01 Iyul 2021 00:37
817
İQTİSADİYYAT
A- A+

Tarif tənzimlənməsi əhalinin ailə büdcəsinə mənfi təsir göstərməyəcək

 

Bunun nəticəsində əldə olunan vəsait vətəndaşların sosial rifahının daha da yüksəldilməsinə yönəldiləcək

 

Məlum olduğu kimi, Tarif Şurasının bu il iyunun 30-da keçirilən növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Əvvəla, qeyd edək ki, təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq. Çünki sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb.

Təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə də təsir göstərməyəcək. Tarif dəyişikliyi, eləcə də əhalinin 51 faizinin orta aylıq xərcinə təsir etməyəcək. Belə ki, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib. Üstəlik, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200-2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Bir sıra digər dəyişikliklər də olub. Məsələn, elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Tarif dəyişikliyinin aparılmasının bir sıra zəruri səbəbləri var. Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın çoxalıb. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Xatırladaq ki, təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib.

Tarif dəyişikliyinin bir sıra müsbət təsirləri olacaq. Belə ki, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldiləcək. Dövlət büdcəsindən asılılıq, subsidiyalar aradan qaldırılacaq. Məqsəd həmçinin büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə yönəldilməsi, yeni investisiya qoyuluşlarının təmin edilməsidir. Dəyişikliklərin nəticəsində eləcə də  istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanı yaradılacaq. “Azəristiliktəchizat” ASC-nin imkanları genişləndiriləcək, aztəminatlı əhali davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin ediləcək.

Bəzi rəqəmlərin digər ölkələrdəki tariflərlə müqayisəsi yerinə düşər. 1 kubmetr təbii qazın tarifinin əhali üzrə Azərbaycanda yuxarı həddi 20 qəpik olduğu halda, Gürcüstanda 29,1 qəpikdir. Belarusda bu göstərici 34,8, Rusiyada 16,6 qəpik təşkil edir.

Azərbaycanda 1 kubmetr təbii qazın tarifinin qeyri-əhali abonenti üzrə yuxarı həddi 20 qəpikdir. Türkiyədə həmin göstərici 50,8, Ukraynada 26,3, Belarusda 79,6,  Rusiyada 17,7 qəpik həcmində müəyyənləşdirilib.

 

F.SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video