29 Aprel 2012 01:04
404
Mədəniyyət
A- A+

Şuşanın qərib övladları

 

Vaxtilə Şuşada doğulub böyümüş şəxsiyyətlər olub ki, sonralar onlar qəzavü-qədərin acılıqlarına tuş gələrək ömürlərini qürbətdə keçiriblər. Dünyalarını dəyişənə qədər əlləri Şuşaya uzalı qalıb, ürəkləri qubar bağlayıb, hətta bu dərddən dilləri tutulub. Amma heç zaman bu doğma şəhəri unuda bilməyiblər. Şuşanın görkəmli şəxsiyyətlərindən unudulmaz Ceyhun Hacıbəyli mühacirətdə, yazıçı Yusif Vəzir Çəmənzəminli sürgündə, şair Mirzə Abay Dağlı, hüquqşünas Sürəyya Ağaoğlu qürbət ellərdə həyata "əlvida" dedilər. Belə nisgilli ömür sürmüş şuşalıların sayı çoxdur.

 

 

 

 

Qürbət cənnət olsa da...

 

Uzaq qəriblikdə zinhara gələn insanlardan biri də bayatısı dillər əzbərinə çevrilən Ağabəyim ağadır. Tarixdən bəllidir ki, Şuşa xanı İbrahimxəlil Xan Qarabağla İran arasındakı gərgin münasibətlərin tarazlaşması üçün, daha doğrusu, Qarabağı İran qoşunlarının hücumundan xilas etmək naminə qızı Ağabəyim ağanı Fətəli şaha vermək məcburiyyətində qalıb. O, bu qohumluğu özü üçün yox, məhz həmvətənlərini qorumaq xatirinə həyata keçirib. Ağlı və dərrakəsi ilə seçilən, klassik ədəbiyyatı dərindən bilən Ağabəyim ağa da taleyinə boyun əyməli olub. İran şahı da bu şuşalı gözəlin mənəviyyatına, təfəkkürünə məftun kəsilib. Çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edirmiş. Ağabəyim ağanı isə ovutmaq, könlünü ələ almaq heç cür mümkün deyilmiş. Fətəli şah hətta Tehranda Qarabağ üslubunda saray da tikdirmişdi. Onun ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları lap Şuşadakı kimi düzəltdirmişdi. Lakin heç bir sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib:

 

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

200 ildən artıq yaşı olan bu bayatı iki əsrdir ki, vətən həsrəti ilə qovrulanların dilinin əzbərinə çevrilib. Bu bayatı həm də Qarabağın, musiqi beşiyimiz Şuşanın simvoludur. Bu bayatını eşitdikdən sonra Fətəli şah fikirləşir ki, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirib. "Vətən bağı" adlanan bu bağ bir cənnət guşəsinə bənzəyib. Güzarını bu bağa salan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, gülü-çiçəyi qoxlayıb, ağaclara diqqət yetirib. Bu zümrüd donlu bağda hər şey vardı - xarıbülbüldən başqa. Şuşalı xanım bağı seyr etdikdən sonra dərdini şeirlə dilə gətirib:

 

"Vətən bağı" al-əlvandır,

Yox içində xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?!

 

Ömrünün sonuna kimi vətən həsrəti çəkən, el-oba dərdinə, xoş günə çatmayan, qəriblikdə dünyasını dəyişən Ağabəyim ağanın əlləri Şuşaya uzalı qalıb.

 

Şuşalı bülbülün dərdli avazı

 

Ömrünün 60 ilini Azərbaycan və klassik Şərq musiqisinə həsr edən Məşədi Məmməd Fərzəliyev milli mədəniyyətimizin görkəmli nümayəndələrindən biridir. O, 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu dilbər guşədə keçsə də, çox erkən doğma şəhərini tərk edib. Gəncədə, Tiflisdə, Batumda, Vladiqafqazda, İstanbulda və başqa şəhərlərdə yaşayaraq xanəndəliklə məşğul olub. Onu təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda, Orta Asiyada, bütün türk dünyasında, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanıyırdılar. Çox zəngin və orijinal repertuarı olub. Onun nəfəsində çağlayan "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul Segah", "Heyratı", "Mənsuriyyə", "Şimayi-Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan vokal sənəti tarixində Məşədi Məmməd Fərzəliyevin xidmətləri çoxdur. O, 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən dəvət aldı. Şöhrəti ellər dolaşan azərbaycanlı xanəndənin səsini burada vala yazdılar. Məşədi Məmməd tarzən Qurban Pirimovun müşayiətilə 40-dək muğam, təsnif və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən də növbəti dəvət gəldi. Görkəmli sənətkar burada "Ekstrafon" şirkəti tərəfindən muğam və mahnılarını qrammofon valına yazdırdı.

