02 Noyabr 2021 01:56
2082
Səhiyyə
A- A+

Şuşanın ilk şəfqət ünvanı

 

Zəfər qalamızda yaradılan modul tipli xəstəxanada fədakar həkimlərimiz 24 saat xidmət göstərirlər

 

Şuşadayıq...

Şəhərin bütün küçələrində, məhəllələrində təmir-bərpa, abadlıq-qruculuq işləri gedir. Belə bir təəssürat yaranır ki, Pənahəli xanın sıldırımlar, qayalar üzərində təməlini qoyduğu qala şəhərimiz 28 il düşmən tapdağında inləsə də, sınmayıb, ruhunu itirməyib, əzəmətini və qamətini saxlaya bilib.

Fərəhlidir ki, bu gün Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir. Bu mənzərəyə şahidlik etmək insanda ruh yüksəkliyi yaradır.

Şəhərdə bütün lazımi infrastrukturlar inşa olunur, sosial-iaşə obyektləri yaradılır. Onların bir çoxu haqda əvvəlki reportajlarımızda məlumat vermişik. İndi isə yolumuz Şuşanın keşiyini çəkən, müdafiəsini təmin edən və Zəfər qalamızın yenidən qurulmasında iştirak edən hər kəsin sağlamlığının təminatı üçün yaradılan modul tipli xəstəxanayadır.

 

Modul tipli olsa da, ən ağır cərrahiyyə əməliyyatının aparılması üçün şərait var

 

Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir. Azərbaycanın fədakar həkimləri burada 24 saat tibbi xidmət göstərirlər. Böyük maraqla həm xəstəxananın fəaliyyəti ilə maraqlanırıq, həm də həkimlərlə söhbətləşirik.

Tibb müəssisəsinə könüllü olaraq gələn Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinin cərrahı Almas Seyidov bizi burada yaradılan şəraitlə tanış edir. Söhbət əsnasında bəlli olur ki, hazırda xəstəxanada Nərimanov Tibb Mərkəzinin 12 nəfər tibb heyəti ezamiyyətdədir. Onlar hərbçilərə və Şuşanın yenidən qurulması prosesində iştirak edən hər kəsə təmənnasız xidmət göstərirlər. İki həftədən sonra onları başqa heyət əvəzləyəcək. Həkim deyir ki, modul tipli xəstəxanada yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat vətəndaşların müayinə və müalicəsinə xidmət edəcək.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Əməliyyat və intensiv terapiya otaqlarında, eyni zamanda bütün palatalarda oksigen xətti mövcuddur. Xəstəxanada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, anesteziologiya-reanimasiya və stasionar xidmətlər göstəriləcək.

Xəstəxananın təchizatı barədə məlumat verən Almas həkimin sözlərinə görə, funksional diaqnostika otağı portativ rentgenoqrafiya aparatı ilə təmin olunub. Tibb müəssisəsinin laboratoriyasında ümumi və biokimyəvi analizlərin aparılması mümkündür. Xəstəxanada travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də digər işçilər çalışırlar.

Xəstəxanada 6 palata var. Burada 24 saat ərzində eyni anda 9 xəstəyə yardım etmək mümkündür. İstənilən ağır əməliyyat prosesini aparmaq üçün lazımi şərait yaradılıb. TƏBİB xəstəxananı dərman ləvazimatları və bütün tibbi avadanlıqlarla təchiz edib.

 

12 yaşında Şuşadan çıxan tibb bacısının sevinc göz yaşları

 

Xəstəxana ilə ümumi tanışlıqdan sonra tibb işçilərinin, həkimlərin təəssüratlarını öyrənirik.

Şuşaya könüllü olaraq gələn Bakı şəhər 5 saylı klinik xəstəxanasının nəzdindəki 3 saylı uşaq poliklinika şöbəsinin həkim-infeksionisti Kəmalə Eldarova deyir ki, karyerasının ən yaddaqalan günlərini yaşayır: “Çox fərəhlidir, qürur hissi keçirirəm. Şuşaya gəlmək, Zəfər qalamızı görmək çoxdankı arzum idi. Heç vaxt Şuşada olmamışam, ona görə də bura gələndən sevincimin həddi-hüdudu yoxdur. İşdən sonra şəhəri küçə-küçə gəzirəm. Əlbəttə ki, əsgərlərimizə xidmət etmək bizim üçün şərəfdir. Çünki Şuşanı 28 ildən sonra bizlərə onlar qaytarıblar. Biz də əlimizdən gələni etməliyik ki, onlar daim sağlam olsunlar”.

Tibb bacısı  Səidə Seyfullayeva da çox sevincli görünürdü. Dediyinə görə, Şuşaya ezam olunan ilk tibb heyətinin tərkibində olması xəbərini eşidəndə göz yaşlarını saxlaya bilməyib. Səbəbini özündən eşidək: “Burada bəlkə də mənim qədər sevinən yoxdur. Çünki mənim atam şuşalıdır. Qanımla, canımla şuşalıyam. Mən 12 yaşıma qədər burda böyümüşəm. İllər sonra Şuşanı görməyin sevincini, kədərini sözlə ifadə etmək çətindir. Erməni vandalları şəhərimizi elə günə salıblar ki, evləri belə tapmaq olmur. Sanki burada vəhşi qəbilə yaşayıb. Amma qürurlanıram ki, Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə Şuşa yenidən qurulur, özü də çox sürətlə. İnanıram ki, tezliklə Şuşa öz əzəmətli, gözəl günlərinə geri dönəcək. Biz də öz ata-baba yurdumuza gəlib xoşbəxt günlərimizi yaşayacağıq. Mən də böyük həvəslə tibb bacısı kimi dədə-baba yurdumda çalışaram”.

 

28 il yurd nisgili çəkmiş həkim-laborantın arzusu

 

Nərimanov Tibb Mərkəzinin həkim-laborantı Şəhrun İsmayılova da öz xahişi ilə Şuşaya ezam olunub. Həmkarları kimi onun da sevincinin həddi-hüdudu yoxdur:

“21 ildir bu sahədə çalışıram. Bugünkü kimi sevindiyim anları xatırlamıram. Çünki mən də illərlə elindən-obasından didərgin düşmüş, yurd nisgili çəkmiş bir qarabağlıyam. Ağdamda anadan olmuşam. Uşaqlığımda Şuşada, İsa bulağında çox olmuşam. Biz hər yay buralarda istirahət edərdik, dağları-dərələri gəzib, bulaqların buz kimi suyundan içib xoşbəxt günlərimizi keçirərdik. Taleyin qismətidi, 28 il yurdumuza həsrət qaldıq. Ən yaxın əzizlərimiz gözümüzün önündə bu yerlərin cəfasını, dərdini-sərini çəkə-çəkə həyatdan köçdülər. Amma bu gün Qarabağımız işğaldan azaddır və cənab Prezident bu regionumuzda bütün şəhər və qəsəbələri, kəndləri yenidən qurur. Elə ilk olaraq mənim doğulduğum Ağdam şəhərinin baş planı təsdiqlənib və yeni, müasir Ağdam qurulur. Arzum və istəyim budur ki, Ağdama qayıdıb şəhər xəstəxanasında həkim-laborant kimi fəaliyyət göstərim. Bunu çox səbirsizliklə gözləyirəm”.

Gültəkin Mirbabayeva isə USM həkimidir. Şuşaya gələn briqadanın üzvü olduğu üçün özünü xoşbəxt sayır. 14 ildir bu sahədə çalışan həkim deyir ki, Azərbaycan hərbçilərinə, Qarabağı 44 günə azad edən igid oğullarımıza tibb xdmətləri göstərmək onlar üçün fəxrdir: “Heç ağlıma da gəlməzdi ki, nə zamansa gəlib Şuşada çalışacam. Müharibə zamanı bizim həkimlərimizin də böyük zəhməti oldu. Yaralılarımızın həyatını qurtaran həkimlərimizdən də şəhid olanlar, yaralananlar var. İndi isə biz öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Təki Şuşanın keşiyini çəkən əsgərlərimiz hər zaman sağlam olsunlar və bu qədim şəhərimizi göz bəbəkləri kimi düşməndən qorusunlar”. Həkim deyir ki, gün ərzində USM müayinəsi üçün 5-6 nəfər hərbçi, tikinti-quruculuq işlərində çalışan şəxslər müraciət edir. Müayinə zamanı bədənin hər hansısa orqanında problemin olduğu aşkarlandıqda həmin şəxsə bir neçə günlük müalicə kursu yazılır.

