19:09 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tarixi, dünyəvi və bəşəri bəyannamə

ANA SƏHİFƏ / SİYASƏT
01:36 18.06.2021

 

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanı dünyanın əksər dövlətləri tanıdı. Türkiyə bu tanınmanın ilk dövəti oldu. Qardaş ölkə Azərbaycanı qədərsiz sevinclə, ehtiramla tanıdı. Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əlaqələr quruldu və bunlar gələcək əlaqələr üçün etibarlı təməl oldu. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə iki dövlətin inkişaf istiqamətinin konturlarını müəyyənləşdirdi.

Tarix təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətləri həmişə milli, xəlqi ruha söykənib. M.Ə.Rəsulzadə ilə Mustafa Kamal Atatürkün, Heydər Əliyevlə Süleyman Dəmirəlin, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətləri iki dövlət arasında əlaqələrin başlıca zəmanəti, etimadı, ehtiramı olub. Tarix onu da təsdiqləyir ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi əlaqələrin tarixi yüz il əvvəllərlə səsləşir.

Yüz il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını ermənilərdən təmizlədi. O tarixdən yüz il sonra Türkiyənin qardaşlıq köməyi ilə Azərbaycanın torpaqları işğaldan azad edildi.

Yüz il əvvəl Qars müqaviləsi imzalandı. O müqavilədən yüz il sonra ruhumuzun şəhəri olan Şuşada Türkiyə və Azərbaycan dövlətləri arasında Şuşa Bəyannaməsi imzalandı.

“Azərbaycanın kədəri  kədərimiz, sevinci sevincimizdir” - Mustafa Kamal Atatürk deyirdi.

“Bir millət, iki dövlət” - Heydər Əliyev deyirdi.

“Türkiyə-Azərbaycan dostluğu sarsılmasdır, əbədidir” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə deyir.

“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyir.

2020-ci il sentyabr ayının 27-də əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında oldu. Türkiyə dövlətinin və onun başçısının Azərbaycana göstərdiyi  diplomatik, siyasi dəstək bir reallığı da yaşatdı - Azərbaycan tək deyil. 44 gün davam edən Vətən müharibəsinin hər günü Azərbaycanda hansı həyəcanlarla, hansı inamla yaşanılırdısa, Türkiyədə də həmin həyəcanlarla, həmin inamla yaşanılırdı. Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin gün Zəfər günü elan edildi. Zəfər günü Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük coşqu yaratdı. Həmin gün hansı coşqu ilə “Azərbaycan!” deyildisə, həmin coşqu ilə “Can Azərbaycan!” da deyildi.

İyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tarixi səfər etdi. Bu səfər zamanı rəsmi görüşün Şuşada olması iki dövlətin ruh eyniliyinin təsdiqidir. Ona görə də bu görüşə qarşılıqlı ehtiram görüşü də deyə bilərik. Ona görə ki. bu görüş dünyanın diqqətini çəkdi. Türkiyəyə və Azərbaycana ehtiramı olan dövlətlər bu görüşü bəşəri niyyətlər görüşü kimi izlədilər. Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə İlham Əliyevin dediyi kimi: “Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”. Bu bəyanat ordusu tamamilə dağılmış Ermənistanı da, onu dəstəkləyən dövlətləri də ciddi düşündürməlidir. Vətən müharibəsində dünya Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərinin döyüş əzmini, qələbə ruhunu gördü. Onu da gördü ki, bu xalq üçün Vətən müqəddəsliyi var, Vətən müqədddəsliyini qorumaq üçün şəhidlik müqəddəsliyi var.

Şuşa Bəyannaməsi tarixi bəyannamədir. Türkiyə ilə Azərbaycan üçün üçüncü dövlətdən təhlükə olarsa, bir-birini qoruyacağını bəyan edən bəyannamədir. Bu Bəyannamə 30 il çəkən işğalı sonlandıran qüdrətin bəyannaməsidir.

Üçtərəfli bəyanatdan sonra Zəngəzur dəhlizi haqqında fikirlər haçalandı, özünün düşüncəsiyləmi, yoxsa öyrədildiyinə görəmi, hər nədən isə, Ermənistan bu maddənin yerinə yetirilməsini bütün siyasi imkanlarıyla ləngitmək, aradan qaldırmaq istəyirdi. Erməniliyin hələ də imzalanmış, razılaşdırılmış sənədləri gücdən, qüvvədən salmaq niyyətində olduğu vaxtlarda imzalandı Şuşa Bəyannaməsi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq”. Bu əminlik erməniliyin sonunun çatdığını bildirən əminlikdir.

Şuşa Bəyannaməsi son yüz ilin ən dünyəvi, ən bəşəri, ən ədalətli bəyannaməsidir. Dünyanın ədalətli siyasətçiləri Azərbaycanın və Türkiyənin birgəlik bəyannaməsini tarixi bəyannamə kimi dəyərləndirir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM