22:30 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşanın İLHAM ƏLİYEV zirvəsi

ANA SƏHİFƏ / SİYASƏT
00:35 02.04.2021

 

...Televizorun qarşısında əyləşib Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfərinə baxırdıq.

Bu, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Şuşaya iki ay ərzində ikinci səfəri idi.

Hardasa 30 illik həsrətimizdən sonra azadlığına qovuşmuş ruhumuzun şəhəri ilə yeni görüşü, vüsalı...

Bu cür anları sonradan kamil tarixçilər, ədəbiyyat adamları daha mükəmməl şəkildə obrazlaşdırırlar. Çünki həyatımızdakı aramsız informasiya axınında sadəcə videogörüntüləri seyr etməklə, rəsmi xronikanı izləməklə, bu cür anları ucsuz-bucaqsız tarixin hüdudlarından bəzən tam görmək olmur. Baş verənlərə bəzən sadəcə cari fakt kimi baxıb keçirsən. Belə anları obrazlaşdırmaq isə tarixi vaxtın hündürlüyündən görüb duymağı, əsrləri birlikdə hiss etməyi bacaran bədii təfəkkür sahibi tarixçilərin, ədəbiyyatçıların işidir...

İlham Əliyevin Şuşa səfərini izlədikcə Şah babamız Şah İsmayıl Xətainin 1501-ci ilin payızında ilk dəfə Təbrizə daxil olması anları düşüncələrimdə dolaşırdı...

Səfəvilər dövrünün ən kamil tədqiqatçılarından olan mərhum alim Oqtay Əfəndiyevin bir bənzətməsi elə hey yaddaşımda təkrarlanırdı: “O, Təbrizə ruh bədənə daxil olan kimi daxil oldu”...

Azərbaycan Prezidentinin Şuşaya daxil olması da ruhun bədənlə qovuşması idi...

O səfərin, o görüşün hər anı böyük bir tarix kimi yaşanırdı və həmin səfər indən sonra da həmişə milli yaddaşımızın qürur dolu məqamı kimi xatırlanacaq.

***

...Həyat yoldaşım göz yaşları içində izləyirdi o səfərin bütün epizodlarını. Özüm də çox kövrəlmişdim, amma çalışırdım büruzə verməyim.

Səfər başa çatan anlarda  Prezidentimiz yenidən Cıdır düzünə gəldi. Burada bir sözü oldu: mən Şuşadan getmək, ayrılmaq istəmirəm...

Bu kəlməni eşidəndə yumruq boyda qəhərin qəfildən boğazıma necə tıxandığını hiss etdim. Bayaqdan özümü nə qədər tox tutmağa çalışsam da, artıq göz yaşlarıma hakim ola bilmədim. Bənizimin ağardığını görən xanımım narahatlıqla əl-ayağa düşdü: “Hüseynbala, nə oldu, sənə?! Təzyiqin qalxmayıb ki?!”

Təzyiqim yerində idi, səhhətimdə pisə doğru nəsə bir dəyişiklik də baş verməmişdi. Halıma sirayət edən xatirələrim idi...

O xatirələrim ki, Ali Baş Komandanın bu cümləsini eşidəndən sonra məni məndən alıb 1989-cu ilə, Şuşada keçirdiyim ilıq bir yay gününə aparmışdı...

Həmin gözəl yay gününün səhəri, Şuşa ilə ayrılıq anında eyni cümləni özüm də dilə gətirmişdim, Şuşadan ayrılmaq istəmədiyimi o yay səhəri bərabər olduğum dostlara demişdim...

Elə bil ürəyimə dammışdı ki, bu ayrılığın ömrü xeyli uzun çəkəcək. Şuşanın işğalından sonra o ayrılıq kəlməsinin ağırlığı, o sərin mehli yay səhərinin qubarı, nisgili illərlə içimdə dolaşmışdı.

Qurğuşun kimi yaddaşımdan asılıb qalmışdı...

İndi bu cümlələri yaza-yaza düşünürəm ki, eyni kəlməni Prezidentimizin dilindən bu dəfə tamam başqa ovqatda, başqa ruhda, başqa bir tarixi reallığın əhatəsində eşidəndə qəhərə çevrilib boğazımda tıxanıb qalan, əriyib göz yaşlarıma qarışan da elə həmin ağırlıqmış, nisgilmiş, qubarmış, canımdan çıxan Şuşa həsrətimin sonu imiş...

