27 Noyabr 2019 01:42
1299
Fərmanlar
A- A+

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. həmin Qanunun 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (birinci halda), 7.14-cü (ikinci halda), 9.1-ci, 13.5-ci (ikinci halda), 13.9-cu, 13.10-cu (ikinci halda), 13.12-ci, 14.9-cu, 15.1-ci, 16.1-ci maddələrində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş orqanlar (qurumlar) müəyyən edildikdən sonra üç ay müddətində:

1.4.1. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrinə uyğun olaraq, texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi qaydalarının layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4.2. həmin Qanunun 13.5-ci maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin formasını, hazırlanması və təqdim edilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.3. həmin Qanunun 13.10-cu maddəsinə uyğun olaraq, uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.4. həmin Qanunun 13.11-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.5. həmin Qanunun 13.14-cü maddəsinə uyğun olaraq, uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.6. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, istehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4.7. həmin Qanunun 16.3-cü maddəsinə uyğun olaraq, Məlumat mərkəzinin yaradılması və fəaliyyət qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. beynəlxalq təcrübə nəzərə alınmaqla, texniki tənzimləmənin tətbiq edilə bilinməyəcəyi sahələri (halları) müəyyənləşdirəcəyi təqdirdə bununla bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci (hər iki halda), 7.12-ci, 7.14-cü (hər iki halda), 9.1-ci, 10.1-ci (hər iki halda), 10.3-cü, 12.3-cü, 13.5-ci (hər iki halda), 13.9-cu, 13.10-cu (hər iki halda), 13.11-ci, 13.12-ci, 13.14-cü, 14.9-cu, 15.1-ci, 15.2-ci, 16.1-ci, 16.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7.12-ci və 10.3-cü maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7.1-ci, 7.11-ci (ikinci halda), 7.14-cü (birinci halda), 10.1-ci (hər iki halda), 12.3-cü, 13.5-ci (birinci halda), 13.10-cu (birinci halda), 13.11-ci, 13.14-cü, 15.2-ci, 16.3-cü maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video