25 Avqust 2011 12:08
538
İQTİSADİYYAT
A- A+

Təzə bazarın köhnə dəllalları

 

Ramazan ayı başa çatmaqdadır. Adamlar öz evində, doğma ocağında bayram ovqatı yaratmaq, urvatlı günlər yaşamaq istəyindədir. Ona görə də dolanışığını, güzəranını məvacibinə uyğun tənzimləyən hər kəs bazara üz tutanda ilk növbədə qiymətlərlə maraqlanır. Elə biz də Bakının ticarət mərkəzlərindən birində - "Təzə bazar" adı ilə tanınan ünvanda olduq. Doğrusu, məhsulun çeşidinə, bolluğa söz ola bilməzdi. Di gəl ki, satılan məhsulların heç birinin üzərində qiymətlər göstərilmir, sanitar qaydalara ciddi əməl olunmurdu. Bayram ərəfəsində isə qiymət bazar dəllallarının insafından asılıdır.

Bu bazarın daimi müştəriləri yaxşı bilirlər ki, uzun illərdir piştaxta arxasında dayananların çoxu eyni adamlardır. Heç səslərinin avazı da dəyişməyib. Cidd-cəhdlə, haray-həşirlə müştəri soraqlayırlar: "Gəncə göyərtisi, Sabirabad qarpızı, Salyan üzümü!" Əslində, o adamların satılan məhsulun necə ərsəyə gəlməsindən xəbərləri yoxdur. Onların bir marağı var: həm qiymətdə aldatsın, həm də çəkidə! Təki istəyinə çatsın. Bazar dəllalları üçün fərqi yoxdur: qazandığı pul halaldır, ya haram... Bu, onun yaşam tərzi, gündəlik məşğuliyyətidir. O ki qaldı məhsulun əsl sahibinə, onun qazandığı heç çəkdiyi  xərcin yarısını da ödəmir.

Xaçmazlı Səfər Dadaşov deyir ki, bazarın qapısından içəri girən kimi köhnə dəllallar peyda olur. Pomidorun kiloqramını 20-25 qəpiyə alırlar. Sonra malın əsl sahibi kimi 70-80 qəpikdən satırlar. Bizim etirazlarımız daha sərt təpki ilə qarşılanır, yüz bəhanə ilə bazara buraxılmırıq.

Yenə də gizli sövdələşmə - bundan çoxları xeyir görür, məhsulun əsl sahibindən savayı...

Bu bazarın adı "təzə" olsa da, satış ənənələri "nuh" əyyamından qalıb. Yenə də yumurtanın qiyməti 25-30 faiz artıb. Səbəbini soruşanda satıcı qadın atmacasından qalmadı: - toyuqlar bizdən küsüb, - dedi. Amma cidd-cəhdlə öyrəndik ki, ölkənin quşçuluq sənayesi öz gücü ilə işləyir, yumurta tələbatının 90 faizi yerli istehsal hesabına ödənilir. Hər il Azərbaycanda 1 milyard ədəd yumurta yeyilir ki, bu da istehsaldan xeyli azdır. Statistika Komitəsinin verdiyi məlumatda deyilir ki, təkcə bu ilin yanvar ayında yumurta istehsalı 5,9 faiz çoxalıb. Deməli, günahı istehsalda axtaranlar yanılır. Yenə də günah süni qıtlıq yaratmaq istəyində olan işbazların - topdansatış məntəqələrini öz inhisarında saxlayan vasitəçilərin üzərində qalır. Hələ bu ilin mart ayında ölkə başçısı Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş müşavirədə demişdir: "Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir. Demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı. İndi yumurta 20 qəpikdən artıqdır. Kim bunu edir? Araşdırdıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır". Doğrudan da, faktlar sübut edir ki, yumurta satışında qiymətlərin kəskin şəkildə artırılması bəzi işbazların daha çox qazanmaq istəyindən, gizli sövdələşməsindən asılıdır. Azərbaycan Prezidentinin məsələyə vaxtında müdaxiləsi vəziyyəti dəyişdi, yumurta satışında qiymətlər dərhal aşağı düşdü.

Axı qiymətlərin düzgün tənzimlənməsinə nəzarət etməli dövlət qurumları da az deyil. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirməklə nəticəni müzakirə edə bilər və ya təsərrüfat subyektlərini gizli sövdələşmədən çəkindirər. Haqlı olaraq bunu dövlət başçısı kartel sövdələşməsi adlandırmışdır. Belə açıq və ya gizli sövdələşmələr davam etdikcə bazarlarda, eləcə də digər topdansatış mərkəzlərində qiymət sıçrayışı bizi daha da təəccübləndirəcək. Ona görə də hər bir vətəndaş ayıqlıqla, çevikliklə ictimai nəzarətin güclənməsində dövlət qurumlarına yardımçı olmalıdır. Bəzən satışdan çıxarılan keyfiyyətsiz məhsullar bir qədər ucuz qiymətə alıcıya təklif olunur. Belə hallarda alıcı imkansızlıqdan dəyərdən düşən mallara meyil edir. Amma bütün bunlar - sağlamlığa zərbə vuran qidalar adamları təhlükə ilə üz-üzə qoyur, bəzi hallarda isə ölümlə nəticələnir.

Təzə bazarda ilk müşahidələrimiz bir daha sübut etdi ki, burada satılan malların çoxu alıcıları sanitar təhlükə ilə üz-üzə qoyur. Bəzən mənşəyi bəlli olmayan ət məhsullarının nisbətən ucuz qiymətə satışa çıxarılması da ciddi təşviş doğurur. Mal ətini 4 manat 50 qəpiyə, qoyun ətini 5 manata təklif etsələr də, keyfiyyətsiz məhsula alıcı tapa bilmirlər. Vəziyyət o həddə gəlib çatıb ki, həmin ət məhsullarını bazarın sahibsiz pişikləri də bəyənib yemir...

Daha bir təhlükə isə ölkə daxilindən yox, xaricdən gəlir. Geni dəyişdirilən meyvə-tərəvəz məhsullarının satışa çıxarılması da ciddi narahatlıq doğurur. Belə məhsulların zahiri görüntüsü alıcını cəlb etsə də, tərkibi zərərli və zəhərli maddələrlə boldur. Həmin məhsullarla qidalanmaq ciddi fəsadlar, insan orqanizmi üçün real təhlükə yaradır. Meyvə-tərəvəz məhsullarının satışı, saxlanılması, daşınması zamanı sanitar qaydaların, tələblərin pozulması Təzə bazarda adi hala çevrilib. O ki qaldı laboratoriya müayinələrinə və ya məhsulun qoruyucu örtüklə bağlanmasına - belə tələblər çoxdan unudulub...

Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, bu ilin 6 ayı ərzində paytaxtda sanitar şərtlərə əməl etməyən 112 obyektin istismarı dayandırılıb, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Onu da qeyd edək ki, zərərli qida məhsullarının satışına görə əhali arasında zəhərlənmə halları çoxalıb. Yenə də konkret bir fakt: ilin 6 ayı ərzində Bakıda 258 dəfə qida zəhərlənməsi qeydə alınıb, nəticədə 325 nəfər az və ya çox dərəcədə ziyan çəkib. Əlbəttə, bütün bunlar vətəndaşların üzləşdiyi real təhlükədir. Bəs qida məhsullarının keyfiyyətinə, satışına, qiymətlərin düzgün tənzimlənməsinə nəzarət mexanizmi yaratmaq olarmı? Apardığımız sorğu sübut edir ki, işlək qanun mexanizmi, eləcə də güclü ictimai nəzarət yaratmaqla vəziyyəti dəyişmək olar.

Allahverdi QULİYEV (Sabirabad): - Beş gündür ki, bazardayam. Sabirabaddan qarpız gətirmişəm. Amma istədiyim qiymətə sata bilmirəm. Ona görə ki, izafi xərclər çoxdur. Biri nəzarətçidir, biri sanitar-həkim, o biri tərəzi satan... Vallah, sayları çoxdur. Ona görə də kiloqramı 7 qəpiyə başa gələn məhsulu 15-20 qəpiyə satmalı oluruq.

Deməli, məhsulun əsl sahibi - əkinçi o qədər də qazanmır. Əksinə, əkib-becərənin halallıqla satmaq istəyi də kənar müdaxilələrə tuş gəlir. Bu ciddi məsələ bir bazarın və ya topdansatış mərkəzinin problemi deyil. Gərək inhisar zənciri bütün həlqələrdən eyni cəsarətlə qoparılsın, meyvə-tərəvəz bazarları,  digər satış mərkəzləri məhsulun əsl sahibinin - əkinçinin üzünə taybatay açıq olsun.

 

Bəşir ŞƏRİFLİ,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video