15 Sentyabr 2021 00:45
1946
Mədəniyyət
A- A+

Tariximizin şanlı səhifəsini yazan qəzet 

 

“Azərbaycan” ilk dəfə 1918-ci il sentyabrın 15-də nəşrə başlayıb

 

Xalqının, vətəninin müqəddəratını həll etməyə müvəffəq olan, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini quran istiqlal fədailəri tarixin ağır sınaqları ilə qarşılaşdılar.

Dövlətin müstəqilliyini elan etdilər, amma onun paytaxt şəhəri - Bakı dövrünün müasir silahları ilə silahlandırılmış, gücləndirilmiş düşmənlərin əllərindəydi. Şəhər Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Cümhuriyyət hökuməti bu səbəbdən müvəqqəti olaraq Gəncədə yerləşirdi.

 

Qələbə müjdəli qəzet

 

Azərbaycan Xalq Cümhuriyyətinin birinci rəsmi qəzeti - “Azərbaycan” da bu səbəbdən fəaliyyətə Gəncə şəhərində başladı. Qəzetin nəşrinin ilk günü - 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şanlı, qələbə sevincli günlərindən biri oldu. Həmin gün milli hökumətin qarşısında duran ilk başlıca vəzifə yerinə yetirildi. Bolşevik-daşnak birləşmələrindən ibarət qoşun məğlubiyyətə uğradıldı, Azərbaycan xalqı zülmdən, işgəncədən qurtuldu, paytaxt işğaldan azad edildi.

 “Azərbaycan” qəzetinin Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü görən ilk nömrəsi qələbə müjdəli oldu. Qəzetdə sonsuz sevinc, böyük qürurla Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi hissələrimizin Bakını bolşevik-daşnak işğalından azad edərək qalibiyyətlə şəhərə daxil olduğu yazıldı. Xəbər verildi ki, Bakı işğaldan azad edilərkən 30 minədək silahlı düşmən əsir alınıb, xeyli qənimət ələ keçirilib, şəhərdə sakitlik bərqərar olunub.

“Azərbaycan”ın birinci nömrəsində bu şanlı tarixi günə həsr olunmuş xəbərlər, təbrik teleqramları verildi. Şad xəbərlər isə gəlməkdə davam edirdi. Nuru Paşa sentyabrın 15-də Gəncəyə göndərdiyi növbəti teleqramda Azərbaycan hökumətini Bakıya dəvət edirdi: “Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən. Farik-Nuru”.

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramında bildirilirdi: “Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan”.

 

Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli rolu olan Gəncənin qonağı

 

Hələ ilk nömrəsindən dərc olunacaq materialların toplanması, mürəttib çatışmazlığı, kağız və şrift qıtlığı ilə bağlı çətinlikləri həll etməyə çalışaraq qəzetin nəşrinə böyük coşqu, əzmkarlıqla hazırlıq görənlər əmin idilər ki, cümhuriyyət hökuməti idarələri kimi, “Azərbaycan”ın redaksiyası da bu şəhərdə müvəqqəti yerləşib. Bu səbəbdən qəzetin rus dilində sentyabrın 19-da çapdan çıxan ikinci nömrəsində bildirilirdi: “Hökumət idarələri hələlik Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan düşən kimi mərkəzi idarələri Bakıya köçürəcəkdir”.

Qəzetin üçüncü nömrəsi sentyabrın 22-də, dördüncü nömrəsi sentyabrın 25-də işıq üzü gördü. Dörd səhifəlik, üç səhifəsi rus, bir səhifəsi Azərbaycan dilində olan dördüncü buraxılışda “Azərbaycan”ın Bakıya köçməsi barədə elan dərc  edildi. Qəzetdə rus dilində “Gəncə, 25 sentyabr 1918” sərlövhəli yazıda Azərbaycan hökumətinin 3 aylıq fəaliyyətdən sonra Gəncəni tərk edərək  paytaxt Bakıya köçdüyü qeyd olunmaqla yanaşı, Gəncənin Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli yer tutduğu da vurğulanırdı. Həmin nömrədə “İdarədən” başlığı ilə xəbər verilirdi: “Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan sonra bu ünvana müraciət etməli: Bakı, “Azərbaycan” qəzeti idarəsinə”.

 

“Azərbaycan” qəzetinin Bakı dövrü

 

1918-ci il sentyabrın 25-də Nazirlər Şurası və mühüm dövlət idarələri ilə birlikdə “Azərbaycan” qəzetinin “Heyəti-idarə”si (Redaksiya heyəti) Bakıya köçdü. “Azərbaycan” qəzetinin Bakı dövrü başladı...

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Heyəti-Vükəlanın (Nazirlər Şurası) ünvanı “Metropol” mehmanxanası (indiki AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində) oldu. “Azərbaycan” qəzetinin redaksiyası isə həmin binanın qarşısındakı - Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşdi. Bu, paytaxtdakı ilk ünvanında “Azərbaycan” qəzetinin redaksiyası 1918-ci ilin 3 oktyabrından 28 noyabrınadək fəaliyyət göstərdi.