***

...Onda Qarabağın çox ağır günləri idi.

Məkrli düşmən neçə əsrlərdən bəri hazırladığı xəyanət planını sürətlə həyata keçirməyə başlamışdı. Qarabağ mərhələ-mərhələ, qarış-qarış işğal olunurdu. Azərbaycan bu mənfur planın qarşısını almaq üçün yollar arayırdı. SSRİ Ali Soveti vəziyyətdən çıxış yolunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının yaradılmasında görmüşdü. Xüsusi İdarəetmə Komitəsinin rəhbəri də adı çoxumuza yaxşı tanış olan bədnam Arkadi Volski idi. Adını mərkəzi idarəçilik qoysalar da, bu, əslində mərkəzi idarəçilik deyildi. Birmənalı ermənilərin maraqlarına xidmət edən təsisat kimi fəaliyyət göstərirdi. Nə isə, indi bu barədə geniş danışmaq istəməzdim. Tarixlə az-çox maraqlanan hər kəs onsuz da nəyin necə olduğunu bilir.

Onda müxtəlif dövlət qurumlarının təmsilçiləri tez-tez əraziyə ezam edilirdi. Yaranmış şəraitlə tanış olurdu. Göz görəsi işğal prosesinin qarşısını almaqdan, heç olmasa doğruları mərkəzə dürüst çatdırmaqdan ötrü hər bir vicdanlı azərbaycanlı məmur öz sahəsi üzrə bacardığı qədər nələrsə etməyə çalışırdı.

Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini kimi mən də Qarabağa ezam olunmuşdum. Sonradan işğal altına düşəcək bir neçə rayonu gəzdikdən sonra Xankəndiyə getməli idim. Orada müşavirə keçiriləcəkdi. Məni Xankəndiyə dörd rus hərbçisinin müşayiəti altında apardılar. Necə apardılar, onu da eynən təsvir edim: avtomatlı hərbçilərdən biri avtomobili idarə edirdi, biri qarşıda, digər ikisi isə sağımda və solumda əyləşmişdi.

Oradakı iclas necə, hansı ovqatda keçdi, nələr danışıldı, bu barədə təfərrüatlara varmaq istəməzdim. Tipik erməni həyasızlığının, guya problemin həlli pərdəsi altında havadarların işğalçılara verdiyi açıq-aşkar dəstəyin, Azərbaycanın necə təklənməsinin acı təəssüratları indiyə qədər ürəyimi göynədir, tikan kimi yaddaşıma  batır...

İclas başa çatandan sonra dedim ki, hökmən Şuşada olmalıyam, bir gecəni orada keçirməliyəm. Dostum Əli Mahmudla bərabər Şuşaya qalxdıq. Şəhərə qədər bizi yenə həmin rus əsgərləri müşayiət edirdi.

Şuşanın sərin yay axşamının füsunkarlığı, ecazı Xankəndidəki iclasın əsəbi ovqatına su səpdi elə bil, xeyli toxtadım. Şəhərin məşhur məhəllələrini bir-bir gəzdim. Cıdır düzünə getdim, Şuşanın başı dumanlı dağlarına baxdıqca baxdım...

Sanki qarşıda bizi gözləyən illərin ayrılığını duyub Şuşanı ən kiçik cizgilərinə, nişanələrinə qədər gözlərimə, yaddaşıma köçürmək istəyirdim...

Gecəni də Şuşada keçirdik, şəhərlə ayrılıq anımız səhər erkən Vaqifin məqbərəsi qarşısında oldu. Buranı tərk edəndə kövrək şəkildə dostlara dedim ki, Şuşadan heç getmək istəmirəm...

İndi məni kövrəldənsə 32 ildən sonra eyni sözləri Ali Baş Komandanımızın da dilindən eşitməyim, Şuşaya bu vurğunluğu ondan da duymağım idi.

Bu şəhəri görəndən, bu gözəl məkanın ruhunu duyandan sonra o sözü kim demir ki?!

Şuşaya məftunluğunu kim dilə gətirmir?!

Şuşadan kim getmək istəyir ki?!

Şəksiz, Qarabağ xanı Pənahəli xana Şuşanın ilk məhək daşını qoyduran da elə bu kəlmələr olub. Həmin kəlmələrdə ifadə edilən bu məftunluq olub. O da Şuşaya gəlib, bu müqəddəs məkanın ruhunu hiss etdikdən sonra daha buradan getmək istəməyib və Şuşada daimi binə salıb. Qısa zamanda burada şəhər tikib, Şuşanı öz dövrünün əsas mədəniyyət mərkəzlərindən birinə çevirib...

