18 Sentyabr 2021 00:27
1258
İDMAN
A- A+

Təkcə qol çatmadı

 

“Qarabağ” UEFA Konfrans Liqasına heç-heçə ilə başladı

 

“Qarabağ”-“Bazel” qarşılaşmasına maraq həddindən artıq böyük idi. UEFA Konfrans Liqasında H qrupu çərçivəsində keçirilən  “Kayrat”-“Omoniya” oyununun qolsuz başa çatması matça marağı daha da artırmışdı.

Oyun gərgin mübarizə şəraitində keçdi. Qarşılaşmanın ilk 10 dəqiqəsində tərəflər topu özündə daha çox saxlamaqla bir-birilərinin zəif nöqtələrini araşdırmaqla məşğul oldular. Düzdür, ilk dəqiqələrdə qonaqlar daha çox fəal olsalar da, vaxt ötdükcə komandamız üstünlüyü ələ almağa başladı. Hiss edilirdi ki, Qurban Qurbanovun oyun planı işləyir.

Futbolda taktika, oyun planı və s. vacib məsələlərdəndir. Ancaq əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq istəyi komandaları qarşılaşmaya daha fərqli motivasiya edir.

“Qarabağ”-”Bazel” matçında məhz bunun şahidi olduq. Ağdam klubu meydançanın “Bazel”ə aid hissəsində tətbiq etdikləri pressinqlə qonaqların oyun qurmasına imkan vermədi. Qısa ötürmələrlə oyunu meydançanın rəqibə aid olan hissəsinə keçirən ağdamlılar itirilən hər topdan sonra İsveçrə təmsilçisinə boş zona buraxmırdılar. Onu da əlavə edək ki, müdafiənin mərkəzində daha sayıq görünən İsveçrə klubu cinahlarda heç də fəal deyildi. Çünki sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırdılar. Bu səbəbdən, yəni hücumdan müdafiəyə çəkilərkən say baxımından geri qalan “Bazel” matçın son 30 dəqiqəsində qapısı qarşısında təhlükəli epizodlar yaşamalı olurdu.

Xüsusilə cinah ötürmələrinə üstünlük verən komandamız ikili mübarizələrdə də İsveçrə klubundan güclü idi. Qapıya uzaqdan vurulan zərbələrdən sonra geri qayıdan topların hamısına “Qarabağ” yiyələndi. Bir sözlə, “Qarabağ” meydançanın bütün zonalarında sona qədər mübarizə aparırdı. Amma yaradılan bütün imkanlara baxmayaraq, qol vurulmaması Qurban Qurbanovun komandasına mükəmməl oyununu qələbə ilə tamamlamağa imkan vermədi.

Qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının çıxışını belə dəyərləndirdi: “Çatışmayan bir qol idi. Çox sürətli və dinamik komandaya qarşı oynadıq. İlk hissənin 10 dəqiqəsi düşündüyümüz kimi alınmadı. Oyunun gedişində bəzi dəyişikliklər etdik və rəqibə istədiyi kimi oynamağa fürsət vermədik”. Baş məşqçi daha sonra bildirdi: “Qarşıdakı görüşlərdə buna nail olacağımıza inanıram. Futbolçularda yorğunluq hiss etmədim və bu səbəbdən iki dəyişikliklə kifayətləndim. Düşünürəm ki, oyunçular sonadək tempi saxlaya bildilər. Bu, məni qane edirdi. Oyunçular bir-birilərini yaxşı anlayırdılar. Onların 90 dəqiqə oynamağa gücləri çatdı. Futbolçulardan razı qaldım. Belə oyunlarda qol vurmaq üçün həddindən artıq istəkli oluruq. Bəzən qapıçının yaxşı oyunu buna mane olur”.

Q.Qurbanov “Növbəti dəfə hücumçu transferi etmək istəyirsinizmi” sualına isə belə cavab verdi: “Bu, mənə ən çox verilən sualdır. Rəqib “Neftçi” ilə oyuna baxıb və İbrahima Vadjiyə qarşı xüsusi diqqət ayırdı. Komandamda hücumçulardan başqa digər oyunçular bombardir olsa, buna təəccüblənmərəm. Hazırda transfer dönəmi bitib. Ən azı yanvaradək gözləyəcəyik. Bu gün komandamdakı hər futbolçudan razıyam”.

Təcrübəli baş məşqçi qrupdan çıxmaq şansları barədə bunları diqqətə çatdırdı: “Hər turnirdə maksimum nəticə əldə etmək niyyətindəyik. Son 4-5 ildə futbol elə səviyyəyə çatıb ki, istənilən komanda düşünmədiyimiz nəticəni əldə edir. Hər komanda bizə qarşı ciddi hazırlaşır. Qrupdakı rəqiblər arasında böyük fərqin olduğunu deyə bilmərik. Mən və futbolçular qarşımıza məqsəd qoymuşuq. Sonadək mübarizə aparıb ən yaxşı nəticəni qazanmağa çalışacağıq”.

Baş məşqçi görüşün sonlarında fərqlənə bilməyən Ramil Şeydayev haqqında da danışdı: “Çox əziyyət çəkən və işgüzar futbolçudur. Qol ona daha da inam gətirə bilərdi. Siz necə təəssüfləndinizsə, mən də o hissləri keçirdim. Ona inanıram. Mənim üçün futbolçunun olduğu kluba hörmət etməsi və işgüzar olması önəmlidir. Ramil də həmin oyunçulardandır”.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video