05 Sentyabr 2021 01:09
952
Mədəniyyət
A- A+

Təriflərə sığmayan gözəl Şuşa

 

Bu yaşımacan  iki dəfə Şuşaya getmək istəyim olub.  1973-cü ildə kənddə müəllim işləyirdim, mənə rayon maarif şöbəsinin həmkarlar ittifaqından putyovka verdilər ki, get, yay istirahətini Şuşada keçir. Amma gedə bilmədim, xəstələndim. 1984-cü ildə “Azərbaycan” jurnalı “Qarabağ səhifəsi” hazırlayırdı, mən də jurnalın əməkdaşı kimi o dəstədə idim, Füzulidə, Ağdamda oldum. Çox kəndləri gəzdim, əmək adamları ilə görüşdüm, hər iki rayonun ədəbi-mədəni həyatı ilə tanış oldum, amma yenə Şuşaya gedə bilmədim, təcili Bakıya çağırdılar.

Əslində, Şuşaya getməsəm də, Azərbaycanın təriflərə sığmayan bu gözəl məkanında olmasam da, Şuşa mənim qəlbimdə idi. “Qarabağnamələr”i oxumuşdum, bədii və sənədli əsərlərdə Şuşa və şuşalıların obrazları ilə tanış olmuşdum, onun qədim abidələri, Vaqifin, Natəvanın gəzdiyi yerləri xəyalən gəzmişdim. Bu Musiqi konservatoriyasının tarixinə bələd idim: başda Üzeyir bəy olmaqla Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Segah İslam, Zülfü Adıgözəlov, Bülbül, Qurban Pirimiov, Seyid Şuşinski, Xan Şuşinski kimi ölməz musiqi dühalarının yaradıcılığına bələd idim. Ədəbi yaddaşıma həkk olunan “Məclisi-üns” və “Məclisi-fəramuşan” şairlər məclisi üzvlərinin yaradıcılığını izləmişdim. Və belə bir qənaətə gəlmişdim ki, Şuşa şeir-sənət məkanı  kimi nəinki Azərbaycanın, nəinki Şərqin, hətta dünya mədəniyyətinin bənzərsiz bir parçasıdır.

Amma oxumaq, məlumat əldə etmək, bilgilənmək başqa, Şuşanı görmək, romantik duyğularını reallığa çevirmək başqa. Nəhayət, mənə də qismət oldu ki, Vaqif Poeziya Günlərində iştirak edim. Amma 29-u və 31-i günlərində Şuşada keçirdiyim o gözəl anlar, hətta dəqiqələr haqqında təəssüratlarımı dolğunluğu ilə ifadə etmək çətindir. Şuşa, əgər belə demək mümkünsə, qənirsiz bir gözələ bənzəyir. Necə ki, klassik poeziyada və aşıq şeirində gözəlin tərifi bitmir-tükənmir, Şuşa gözəli də elə.

Mənim doğulduğum Masallı rayonunun Ərkivan kəndində adı Vaqif qoyulan ilk adamlardan biriyəm. Səməd Vurğunun “Vaqif” pyesinin təsiri, şöhrəti o dərəcəyə çatmışdı ki, Azərbaycanın bütün kəndləri və şəhərlərində yeni doğulan oğlan uşaqlarına Vaqif adını qoyurdular.

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının ən parlaq simalarıfndan biridir. Onun poeziyası təkcə bir şairin mənəvi aləmini deyil, həm də estetik fikrimizin güzgüsüdür. Şuşa deyəndə, onun tarixini izləyəndə yada düşən ilk şəxslərdən biri Vaqifdir. Şair-diplomat, ictimai xadim Vaqif... Onun şərəfinə ucaldılan məqbərə həm də Azərbaycan poeziyasının şərəfinə ucaldılan bir abidədir. Ulu Öndər Heydər Əliyevin 1982-ci ilin 14 yanvarında, o soyuq qış günündə Şuşada Vaqifin şərəfinə keçirdiyi o  təntənəli mərasim Vaqif Poeziya Günlərinin stimuluna çevrildi. Şuşa öz ədəbi ənənələrinin yeni bir dövrünə qədəm qoydu. Amma tarix boyu bizə düşmənçilik edən erməni vandalları Şuşanı da, Vaqifin məqbərəsini də dağıtdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışında dedi ki, Şuşa heç bir vaxt əyilmədi, sınmadı, daim öz qürurunu saxladı. Hörmətli Prezidentin təmirdən sonra Vaqif məqbərəsi önündəki çıxışı Şuşaya və oraya toplaşan Azərbaycan ziyalılarına bir qətiyyət, bir əminlik çağırışı idi. Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanımın Şuşa ilə bağlı gördüyü işlər isə göz qabağında idi. Şuşa öz tarixinin, əgər belə demək mümkünsə, pleyada mərhəsinə qədəm qoyur. Doğrudur, hələ görülməli çox işlər var, Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə heç bir şübhə yox... Amma Şuşa elə bu görkəmdə də cazibəlidir.

Biz incəsənət adamları böyük bir heyranlıqla Şüşanın əlçatmaz qayalarını (Azərbaycan igidlərinin o qayaları aşıb düşmənlərə qan uddurduqlarını unutmuruq, Şuşada həlak olan şəhidlərimizi də, qazilərimizi də unutmuruq), tarixi abidələrini (onların bərpa edilib öz əvvəlki görkəmlərinə  çox tezliklə qayıdacaqlarına da inanırıq), muzeylərini, təzə tikililərini (“Qarabağ” hotelini və s.), Cıdır düzünü, Üzeyir bəyin, Natəvanın, Bülbülün heykəllərini, bir sözlə, tarixi və real, təbii Şuşa  mənzərələrini qarış-qarış gəzdik. Şuşa mənim içimdəki, ruhumdakı Şuşa ilə qovuşdu.

Mən Şuşanın axşamlarını da seyr etdim. Xan əminin oxuduğu mahnını xatırladım: “Şuşada axşamlar yanar ulduzlar”... Bir də Məmməd Arazın “Şuşada bir gecə” şeirini:…

 

Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çilçıraq şəhər.

Dağlar öz ovcunda  yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu.

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü

Bir Şuşa bürcü, tamaşa bürcü.

 

Vaqif Poeziya Günlərində müasir Azərbaycan ədəbiyyatının şanlı qələbəmizlə, şəhidlərimizin və qazilərimizin igidliyi, Qarabağımızın və Şuşamızın tərənnümü ilə bağlı şeirlərini də dinlədik. Və hiss etdik ki, müasir Azərbaycan poeziyası işğal  dövründəki təbii sıxıntılardan, pessimizmdən xilas olur, indi qələbədən doğan sevinci, yüksək əhvali-ruhiyyəni, nikbinliyi öz sinirinə çəkir.

Bakıdan Şuşaya yol alanda və Şuşadan Bakıya geri qayıdanda mənim ürəyimi sıxan vaxtilə işğal olunmuş ərazilərdə və elə Şuşanın özündə dağıdılmış, xarabalığa çevrilmiş evlər oldu. Bəlkə bir il sonra Şuşaya növbəti dəfə gələrəmsə, başqa, ürəkaçan bir mənzərə ilə rastlaşacağıma heç bir şübhəm yox...

 

Vaqif  YUSİFLİ,

filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video