***

Düşüncələrimdə 30 il əvvəl ayrıldığım, şükürlər ki, artıq azadlığına qovuşmuş, yeni videogörüntülərini, şəkillərini seyr etməkdən doymadığım, hökumətimiz sərbəst gediş-gəlişə icazə verən kimi dərhal görüşünə tələsəcəyim Şuşanı məhəllə-məhəllə dolaşıram...

Şuşa o qədər də böyük şəhər deyil - müxtəlif tarixi dövrlərin izlərini memarlığında yaşadan, füsunkar təbiətlə əhatə olunmuş kiçik bir şəhər...

Buradakı  tikililərin müəyyən qədər bənzərlərinə başqa mədəniyyət mərkəzlərimizdə də rast gəlmək olar. Onların hər biri bizim üçün doğmadır, əzizdir, canımızın bir parçasıdır. Həm də Vətənin hansısa məkanları təkcə gözəlliyinə, abadlığına, memarlıq nişanələrinə görə uca tutulmaz ki... Azərbaycan insanı bu Vətənin ot bitməyən, su çıxmayan, elə bir əhəmiyyətli maddi mədəniyyət abidəsi olmayan, təbiətin də qüdrət qələmini əsirgədiyi başqa məkanlarının da hər qarışı uğrunda zaman-zaman canını qurban verib. Hər qarışını qanı ilə qoruyub və imkanlar yetişdikcə bu torpaqlarda da cənnət yaradıb.

Amma buna rəğmən Şuşanın təsəvvürümzdəki yeri bir başqadır. Bu şəhəri özünəməxsus edən, təkrarsızlaşdıran başqa nələrsə də var. Bu, şəhərin təkcə təbiəti, qədimliyi ilə bağlı deyil. Memarlıq nümunələri, musiqi beşiyi olması da Şuşanı düşüncələrimizin fövqündə tutmağımızın əsas səbəbi sayılmaz.

Şuşanı bizim üçün Şuşa edən bu şəhərin ruhudur...

Onu heç bir səbəblə izah etmək mümkün deyil. Şuşada özündən asılı olmayaraq gümrahlaşırsan, qəlbin həyat eşqi ilə dolub-daşır, zamanı keçmiş, bu gün və gələcəklə birgə hiss edə bilirsən. Şəhərdən ayrılanda ürəyinə qəribə bir hüzn çökür, hələ heç bir neçə kilometr uzaqlaşmamışdan bu şəhər üçün artıq necə darıxdığını, yenidən necə ona can atdığını hiss edirsən.

Sevgi də elə budur. Şuşa bu şəhərə, onun gözəlliyinə, təbiətinə, tarixinə, orada yaşanmış xatirələrə, burada yaradılan mədəniyyət incilərinə aidlik duyğusudur. İnsan birinə aşiq olanda bu aşiqliyin səbəblərini özünə izah edə bilmir. Zatən bunun bir izahı tapılsa, məhəbbətin mənası da qalmaz.

Bizim Şuşa sevgimiz də səbəbsiz sevgidir və bu sevgi elə səbəbsizliyi ilə gözəldir, müqəddəsdir...

Şuşasızlq natamamlıqdır... Biz illərlə bu natamamlıq içində yaşamışıq. Onun ağrı-acısını, göynərtisini qəlbimizdə hiss etmişik.

***

Şuşa alınan gün Azərbaycanda yaşanan şadyanalıqlar, bir-birini bağrına basıb təbrik edən insanlar, sevinc dolu göz yaşları...

O anları kim unudar?! Həmin insanların çoxu Şuşanın işğalından sonra doğulub. Bu şəhəri sadəcə şəkillərdə, videolarda görüb. Amma ruh sevgini yenə də yaşadır, qan yaddaşı insanı ona aid olan, özünü aid bildiyi müqəddəs məkana bağlayır. Şuşa bizim mənəviyyat məbədimizdir.

Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının evinin kandarından başlanan bütün yollar enində, sonunda Şuşaya aparır, bu şəhərin yollarına, daş döşənmiş küçələrinə qovuşur...     

