15 Iyun 2021 01:09
9990
SİYASƏT
A- A+

Tarixin dönüş məqamı

 

Xalqlar öz tarixini və bu tarixdə böyük rolu olmuş şəxsiyyətlərinin həyat və fəaliyyətini təkcə keçmişə hörmət naminə öyrənmirlər.

Tarix həm də onun verdiyi  dərslərdən nəticə çıxarmaq üçündür. Eyni zamanda böyük şəxsiyyətlərin irsi, amalları, baxışları topluma bütün zamanlarda gələcəyə doğru ən düzgün yolu göstərir.

Elə əlamətdar günlər var ki, onlar xalq üçün də, dövlət üçün də bu baxımdan çox böyük tarixi-fəlsəfi məna daşıyır. Ətraflı təhlil etdikdə xalqın sonrakı mərhələlərdə əldə etdiyi bütün nailiyyətlərlə həmin günlər arasında qırılmaz bağlılığın olduğunu görürsən. Əmin olursan ki, xalqın həyatında dönüş məqamına çevrilmiş həmin gün məhz onda deyil, daha əvvəl yaşansaydı, o zaman bir çox sınaqların, itkilərin heç biri baş verməzdi.

 

İstiqlal ruhlu Lider

 

Parlaq zəfərimizlə nəticələnmiş 44 günlük Vətən müharibəsində bunu hər birimiz gördük. Güclü liderin, müdrik, qətiyyətli şəxsiyyətin həlledici məqamlarda xalq üçün də, dövlət üçün də nə qədər böyük həyati əhəmiyyət daşıdığını müşahidə etdik.

Azərbaycan xalqı bu zəfəri Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrlərini yerinə yetirən Ordumuzun gücü, dövlət rəhbərimizin dəmir iradəsi, sarsılmaz qətiyyəti sayəsində qazandı. Azərbaycan Respublikasının Prezidenti bizi təxminən 30 ilə qədər çəkən ağır məğlubiyyətin acılarından xilas etdi.

30 il əvvəlki məğlubiyyətlərimizin, üzləşdiyimiz faciələrin, verdiyimiz itkilərin əsas səbəbi isə o idi ki, həmin vaxtlarda belə bir güclü liderə malik deyildik. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, de-fakto bu niyyətini reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Digər tərəfdən, hakimiyyət hərisləri milli dövlətçiliyimizin sükanı arxasında güclü, qətiyyətli Liderin - Ulu Öndər Heydər Əliyevin olmasını istəmirdilər. Çünki onun əzəməti, siyasətçi, dövlət xadimi kimi böyük miqyası qarşısında özlərinin nə qədər cılız göründüklərini yaxşı anlayırdılar. Əminliklə söyləmək olar ki, əgər ötən əsrin 80-ci illərinin sonlarında - tarixin o keşməkeşli anlarında Azərbaycan rəhbərliyində naşı və səriştəsiz deyil, Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev kimi əsl liderlər, dövlət adamları olsaydı, Azərbaycan həmin illərdə yaşadığı itkilərin heç biri ilə üzləşməyəcəkdi. 

Azərbaycan xalqı 1980-ci illərin sonlarından başlayaraq müstəqillik mübarizəsinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yaratdığı möhkəm təməllərdən güc alaraq başlamışdı. O illərdə azadlıq uğrunda mübarizlərin çoxu Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə cəmiyyətdə görünməkdə olan milli oyanış ruhunun yetişdirdiyi gənclik idi. O tarixi günlərdə xalqın önündə dayanan insanların çoxu Ulu Öndərin sovet dövründə təzyiqlərdən qoruduğu, yaradıcılığına istiqamət verdiyi ziyalılar idi.

 

Sınaqlar qarşısında

 

Əfsuslar olsun ki, həmin sınaq dolu günlərdə Heydər Əliyev sovet imperiyasının güclü təzyiqləri ilə siyasi rəhbərlikdən məqsədli şəkildə kənarda saxlandı. Ona Azərbaycanın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürməyə imkan verilmədi. Ölkənin taleyi təsadüfi adamların əlinə keçdi. Azərbaycan bir neçə il geri düşdü. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, sonrakı dövrlərdə isə işğal siyasəti qarşısında qətiyyətsizlik göstərən və bununla da böyük faciələrə yol açan iqtidar sahiblərinin ardınca hakimiyyətin meydan eyforiyası ilə coşan AXC-Müsavat cütlüyünün əlinə keçməsi Azərbaycanı növbəti böyük fəlakətlərə sürüklədi. Onların başlanğıcdan yol verdikləri yanlışlıqlar ölkədə sosial-iqtisadi, siyasi böhranı getdikcə dərinləşdirirdi. Paradoksal vəziyyət yaranmışdı: vəzifə sahibləri dövlətə xidmət etmək, onu qorumaq əvəzinə səlahiyyətlərindən kütləvi surətdə şəxsi məqsədləri üçün istifadə edir, öz bədnam əməllərində heç bir ölçü və sərhəd tanımaq istəmirdilər. Dövlətin əmlakı, müəssisələrin fondları dağıdılır, satılır, nəyin dəyəri vardısa, hərraca qoyulurdu.

O zaman Azərbaycanı, həqiqətən, sevən, ölkəmizin ərazi bütövlüyü uğrunda əlinə silah alıb döyüşə yollanan, vuruşan, şəhid olan vətənpərvər insanlar çox idi. Amma hakimiyyət hərisləri onların bu səmimiyyətindən, vətənpərvərliyindən də istifadə edirdilər. Onların fədakarlıqları üzərində oyun oynayırdılar. Bütün bunlar xalqın mənəvi dəyərlərinə zərbə vurur, sadə vətəndaşlar bu dəyərlərə qarşı kütləvi hörmətsizliyi və inkarçılığı qəbul edə bilmir, vəziyyətin nə zaman düzələcəyini ümidlə gözləyirdilər. Müharibə şəraitində yaşayan ölkədəki bu cür məyusluq və bədbinlik ovqatı çox təhlükəli idi. İnsanlar övladlarını ordudan, müharibədən yayındırmaq istəyirdilər. Həmin gənclərin Azərbaycanın ərazi bütövlüyü, yoxsa hakimiyyətdəki naşı siyasətçilərin cılız maraqları naminə qurban gedəcəklərini müəyyən etmək çox çətin idi. Cəbhə bölgəsində Azərbaycan oğullarının min bir qəhrəmanlıqla düşməndən aldıqları, canları-qanları bahasına qoruduqları ayrı-ayrı böyük yaşayış məntəqələrinin, strateji ərazilərin siyasilərin alver predmeti kimi bir anda düşmənə təslim edilməsi barədə söz-söhbətlər dolaşırdı və bunların çoxu, təəssüflər olsun ki, həqiqət idi.

 

Zərurət

 

Hakimiyyəti küçə-meydan əhvalında zəbt edənlər Azərbaycan gəncliyini qaragüruh gözündə görürdülər. Bu, ən təhlükəli, qorxunc bir istiqamət idi. Təfəkkürdə, psixologiyada dəyişiklik istər-istəməz mənfi meyillərin artmasına yol açırdı. Onların böyüməkdə olan nəsildən əsas gözləntiləri, aşıladıqları əsas “dəyər” məqam gələndə mümkün qədər hündürdən qışqırmaq idi. Xalqın mənəvi istinadgahı olan elm, təhsil, mədəniyyət diqqətdən kənarda qalmışdı. Ədəbi-bədii jurnallar, çoxillik ənənələri ilə seçilən bir çox mətbuat orqanları fəaliyyətini dayandırmışdı. Tələsik və qanunsuz şəkildə bir-birinin ardınca özəl qurumlar yaradılır, dövlət əmlakı talanır, alver ruhu hər yerə sirayət edirdi.

Ordu quruculuğu sahəsində yol verilən böyük yanlışlıqlar ölkəni uçuruma gətirib çıxarmışdı. Bu fəaliyyət dövlətçiliyə zidd şəkil alırdı. AXC-Müsavat cütlüyünün, demək olar ki, bütün öndə gedən isimləri özlərinə batalyonlar yaradırdılar. İş ora gəlib çatmışdı ki, dövlətçilik prinsiplərinin xidmətində dayanmalı, bütün ölkədə qanunçuluğun, ictimai asayişin qorunması, qayğısına qalmalı olan daxili işlər nazirinin belə özünün ayrıca partiyası və şəxsi batalyonu vardı. Bu hallar ölkənin hərbi məğlubiyyətindən xəbər verirdi. Müharibə gedən şəraitdə ordunun dövlət tərəfindən və vahid rəhbərlik prinsipi ilə yaradılmasının vacibliyini dərk etmək o qədər də böyük bilik, savad tələb edən məsələ deyildi. Lakin özlərinə şəxsi batalyonlar düzəldən naşı siyasət “həvəskarları” şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq həmin hərbi qruplaşmalardan hakimiyyət mübarizələrində istifadə etməyə can atırdılar. Beləliklə, ölkə vətəndaş müharibəsinin bir addımlığına gəlmişdi. Digər tərəfdən, belə bir ağır durumda hakimiyyətini zorla qorumaq üçün silaha əl atan AXC-Müsavat rəhbərləri 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdilər. Bu, ölkədə dramatik vəziyyəti daha da ağırlaşdırdı.

Konstitusiyaya, qanunlara hörmətsizlik bütün cəmiyyətdə çaşqınlıq yaratmışdı. İnzibati orqanlarda peşəkar rəhbərlik yox idi. İnsanlar axşamlar evdən bayıra çıxmağa belə qorxurdular. Xarici siyasətdə yol verilən kobud səhvlər, yaxın qonşularla pozulan münasibətlər vəziyyəti daha da ağırlaşdırırdı. Çoxmillətli ölkə olan Azərbaycanın ayrı-ayrı ərazilərində məkrli xarici qüvvələrin marağı ilə separatizm meyilləri baş qaldırırdı.     

 

Ulu Öndəri xalq çağırdı

 

Belə bir dövrdə Moskvadan Vətənə dönərək az sonra insanların böyük etimadı ilə Naxçıvan Ali Məclisinin Sədri seçilib blokada şəraitindəki bu bölgənin saysız-hesabsız problemlərinin həlli ilə məşğul olan Heydər Əliyev xalqın ümid çırağı idi. O dövrdə Ümummılli Liderin aktiv siyasi fəaliyyətə qayıtması, sosial-iqtisadi, mədəni inkişaf proseslərindəki rolu cəmiyyətimizin ictimai-siyasi reallıqlarının məntiqindən, demokratikləşmə prinsipinin labüdlüyündən, ən əsası isə Azərbaycanın təhlükələrdən xilası zərurətindən irəli gəlirdi. Bu böyük dövlət xadiminin ölkə rəhbərliyinə qayıdaraq təşəbbüsü ələ alması, cəmiyyəti üzləşdiyi bəlalardan xilas etməsi xalqın təkidli tələbinə çevrilmişdi. Bu tələb nüfuzlu ziyalıların mətbuat orqanları vasitəsilə Heydər Əliyevə ünvanlanan çağırışlarında, sıravi vətəndaşdan tutmuş, müxtəlif sosial qruplarda təmsil olunan insanlara qədər yüzlərlə şəxsin Naxçıvana ünvanlanan məktublarında, teleqramlarında, Heydər Əliyev ideyaları işığında yaradılaraq təşkilatlanma prosesinə başlayan Yeni Azərbaycan Partiyasının çox qısa müddətdə cəmiyyətdə əsas aparıcı qüvvəyə çevrilməsində öz ifadəsini tapırdı. Heydər Əliyev partiyası kimi tanınan YAP-ın təşkilatlanması prosesi o qədər sürətli, yüksək siyasi hazırlıq səviyyəsində gedirdi ki, bütün uzaqgörən insanlar bu qurumun xilaskar bir missiya üçün yarandığını duyurdular. Onun ətrafında sıx birləşməyə can atırdılar. Ölkədə gedən proseslər, mövcud reallıqlar Yeni Azərbaycan Partiyasını ümumxalq partiyasına çevirirdi.

Xalqın arzusu nəticəsiz qalmadı. Ulu Öndər Heydər Əliyev vətəndaşlarımızın təkidli tələblərinə həssaslıq göstərərək, ölkənin üzləşdiyi kritik vəziyyətə biganə qalmayaraq, yaranmış böhranın Azərbaycanı hansı fəlakətlərə sürükləyə biləcəyini aydın görərək proseslərin məcrasını müsbətə doğru dəyişməkdən ötrü siyasi hakimiyyətə qayıtmağa qərar verdi. Böhran qarşısında başlarını itirmiş təsadüfi, naşı rəhbərlər, artıq öz həyatlarının da təhlükəyə düşdüyünü görəndə xilas yolunun yalnız Heydər Əliyevi Bakıya dəvət etməkdə olduğunu, nəhayət ki, anladılar.

 

Dönüş anı

 

Beləliklə, Ulu Öndərin Naxçıvandan Bakıya qayıdaraq 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi, bir neçə gündən sonra isə Prezident səlahiyyətlərinin icrasına başlaması dövlətimizin, xalqımızın qurtuluşuna çevrildi. Beləliklə, 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar millət vəkilləri 15 İyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi dəstəklədi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyev xalqın inamını özünə qaytardı. Məhz o inam ölkənin bütün problemlərini yoluna qoydu. 15 iyun günündən etibarən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə bütün istiqamətlər üzrə tənəzzülün qarşısı alındı. Azərbaycanın inkişafını təmin edən böyük addımlar atıldı. Ulu Öndər qısa müddətdə bütün qüvvələri səfərbər edərək Azərbaycanı təhdid altında saxlayan təhlükələrin aradan qaldırılmasına nail oldu. Böyük rəhbər tarixi qayıdışı ilə amallarında yaşatdığı Yeni Azərbaycanın qurulmasına nail oldu. Beləliklə, ölkə ziyalılarının, cəmiyyətin sağlam düşüncəli insanlarının Ulu Öndərin ideyaları ətrafında formalaşdırdıqları partiya öz adını doğrultdu.

Adətən, siyasi partiyalar yaranır, təşkilatlanır və öz liderlərini hakimiyyətə gətirirlər. Heydər Əliyev isə o qədər miqyaslı siyasətçi, parlaq lider idi ki, xalqın arzusu və tələbi ilə özü hakimiyyətə gəlib, partiyasını da hakimiyyətə gətirdi. Yeni Azərbaycan Partiyasında təmsil olunan peşəkarlar, milli dövlətçilik dəyərlərimizə bağlı təcrübəli insanlar Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən demokratik, hüquqi dövlət quruculuğu proseslərinin uğurla aparılması, öz məqsədinə çatması üçün kadr bazası rolunu oynadılar.

Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyunundan başlanan tarixi Azərbaycanın intibah mərhələsinə çevirməyə müvəffəq oldu. Ölkənin üzləşdiyi sosial-iqtisadi böhranın aradan qaldırılması, müstəqilliyini yenicə qazanmış dövlətin gerçək müstəqilliyindən, azad bazar iqtisadiyyatı yolunda öz həyatını qurmasından ötrü hava və su kimi lazım olan maliyyə vəsaitlərinin formalaşması üçün qətiyyətli  addımlar atdı. 1994-cü ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” mahiyyət etibarilə Azərbaycanın böyük uğurlarının rəhninə çevrildi. Bununla Heydər Əliyev regionda qlobal iqtisadi əməkdaşlıqların əsasını qoydu. Bölgənin tarixində misilsiz bir səhifə açdı. Sonrakı tarixi hadisə və proseslərin təhlili Ulu Öndərin o dövrdəki belə qətiyyətli addımlarının Azərbaycanın keçmişi, bu günü və gələcəyi üçün nə qədər böyük tarixi əhəmiyyət daşıdığını göstərir. 

 

Qanunun aliliyi təmin edildi

 

Ulu Öndər Heydər Əliyev cəmiyyətin demokratik inkişafı üçün qanunun aliliyini təmin etdi. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası həyata keçirilən hüquqi dövlət quruculuğu prosesləri üçün möhkəm təməl formalaşdırdı. Haqq-ədalət öz yerini tutdu. Azərbaycandakı sabitliyi, demokratik inkişafı təhdid edən pozucu ünsürlərin ziyanlı fəaliyyətinin qarşısı alındı. Heydər Əliyev Azərbaycan siyasətinə yüksək mədəniyyət gətirdi, ali dəyərlər, əxlaqi normalar müəyyənləşdirdi. Azərbaycan insanlarının təfəkküründə dövlətçilik düşüncəsi, vətəndaş məsuliyyəti formalaşdırdı.