Sonralar şuşalı sənətkarın sorağı Tiflisdən gəlib. Məlumdur ki, ötən əsrin əvvəllərində Tiflis Azərbaycan mədəniyyətinin beşiyi sayılırdı. Bir çox məşhur sənətkarlar, yazıçılar, musiqiçilər, şairlər, ictimai xadimlər məhz bu şəhərdə yaşayıb yaradaraq milli mədəniyyətimizin çiçəklənməsinə öz töhfələrini verdilər. O dövrdə Tiflisdə tez-tez "Şərq konsertləri" təşkil olunardı. 1913-cü ildə keçirilən belə konsertlərin birində Məşədi Məmməd Fərzəliyev də iştirak edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Məşədi Məmməd yenə də öz fəaliyyəti ilə məşğul idi. O, Cəmil Əmirovun (Fikrət Əmirovun atası, məşhur tarzən - F.X.) dəvəti ilə Gəncədə şəhər musiqi məktəbində bir müddət muğamatdan dərs deyib. O dövrdə çap edilən qəzetlərdə də Məşədi Məmmədin ünvanına xoş sözlər deyilirdi. Azərbaycanlı xanəndənin səsi Rusiya, Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə, Rumıniya, Türkiyə, İran və başqa ölkələrdən gəlirdi. Şuşalı bülbülün şirin avazına hamı heyran kəsilirdi. Bütün bu bəxtəvərliklə dolu məqamların sırasına ürəkağrıdıcı hadisələr də qoşuldu. Ölkəni bürümüş repressiyaların caynaqları hər gecə bir ziyalının, şairin, sənətkarın, aktyorun ömrünə balta çalır, həbsinə, qətlinə fərman verirdi. Məşədi Məmməd Fərzəliyevin də qulağına xoş sədalar gəlmirdi. Səsinin ahənginə qatılan kədərin, xiffətin notlarında, oxuduğu sözlərin dərinliyində bir narahatlıq duyulurdu. Sağ-solundakı dostları, tanışları "yox"a çıxdıqca onun da şuxluğu itirdi. Bəlkə də elə buna görə 1929-cu ildə xarici ölkəyə getdiyi qastrol səfərindən sonra bir daha vətəninə qayıtmadı. Məşədi Məmməd uzun illər Türkiyənin İstanbul şəhərində yaşadı. 1962-ci ildə 90 yaşında dünyasını dəyişən Məşədi Məmməd Fərzəliyev əslində Sovet hökumətinin, onun repressiyalarının ağır təzyiqlərinin əlindən bu ölkəyə pənah aparmışdı. Uzun illər gözü yolda, qulağı səsdə qalsa da, İstanbulda oxuduğu muğamların sədası Qarabağa çatmırdı. Harada yaşayıb-yaratmasından asılı olmayaraq, Məşədi Məmməd Fərzəliyev milli vokal məktəbinin ifaçılarından biri idi. O, Azərbaycan mədəniyyətinin unudulmaz simalarından biri kimi xatirələrdə yaşamaqdadır.

 

Əhməd bəy Ağaoğlu

 

Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ədəbi, mədəni, ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşada doğulub. Babası Mirzə İbrahim dövrünün tanınmış ilahiyyat alimlərindən sayılıb. Azərbaycan türkcəsi və farsca şeirlərin müəllifi kimi Qarabağda sevilirdi. Eyni zamanda, müasirləri arasında mahir xəttat kimi tanınmışdı. Əhməd bəyin atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd Şərq təhsili almışdı. Hər ikisi doğma ana dilindən başqa fars, ərəb, rus dillərini də bilirdi. Tədqiqatçılar yazırlar ki, bu ailə ocağı o dövr üçün Şuşanın fikir mərkəzlərindən biri idi və "intellektual salon" rolunu oynayırdı. Hətta Əhməd bəy Ağaoğlunun bəzi yazılarında da bu məsələyə işarə edilib.