“Şuşasız bizim işimiz yarımçıq qalar” - Prezident İlham Əliyev Vətən müharibəsinin gedişində verdiyi müsahibələrin birində belə demişdi. Və Qarabağ torpaqlarının, o cümlədən Şuşanın bizim üçün niyə bu qədər önəmli olduğunu Almaniyanın ARD kanalının müxbirinin “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cavabında hər bir vətənpərvər azərbaycanlının qəlbindəki ruhla, sevgi ilə,arqumentlə izah etmişdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.

***

Şuşa burada yaşanmış günlərlə, yaddaşlara hopmuş xatirələrlə böyük bir dünyadır, dünya boyda hekayədir. Şuşa hər bir azərbaycanlının nəzərində bir ucalıqdır. Bu ucalıq şəhərin hündür relyefi ilə bağlı deyil həm də... Şuşa mənəviyyat ucalığıdır, alınmazlıq rəmzidir. Coğrafi məkandan daha çox mənəvi dünyamızın ərazisidir.

Ağa Məhəmməd şah Qacar bu şəhəri almaq üçün neçə gün mühasirədə saxlayıb, özlərini qalalı adlandıran köhnə şuşalıların dili ilə desək, sonunda burada baş qoyub gedib... 

Xalqın milli ruhunun tərcümanı olan ana dilimiz Şuşada öz minillik tarixi boyu çox böyük irəliləyiş edib. Vaqifin bal kimi şirin, sadə xalq dilində yazdığı şeirlər Məhəmməd Füzulidən sonra Azərbaycan ədəbi dili tarixində böyük bir mərhələ yaradıb. Füzulinin sərt qızılgül tikanları arasından boylanan gözəl bir qönçə misalında gördüyü ana dili kəlmələrimiz bütün gözəlliklərini, ifadə imkanlarını, zərifliyini Vaqifin qoşmalarından izhar etməyə başlayıb.

Şuşa şəhəri mövcud olandan milli mədəniyyətimizin elə bir uğuru tapılmaz ki, orada Şuşanın da adı görünməsin, bu şəhərin mədəni mühitinin ruhu özünü hiss etdirməsin.

***

Şuşada Vaqifin məqbərəsi ucalır. Ermənilər işğal dövründə abidənin üzərindəki mərmər üzlükləri söküb satsalar da, məqbərənin əsas sütunları durur. İşğalçıların onları da sökməyə təpəri yetməyib, böyük ehtimal tikinti materialı kimi pula getməyəcəyini görüb buna zəhmət sərf etmək istəməyiblər.

Özünün heç bir tarixi kökü, onu torpağa bənd edən sarsılmaz dayağı olmayan, ancaq başqalarından oğurlamağı, başqalarınkını yağmalamağı, söküb satmağı yaxşı bacaran bir toplum bu cür uca və möhkəm sütunların hansı mənəvi mahiyyət daşıdığını nə anlar ki?! 

Vaqifin bu məqbərəsini xalqımızın Ümummilli Lideri Heydər Əliyev ucaldıb. 1982-ci ildə açılışını şəxsən özü edib. Bu mərasimə övladı İlham Əliyevi də gətirməyi vətənpərvər, xalqın soy-kökünə bağlı bir valideyn kimi özünə mənəvi borc bilib. Heydər Əliyevin Şuşada Vaqifə məqbərə ucaldılmasına son dərəcə əhəmiyyətli bir iş kimi baxmasının, bu şəhərdə hər il “Vaqif poeziya günləri”nin keçirilməsini xoş bir ənənəyə çevirməsinin böyük tarixi, simvolik mənası vardı.

Heydər Əliyev burada təkcə Vaqifə məqbərə tikmirdi. Vaqifin timsalında Şuşada, Qarabağın baş tacında, coğrafi baxımdan ən yüksəkdəki şəhərlərimizdən birində Azərbaycanın mənəvi yüksəkliyinə abidə ucaldırdı...

Vaqifin 1982-ci ildə açılışı olmuş məqbərəsi bunun simvolu idi. Heydər Əliyev bununla ermənilərə göz dağı verirdi, öz yerlərini göstərirdi. Azərbaycanın, azərbaycanlıların mənəvi ucalığı qarşısında nə qədər cılız, miskin göründüklərini onlara simvolların dili ilə anladırdı.

