərliyini və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən, yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savad və dünyagörüş aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır. Lakin təəssüf ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına müasir dövrdə də geniş rast gəlinir.

Məsələn, üzdə, guya, sülhə dəstək verdiklərini deyən erməni “din xadimləri” öz xalqını mənasız müharibəyə sürükləməklə cəmiyyətlərini də faciəyə düçar ediblər. Ermənistanın torpaqlarımızı işğal etməsində, azərbaycanlılara qarşı Xocalı soyqırımı kimi ağlasığmaz vəhşiliklər törətməsində erməni din xadimlərinin fitnə-fəsadlarının rolu böyükdür. Onlar bunu uzun illər görmüş və çəkinmədən əməllərində reallaşdırmışlar. Erməni kilsəsi Qarabağ müharibəsinin, guya, dini zəmində olması barədə absurd iddialarını təkrarlamaqdadır. Onlara bildirilib ki, erməni kilsəsinin bu mövqeyi onun BMT səviyyəsində qəbul edilmiş qərarlara hörmətlə yanaşmamasının göstəricisidir.

Erməni kilsəsinin bu mənasız iddialarına ən yaxşı cavab isə Azərbaycan dövlətinin yaratdığı dini tolerantlıq örnəyidir. Ölkəmizdəki bütün dini icmalara həssas, qayğı dolu münasibətidir. Düşməndən təmizlənmiş torpaqlarımızda İslam dininə aid abidələrlə yanaşı, digər dinlərə aid abidələrin də bərpası layihələrinin həyata keçirilməsidir. Bütün məramlar onu göstərir ki, Azərbaycan uğurlu diplomatiyasını bu sahədə də əzmlə davam etdirir və hər sahədə üstünlüyünü qoruyur.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM