29 Oktyabr 2021 00:07
722
Mədəniyyət
A- A+

Tarixin daha bir saxlanc yeri

 

Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyi həm də yer üzündən silinən Xocalının müsibətlərini unudulmağa qoymur

 

Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində də müxtəlif profilli və şəxsi muzeylər  var. Təəssüf ki, ölkəmizdə mövcud olan muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları sıradan çıxarılıb və ya təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv ediblər.

1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli xalçalarımız, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı.

Əlbəttə, Ermənistanın təcavüzünə məruz qalan, illərlə tapdalanan, maddi-mədəniyyət, dini, tarixi abidələri saxtalaşdırılan ərazilərimizin zamanın hansı dönəmində olursa-olsun, öz doğma sakinlərinə qayıdacağına əmin idik. Təəssüf ki, bu ərazilərdə olan maddi-mədəniyyət nümunələrimizin salamat qalacağına o qədər də inamımız qalmamışdı. Bu gün işğaldan azad edilmiş rayonlarımızda ürəkağrısı ilə seyr etdiyimiz  mənzərə həmin düşüncələrimizi təsdiq etdi.

Hər bir xalqın həyatında elə hadisələr, dönüş nöqtəsi olur ki, bunlar onun müqəddərratını tamamilə kökündən dəyişdirir, tarixində yeni dövr və mərhələ açır. 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həmin yeni dövrün başlanğıcını qoydu. Qarabağ həsrətinə son qoyulması xalqımızı əbədi səadətə qovuşdurdu, ölkəmizdə mədəni tərəqqi üçün yeni imkanlar açıldı. Bütün bu nailiyyətlər xalqla dövlətin və ordunun bir yumruq kimi birləşməsinin, dövlət başçısının möhkəm iradəsinin dönmədən həyata keçirdiyi daxili və xarici siyasətinin ən parlaq təzahürü, ən gözəl bəhrəsidir.

Artıq işğaldan azad olunmuş rayonlarda bərpa işlərinə başlanması, mədəniyyət ocaqlarının, xüsusən, muzeylərin öz doğma ünvanlarında fəaliyyətini bərpa etməsi, yenilərinin açılması Qarabağda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı üçün də bir başlanğıc olacaq.

“Qarabağ Azərbaycandır!” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun  qalib əsgəri bu milli şüarı işğaldan azad edilmiş bütün torpaqlarımızda gerçəkləşdirdi. Biz də “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” olaraq, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” devizinə səs verərək yolumuzu 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olan tarix-diyarşünaslıq muzeylərindən saldıq. Budəfəki ziyarətimiz Xocalı rayonunun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinə oldu.

Erməni təcavüzünün qurbanlarından olan Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyi Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılıb. 1992-ci il may ayının 9- da ermənilərin Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Məcburi köçkün düşəndən sonra muzey Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində yaradılmışdır. 2014-cü ilin dekabr ayından isə xocalılılar üçün Göygöl rayonunun Hacıməlik kəndi yaxınlığında salınmış qəsəbədə fəaliyyətini davam etdirir.

Xocalı işğal olunduqdan sonra eksponatların alınması üçün böyük vəsaitin olmamasına baxmayaraq, müzeyin direktoru Tofiq Məmmədovun fədakar əməyi nəticəsində xeyli tarixi, etnoqrafik əşyalar, məişət və kənd təsərrüfatı alətləri toplanaraq fond zənginləşdirilib. Tofiq Məmmədov hələ müharibənin qızğın vaxtlarında böyük səylə müzeyin təşkili ilə məşğul olub. Əlbəttə, eksponatları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək asan deyildi. Bunlardan başqa, erməni terrorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda maddi-mədəniyyət nümunələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu sübut etmək şərəfli bir iş idi.

Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat olub. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə saxlanılıb.

İndi isə muzeydə vətənpərvərlik mövzusunda stendlərdən ibarət sərgilər və Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponat toplanaraq muzeyin fonduna daxil edilib.

 

Sahibə ƏLƏKBƏROVA,

Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video