 

Şərəfli peşə sahibləri və xilaskarlıq missiyası

 

Onları əbəs yerə xilaskar adlandırmırlar. Xəstələr həmişə çarəni həkimlərin əllərində axtarırlar. “Hippokrat andı” içən şərəfli peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün gecə-gündüz onların başı üstünü kəsdirir, çarpayısının yanından ayaq çəkmədən yaşamla ölüm arasında çırpınan xəstələri həyata qaytarmaq üçün çalışırlar.

Ağxalatlı peşə sahibləri yuxusuz gecələri, bilik, bacarıq və təcrübələri hesabına neçə-neçə ömrü yarıda qırılmağa qoymurlar. Onların peşəsinin müqəddəsliyi də elə bundadır.

Onlar insanların ən dəyərli neməti olan sağlamlığın keşiyindədirlər. Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə loğman  demişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.

Göründüyü kimi,  fədakar Azərbaycan həkimləri bu gün Şuşanı qoruyan, şəhərin yenidən qurulması prosesində çalışan hər kəsin sağlamlığı üçün bacardıqlarını əsirgəmirlər. Necə ki, Vətən müharibəsində olduğu kimi...

Torpaqlarımızın azadlığı uğrunda başladığımız haqq savaşında həkimlərimizin də çox böyük xidmətləri olub. Bir əlində silah, o biri əlində tibb çantası ilə döyüşün içində olub həkimlərimiz. Onların fədakarlığı sayəsində yüzlərlə yaralı qəhrəmanımız sağ qalıb və hətta yaralı-yaralı döyüşü davam etdirib.

Vətən müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanıb, onlardan 42 nəfəri xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

Bu gün Zəfər qalamızda təmənnasız çalışan həkimlərimiz cəsur, fədakar həmkarlarının ruhlarını şad edərək onların yolunu davam etdirirlər. Əgər müharibə zamanı həkimlərimiz Şuşanı savaşa-savaşa düşməndən geri alan qəhrəmanlarla çiyin-çiyinə irəliləyirdilərsə, bu gün Nərimanov Tibb Mərkəzinin əməkdaşları Zəfər qalamızı yenidən quran, müdafiə və mühafizə edən hərbçilərimizin sağlamlığının keşiyindədirlər. Bu, fədakarlığın, müqəddəs anda sadiqliyin göstəricisidir. Məhz onların simasında xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik xüsusiyyətlərinin təzahürü görünür.

 Elə xəstəxana ilə tanışlıq, kiçik dialoqlarımız zamanı tibb işçilərinin səsləndirdikləri dəyərli, maraqlı fikirlər həm xoş ovqat yaradırdı, həm də insanı fərəhləndirirdi. Bu xoş ovqatla da xoşməramlı missiyalarında onlara uğurlar arzulayıb xəstəxanadan ayrılanda beynimdə bir fikri qətiləşdirmişdim - könüllü olaraq Qarabağda fədakarcasına çalışmaq, həqiqətən də, sonsuz təşəkkürə layiqdir.

Məhz belə xoş hallarla rastlaşdıqda, maraqlı proseslərə şahidlik etdikdə insanda bir əminlik hissi yaranır ki, şanlı qələbə Azərbaycan xalqını daha da mütəşəkkilləşdirib və bu gün böyük zəfərin izi ilə daha möhtəşəm gələcəyə doğru irəliləyirik.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Bakı-Şuşa-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video