Əhməd bəy Ağaoğlu (1909-cu ildə İstanbula mühacirət edənə qədər bütün mənbələrdə Əhməd bəy Ağayev kimi göstərilib) Şuşadakı rus gimnaziyasında oxuyub. 1887-ci ildə gimnaziyanı uğurla başa çatdıran Əhməd bəy Ağayev Peterburqa gedərək təhsilini Texnologiya İnstitutunda davam etdirmək arzusunda olub. Sonuncu imtahanda bal toplaya bilmədiyindən bu arzusuna "əlvida" deyərək daha uzaqlara - Fransaya yollanmaq fikrinə düşüb.

Parisdə keçirdiyi illər onun mənəvi inkişafında mühüm mərhələ təşkil edib. 1888-ci ildə Sorbonna Universiteti yanındakı Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Praktik Ali Tədqiqatlar Məktəbində ərəb, fars və türk dillərində mühazirələr dinləyərək Şərq və İslam tarixi ilə məşğul olub. Altı ilə yaxın davam edən Paris həyatından sonra Əhməd bəy 1894-cü ildə atasının ölüm xəbərini alaraq vətənə qayıdıb.

Qərbin mütərəqqi ideyalarını Azərbaycanda gerçəkləşdirməyə can atan və gördüyü işlərin müqabilində "Firəng Əhməd" ləqəbini qazanan bu gənc alim böyük arzularla yaşayırdı. O, daha geniş fəaliyyət sahəsinə can atırdı. Belə bir ünvan isə ancaq mətbuat ola bilərdi.

XIX əsrin sonlarında Şuşadan Bakıya köçərək qəzetdə işləmək arzusunda olub. O dövrdə H.Z.Tağıyev 1881-ci ildə Bakıda rus dilində çıxan "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə satın alaraq milli ziyalıların ixtiyarına verdi. Əhməd bəy Ağaoğlu da uzun müddət "Kaspi" qəzetinin əsas müəlliflərindən biri kimi fəaliyyət göstərdi. Bununla bərabər, Əhməd bəy Ağaoğlu Bakı Ali Ticarət Məktəbində fransız dilində dərs də deyirdi. 1901-1903-cü illər arasında "Kaspi"nin, demək olar ki, hər sayında onun bir-birindən aktual, maraqlı, həm də düşündürücü məqalələri çap olunurdu. Bu qəzetdəki fəaliyyəti dövründə Əhməd bəy Ağaoğlu Qafqaz Senzura Komitəsində "müsəlman mətbuatına" nəzarəti ələ almış erməni əsilli Qaraxanov və Kişmişev kimi senzorların casusluğu sayəsində hakim dairələrə "qatı panislamist və pantürkist" kimi tanıdılmışdı. Azərbaycan mətbuatına qənim kəsilən bu türk düşmənlərinin fəaliyyəti sayəsində Əhməd bəy Ağayevə yönələn təzyiqlər artmaqda idi. 1905-ci ildə H.Z.Tağıyevin növbəti maddi yardımı nəticəsində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşov "Həyat" qəzetinin nəşrinə icazə ala bildilər. Lakin ermənilərin apardığı kampaniya nəticəsində yenə də Əhməd bəy Ağaoğlu və onun həmfikirləri hədəfə alınırdı. Erməni və rus cinayətkar qruplarının təkidi ilə hətta muzdla tutulan qoçular Əhməd bəy Ağaoğlunu döymək təşəbbüsündə də olurlar. Müəllif bu çətin günlərdə xilas olmağın yolunu ancaq Türkiyəyə getməkdə görüb və xatirələrində də bunu belə əsaslandırır: "Şiddətlə təqib edilənlər arasında idim. İş elə dərəcəyə çatmışdı ki, artıq daha izzət-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü... Öyrəndiyim bir məlumat məni sarsıtdı. Qafqaz canişini Vorontsov-Daşkov məni necə olursa-olsun həbs etdirib sürgünə göndərməyə əmr vermişdi. Bunu öyrənən kimi... İstanbula gəldim". Beləliklə, 1909-cu ildən Əhməd bəy Ağaoğlu İstanbul sakini olub. XX əsr türk siyasi, mədəni, ictimai, elmi həyatında fəal və əhəmiyyətli rol oynayan, türk mədəniyyətinə böyük töhfələr verən Ağaoğlular ailəsinin yeni bioqrafiyası başlanıb...