Erməni millətçiləri Heydər Əliyev kimi hər addımını ölçüb biçən böyük dövlət adamının bu cür addımlarının nə demək olduğunu xalqımıza qarşı əsrlərlə küdurət hissi ilə dolub-daşan düşüncələrində çox yaxşı hiss edə bilirdilər. Heydər Əliyev də onların necə məkrli bir düşmən olduqlarını çox dəqiq bilirdi. Erməni millətçiliyinin əfi ilan kimi öz öldürücü zəhəri ilə dəhşət saçmağa necə hər an fürsət gözlədiyini iti fəhmi, uzaqgörən baxışları ilə hamıdan yaxşı duyurdu.

Ona görə də əlindəki bütün imkanlarla bu əfi ilanın başını əzməyə çalışırdı, elə əzirdi də...

Təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə qarşı böyük təhlükə olan erməni millətçiliyinin qarşısının alınması üçün sovet dövründə nə mümkündürsə edirdi...

***

Heydər Əliyev erməni faşizmi qarşısına Azərbaycan milli mənəviyyatının gücü, xalqımızın əsrlər boyu mövcud olan tolerantlıq ənənələri, fərqli mədəniyyətlərə hörmət ruhu ilə çıxırdı.

Qarabağın ermənilər məskunlaşmış yaşayış məntəqələrinə çəkdirdiyi yeni yollarla, Xankəndiyə aparan dəmiryolu ilə bölgəni Azərbaycana daha möhkəm bağlayırdı...

Bu məntəqələrdə tikdirdiyi istehsal-emal müəssisələrində işə başlayan, açdığı yeni tədris ocaqlarında təhsil alan və sonra da bu torpaqlarda qalıb çalışan azərbaycanlı gənclər hesabına regionun vaxtilə süni şəkildə formalaşdırılmış milli tərkibini yenidən xeyrimizə dəyişirdi. Bununla da erməni faşizminin sərhədlərini daraltmağa can atırdı.

Eyni zamanda az-çox sağlam düşüncəyə malik ermənilərin özlərini də bu xəstəlikdən mümkün qədər qorumağa çalışırdı. Onlara doğru yaşamağın, uydurulmuş miflərdən uzaqlaşmağın, ümumi inkişafın bir parçasına çevrilməyin yollarını göstərirdi.

Heydər Əliyev kimi müdrik zəka sahiblərinə o vaxtdan yaxşı məlum idi ki, ifrat millətçilik mərəzinin ən böyük ziyanlarından biri də bu xəstəliyi yayan toplumun özünə dəyir. Onlar böyük bir regionun başağrısına çevrilməklə yanaşı, öz gələcəklərini də baltalayırlar. Ulu Öndər xalqlar arasında dostluğun, barışın, mədəniyyətlərin qaynayıb-qarışmasının, insanların arada heç bir ayrıcalıq qoymadan bir-birinə hörmət bəsləməsinin, halal zəhmətlə dünyaya birgə fayda verməsinin bütün dərdlərə dərman olacağına inanırdı.

Heydər Əliyev özü erməni daşnaklarının ötən əsrin əvvəllərində ayrı-ayrı yerlərdə - Bakıda, Qarabağda, Qubada, Şamaxıda, Naxçıvanda, Zəngəzurda xalqımıza qarşı törətdikləri qırğınlardan zərər çəkmiş, doğmalarını bu qırğınlarda itirmiş, yurdundan-yuvasından didərgin olub zülmlər çəkmiş minlərlə azərbaycanlı ailələrindən birində doğulub böyümüşdü...

Adını daşıdığı nakam dayısı Heydəri ermənilər həmin qırğınlar zamanı qətlə yetirmişdilər...

Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın ailəsi də ermənilərin əlindən olmazın acılar yaşamışdı. Bu ailənin erməni faşizmi üzündən necə əziyyətlər çəkdiyini görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin bioqrafiyasından yaxşı bilirik.

İlham Əliyev də elə bir ailədə böyüyüb tərbiyələnib ki, gizli ailə söhbətlərində atası Heydər Əliyev, anası Zərifə xanım ermənilərin bizə qarşı düşmənçiliyi haqqında mütləq ona danışıblar.

Erməni faşizminin necə dəhşətli bir bəla olduğunu ona uşaqlıqdan anladıblar...

İlham Əliyevin bu gün erməni faşizminə qarşı necə mətinliklə, prinsipiallıqla mübarizə aparmasının, bunu təkcə milli deyil, ümumbəşəri bir məsələ saymasının və həyat prinsiplərindən birinə çevirməsinin əsas səbəblərindən biri də elə budur, ailə təlqinidir...