Qəzetin ana dilində sayca 5-ci, Bakıda isə ilk nömrəsi 1918-ci il oktyabrın 3-də “Heyəti-təhririyyə” imzası ilə 4 səhifə olmaqla oxuculara təqdim edildi. Birinci dəfə həmin nömrədə “Azərbaycan” adının altında qeyd olundu: “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir”. İlk səhifədə “Hökumət qərardadı”, maliyyə naziri Ə.Əmircanovun “Elan”, Heyəti-Vükəla rəisi F.X.Xoyskinin və ticarət və sənaye naziri A.Aşurbəyovun “Azərbaycan Cümhuriyyətindən əhalinin nəzərinə” sərlövhəli 1 oktyabr 1918-ci il tarixli müraciətinə yer verildi. Müraciətdə “Azərbaycan Cümhuriyyəti ümum Bakıdakı mədənlərdə və fabriklərdə işləyən fəhlələr bu gündən işlərinə şüru etməgə dəvət” olunurdu. Bakının azad, dinc günləri başlamışdı. İqtisadi, sosial, mədəni sahələrdə işləri canlandırmağın vaxtı idi...

Bakının işğaldan azad edildiyi gün Avropa dövlətlərinin iştirakı ilə İstanbulda keçirilən konfransda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq etdiyindən Məhəmməd Əmin Rəsulzadənin Fətəli xan Xoyskiyə göndərdiyi təbrik teleqramı bir qədər gec - “Azərbaycan” qəzetinin 5-ci nömrəsində dərc olundu. Teleqramda bildirilirdi: “Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas (xilası) üçün sarsılmaz bir qəleyi-mətin olması ümidilə bütün arkadaşlarımla öpüşürüz.

Azərbaycan heyəti-mürəxxəsəsi namına Rəsulzadə Məhəmməd Əmin”.

Düşmən məqsədinə çatmamışdı. “Azərbaycan” qəzetinin Bakıda nəşr olunan 1918-ci il 3 oktyabr tarixli 5-ci nömrəsində “Bakı məsələsinə dair mülaqat” sərlövhəli bir yazıda bildirirdi: “Bakı alınmamışdan əqdəm bizim bədxahlarımız tərəfindən Bakını Azərbaycandan ayırmaq üçün cürbəcür vasitələr, dürlü-dürlü hiylələr aranıyordu”.

Həmin nömrədə “C.Dağıstani” imzalı, “Tarixi gün” sərlövhəli məqaləsində Ceyhun bəy Hacıbəyli Bakının bolşevik-daşnak işğalından azad olunmasından yazdı: “8 zilhiccə - 15 eylülün bütün türk və islam aləminin ən səadətli, ən şövkətli günlərində nədd olunacağı şübhəsizdir.

Haman gün türk və islam tarixinə zərin bir səhifə işğal edəcəkdir.

...Bismihil-kərim, düşmənlər öz maraqlarına yetmədilər, məyus oldular. Türkün qəhrəman oğulları öz istedadlarını, öz rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olmalarını bütün aləmin gözünə çırpdılar və bununla böylə, yüz illərcə başqalarının təhti-təzyiqində əzilən milyonlarca dindaş və millətdaşlarımıza böyük-böyük ümidlər bəxş etdilər”.

Qəzetdə elan verilmişdi: “Sabiqdə Gəncədə rus dilində nəşr olunan “Azərbaycan” qəzetəsi şənbə günündən etibarən Bakıda nəşr olunmağa başlayacaqdır. Ünvan: Bakı, Kolyubakinski küçədə “Azərbaycan” idarəsi”. “Azərbaycan” öz vədini yerinə yetirdi, oktyabrın 7-də Bakıda rus dilində ilk nömrəsi işıq üzü gördü. Qeyd edək ki, Azərbaycan və rus dillərində nəşrlərdə bir-birindən tərcümə deyil, fərqli materiallar dərc edilirdi.

Qəzet altıncı nömrəsinədək “Heyəti-təhririyyə” (redaksiya heyəti) imzası ilə nəşr olundu. Noyabrın 28-dən Azərbaycan dilində olan nömrələr Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə təqdim edildi.

 “Azərbaycan” qəzeti sonrakı günlərdə də öz səhifələrində Xalq Cümhuriyyətinin məqsədini, məramını ifadə etdi. Bu qəzetdə müstəqil hökumət öz mövqeyini nümayiş etdirdi, vətəndaşlarına müraciətlərini ünvanladı.

Səhifələrində yer verilən yazılarda əsasən, azadlıq, istiqlal arzuları ifadəsini tapan “Azərbaycan” Cümhuriyyət hökuməti ilə birlikdə ümid, mübarizə dolu tarix yaşadı...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video