Ümummilli Lider Azərbaycanın milli-mənəvi dəyərlərinə sahib çıxdı, cəmiyyət qarşısında ən düzgün inkişaf yollarını müəyyənləşdirdi. Torpaq islahatlarını, dövlət əmlakının özəlləşdirilməsi prosesini uğurla həyata keçirən respublikamız bununla başqa postsovet ölkələri üçün də uğurlu təcrübə formalaşdırdı. Ökəmizdə azad bazar iqtisadiyyatı özünü doğrultdu. Sahibkarlar sinfi formalaşdı. İqtisadiyyatda özəl sektorun rolu güclənməyə başladı. Həyata keçirilən hüquqi-siyasi islahatlara paralel olaraq Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər qarşıya qoyulmuş strateji hədəflərin daha tez bir zamanda əldə olunmasına və yeni inkişaf məqsədlərinin müəyyənləşməsinə kömək göstərdi.

Ölkə rəhbərinin yüksək siyasi səriştəsi sayəsində uğurlu xarici siyasət kursu müəyyənləşdirən Azərbaycan qısa zamanda beynəlxalq arenada böyük nüfuz və etimad qazandı. Qurtuluş günündən keçən illər ərzində respublikamız çoxlarının xəyal edə bilməyəcəyi dərəcədə inkişaf edib, dünya birliyinin bir parçasına çevrildi. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində, sadəcə, təqvimin bir günü, yaxud əlamətdar bir tarix deyil. Bu, bir dövlətçilik fəlsəfəsidir. 1993-cü ilin 15 iyunundan bəri əldə edilmiş bütün tarixi nailiyyətlərdə bu gün əks olunub. Bütün bu nailiyyətləri Qurtuluş günü öz mahiyyətində birləşdirir.

Ulu Öndər Heydər Əliyevin strateji inkişaf kursunu əzmlə davam etdirən  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində bu gün tarixinin ən qüdrətli mərhələsinə yetişmiş Azərbaycan uğurlarının sırasını genişləndirdikcə 15 İyun - Milli Qurtuluş Gününün də mahiyyəti böyüyür.

 

Tarixi dəyər

 

Hazırda Azərbaycanın regionun lider dövləti kimi daşıdığı böyük nüfuz, müəllifi olduğu irimiqyaslı layihələrlə qlobal inkişaf proseslərinin mərkəzinə çevrilməsi, bütün dünyada tolerantlıq, mədəniyyətlər arasında dialoq məkanı kimi tanınması, beynəlxalq aləmdə örnək kimi qəbul olunan sosial-iqtisadi inkişaf təcrübəsi 15 İyun - Milli Qurtuluş Günündən başlanan nailiyyətlərimizdir. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə, Azərbaycanın regionda yeni reallıqlar yaratması öz başlanğıcını məhz 1993-cü ilin 15 iyunundan, Heydər Əliyevin ali hakimiyyətə qayıdışından götürür. Çünki məhz həmin tarixdən etibarən müəyyənləşdirilən düzgün kurs zamanın axarını dəyişdi. Zamanı ölkəmizin xeyrinə işləməyə yönləndirdi. İllər keçdikcə işğalçı düşmən üzərində daha böyük üstünlüklər qazanmağımıza imkanlar açdı. Məqamı gələndə bircə zərbə ilə düşmənin başını əzib torpaqlarımızdan qovan “Dəmir yumruğ”un güclənməsinə şərait yaratdı.    

1993-cü ilin 15 iyunundan sonra doğulub böyüyən, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin təlqin etdiyi milli dövlətçilik ruhunda tərbiyələnən vətənpərvər Azərbaycan gəncliyi sıldırım qayalardan dırmanaraq, əlində yüngül silahlar, qəlbində Vətən sevgisi ilə düşməni məhv edərək Şuşada bayrağımızı dalğalandırdı.

* * *

Milli Qurtuluş Gününün tarixi mahiyyətinin öyrənilməsinə, indiki və gələcək nəsillərə aşılanmasına hər zaman ehtiyac var. Bu gün ümumxalq inamının, xalqın müdrikliyinin, ən həlledici anlarda doğru seçiminin, eyni zamanda Liderin xalq qarşısındakı əhdinə sadiqliyinin, milli dövlətçilik dəyərlərinə bağlılığının təntənəsidir. Belə tarixlər bizim üçün misilsiz dəyərdir. Xalq öz dəyərləri ilə böyüyür və güclü olur. 15 İyun - Milli Qurtuluş Günündən başlayan tarix də bizi bütün dövrlərdə daim güclü edəcək.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video