1939-cu ildə dünyasını dəyişən Əhməd bəy Ağaoğlunun varlığından, yaradıcılığından uzun müddət soydaşlarımızın xəbəri olmayıb. Yalnız dövlət müstəqilliyinin bərpasından sonra bütünlükdə çağdaş türk-İslam dünyasının mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olan Əhməd bəy Ağaoğlu ədəbi irsi araşdırılaraq soydaşlarımıza çatdırılıb. Ölkə Prezidenti İlham Əliyevin 2004-cü il tarixli sərəncamına əsasən Əhməd bəy Ağaoğlunun "Seçilmiş əsərləri" latın qrafikası ilə nəşr edilib.

 

Zeynalabdin bəy

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin doğma qardaşıdır. Sovet hakimiyyəti illərində Bakıda cıdıra rəhbərlik edirmiş. Oğlu Teymur müəllimdən (bu yaxınlarda dünyasını dəyişdi) eşitmişdim bu əhvalatı. Bir axşam Əbdürrəhim bəy Haqverdiyevə dostları çatdırıblar ki, bu gecə Zeynalabdin bəyi aparacaqlar. "Xalq düşməni" adı ilə onu tutmaq üçün əmr hazırlanıb. Bu, adi xəbər deyildi. Hər kəlməsindən ölüm hökmü tökülürdü. Bu səbəbdən də Əbdürrəhim bəy Haqverdiyev dərhal qardaşının Şuşaya dönməsini məsləhət görüb. Sonra özü də Şuşaya gəlib. Repressiyanın təzəcə başlamış dalğasından xilas yolunu qaçmaqda görən ədib qardaşının Azərbaycandan çıxmasını məsləhət bilib. Beləliklə də Zeynalabdin bəy 1926-cı ildə İrana, oradan da Türkiyəyə gedib. Bu tərəfdə isə iki oğluna və həyat yoldaşına bəy ailəsi olduğu üçün güllələnmə kəsilib. Həyat yoldaşı Tubu bu haqsızlığa dözməyərək dünyasını dəyişib. Zeynalabdin bəyin qayınatası Məşədi Novruz və Firəngiz xanım uşaqların soyadlarını dəyişərək fidanları qorumağa nail olublar. Beləliklə, Zeynalabdin bəyin yadigarları "bəylik statusundan xilas" olunublar. Hətta nəcabətlərinin sübutu qalmasın deyə bütün nişanələr - albomlar, fotolar, məktublar və başqa əşyalar məhv edilib. Zeynalabdin bəyin övladları - Saleh və Teymur əmiləri Əbdürrəhim bəyə xətər toxunmasın deyə onun qardaşı balaları olduqlarını uzun müddət gizlədiblər. Təbii ki, baş verən bu ədalətsizliklər, qiyamlar Əbdürrəhim bəy Haqverdiyev kimi bir insanı için-için yeyirdi. Elə ona görə də qəflətən ürəyi dayandı. Zeynalabdin bəydən isə heç bir xəbər-ətər çıxmadı. Yalnız çox sonralar rəhmətlik Xan Şuşinski yaxınlarına xəlvətcə danışmışdı ki, İranda qastrol səfərində olarkən konsert zamanı Zeynalabdin bəy ona yaxınlaşaraq görüşüb, qohum-əqrəbasını, balalarını xəbər alıb... Həmişə sərt, məğrur olan bəy oğlu kövrələrək çox zəif səslə söyləyib: "Hər şeyi tapmaq olar, tapdım da. Şuşadan və doğmalardan savayı..."

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video