Belə bir həqiqəti bu gün hamımız açıq-aydın şəkildə görürük ki, Azərbaycanda erməni faşizminə qarşı ən mübariz adam, ən prinsipial vətəndaş məhz İlham Əliyevin özüdür!..

Bu xüsusiyyət Azərbaycanın apardığı haqq davasını hər cür diplomatik gedişlərin, siyasətin yaratdığı məhdudiyyətlərin, bu mübarizə işini zamanın, gələcək nəsillərin, təsadüflərin ümidinə buraxmaq düşüncəsinin fövqünə qaldırır...

Cənab İlham Əliyev bu məsələnin gələcəyə qalmasını istəmir. Erməni faşizminin bir daha baş qaldırıb insanlara yeni acılar yaşatmamasından ötrü bu işi şəxsən özü birdəfəlik başa çatdırmağa can atır. O, çox yaxşı bilir ki, əgər bu iş burda bitməsə, onillər sonra yenə də erməni faşizmi ucbatından gənc ömürlər yarıda qırılacaq. Min bir iztirab çəkən talelər, nakam ömürlü doğmalarının adını dünyaya yenicə gəlmiş körpəsinə yaraşdıran valideynlər, uşaqlarına ermənilərin soydaşlarımıza qarşı törətdikləri qırğınlar haqqında yeni acı xatirələr nəql edən atalar-analar olacaq yenə...

Dövlət rəhbərimiz onillərdir sürən bu gedişatı dəyişir. Nəticələrlə birgə səbəbləri də aradan qaldırır. Ermənilərin əsrlərlə yoluxduqları millətçilik mərəzinin köklərini, özəyini kəsib atır.

İndi düşünürəm ki, əgər Azərbaycan Prezidentinin şəxsi xarakteri, mübarizliyi, erməni faşizminə qarşı nifrəti olmasaydı, biz bu müharibəyə başlayıb, hərbi əməliyyatları ildırım sürəti ilə aparıb qalib gələ bilməzdik...

***

İlham Əliyev illərin ayrılığından, kədərli ayrılıq hekayətindən sonra Şuşaya qaytardığı Xurşudbani Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnmiş büstləri ilə bu şəhərin mədəniyyət əhvalını özünə qovuşdurdu...

İllərlə Şuşa səmasında dolaşan nigaran, yaralı ruhları yenidən Şuşa torpağına endirdi, bu torpağa əbədi bənd etdi...

Prezidentin gəzib dolaşdığı Şuşa küçələrindən, vəhşi düşmənin yaratdığı xarabazarlıqlar arasından, erməni faşizminə xas mənəvi iyrəncliyin bənzəri olan məişət pintiliyinin, tör-töküntünün bitdiyi məqamlardan, İlham Əliyevin  Şuşa mənzərələrini bir-bir adladıqca sükan arxasından diqqətlə, fəhmlə irəliyə, gələcəyə zillənmiş iti baxışlarından Şuşanın yeni intibahına doğru böyük bir yol başlanır...

İlham Əliyev Şuşada olanda şəhərin tarixi abidələrinə baş çəkir... 39 il əvvəl Heydər Əliyevlə birgə burada olarkən çəkilmiş arxiv fotolarının bələdçiliyi ilə doğma nişanələrin, xoş xatirələrin axtarışına çıxır. Hər dəfə belə nişanələrdən tapanda necə səmimiyyətlə, içdən sevindiyini, onun Şuşaya, ümumən Azərbaycana sevginin necə böyük saflıqdan yoğrulduğunu, mənəvi aləminin ən dərin qatlarından gəldiyini hamımız görüb-duyuruq.  

Artıq Şuşada bəzi tarixi abidələrin, o cümlədən Vaqifin məqbərəsinin bərpa işləri başlanır. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yaxından iştirak edir. Prezident də Mehriban xanımla birgə ikinci dəfə Şuşada olanda dedi ki, Vaqifin məqbərəsinin bərpasını Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək.  İlham Əliyev bu kəlmələri xüsusi vurğuladı: “Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”.

Mehriban xanımın rəhbərliyi ilə indiyə qədər həyata keçirilmiş layihələrlə tanış olan hər kəs Prezidentin bu kəlmələrinin nə məna kəsb etdiyini yaxşı anlayır. Bu, sonsuz bir inamdır, Azərbaycan qadınının incə zövqünə, səliqə-sahmanına, evin və elin abadlığı üçün göstərdiyi misilsiz fədakarlığa, çəkdiyi zəhmətə, ətrafdakı hər şeyin yerli-yerində olmasından ötrü hər xırda detalın da üstündə əsməsinə güvəndir, arxayınlıqdır... 

Şuşanın bərpasında Mehriban xanımın da yaxından iştirakı, Heydər Əliyev Fonduna xas zövqün aparıcı olması o deməkdir ki, Şuşanın hər daşında Azərbaycan insanının sevgisi gül açacaq...

Mehriban xanım bu işə də sevgisini qoyacaq...

Azərbaycana və dünyaya yenidən qazandırılan başqa tarixi sərvətlərimiz kimi, Şuşa da bir başqa cür möhtəşəm, bir başqa cür gözəl olacaq. Dünya bu gözəlliyə heyran qalacaq, Yer üzünün hər tərəfindən insanlar bu gözəlliyi ziyarətə gələcək.   

Mehriban xanımın özünün də bir tərəfinin şuşalı olması isə işin xüsusilə simvolik tərəflərindəndir...

Əslində, Mehriban xanım Azərbaycanın bütün bölgələrindəndir. Eyni zamanda biz də doğulduğumuz məkanlardan asılı olmayaraq hər birimiz mənən şuşalıyıq.

Mehriban xanım isə daha çox şuşalıdır, çünki nəsil şəcərəsində də bu şəhərin adı var...

***

İllər əvvəl Şuşa ağrısı, əzabları “Güllələnmiş heykəllərin fəryadı” essemdə mənə bu cümlələri yazdırmışdı: “Sən indi bizim tarixi kitabımızın qana bələnmiş səhifəsisən. Sənin sinənə yağı tikan əkir. Tikan əkən gül dərməz axı! Sənin güllələnmiş heykəllərini qırıq-qırıq eləsələr də, sındırsılar da, o heykəlləri diyar-diyar daşıtdıran ruhları məgər susdurmaqmı olar, sındırmaqmı olar?!”  

Şuşaya, azad Qarabağa səfərlər edən, Zəfər sevincini bu torpaqlardan bir daha xalqımıza, bütün dünyaya duyuran İlham Əliyev də bu xalqın tarix boyu yetirdiyi bütün böyük şəxsiyyətlərimizin canlı abidəsidir....

Bu şəxsiyyətlərin ruhu onda təcəlla tapıb. Özünün də bəyan etdiyi kimi, Pənahəli xan Şuşanın təməlini qoymuşdu, Şuşanı tikib qurmuşdu, İlham Əliyev isə Şuşanı, ümumən Qarabağı əsarətdən çıxardı, xalqımıza, dövlətimizə qaytardı...

Qeydlərimin əvvəlində də xatırlatdığım kimi, əslində mən Şuşalı dünyamı vətəndaş Hüseynbala olaraq 1992-ci ilin 9 mayında yox, yazıçı Hüseynbala olaraq 1989-cu ilin həmin o yay səhəri itirmişdim...

Şuşa ayrılığının əzabları, təlatümü daxilimdə o yay səhərindən başlamışdı. Həmin əzabların, mənəvi təlatümün havasında Qarabağ mövzusunda indiyə qədər çoxlu sayda bədii əsərlər, romanlar yazmışam. Pyeslərim tamaşaya qoyulub.

İndiyə qədər heç zaman dilə gətirmədiyim, qələmə almadığım bir məqamı isə məhz indi etiraf etmək istəyirəm: hər zaman demişəm ki, Qarabağ qayıdacaq. Buna daim inanmışam, heç zaman da inamımı itirməmişəm. İçimdə bir əminlik olub, belə bir əminliyimi başqaları ilə də paylaşmışam. Amma etiraf edim, ona da tam əmin idim ki, özüm Qarabağın azad olunduğu, bizə qayıtdığı günləri görə bilməyəcəm. Tarixin hüdudlarından baxanda çox qısa görünən ömür buna vəfa etməyəcək. Bu, gələcək nəsillərin hadisəsi olacaq. Bu sevinci, fərəhi, qüruru balalarımız yaşayacaq, gələcək nəsillər görəcək...

İlham Əliyev isə bizim ağlımıza belə gətirə bilmədiyimiz xəyalları gerçəkliyə çevirdi...

İşğal altındakı yurd yerlərimiz tez-tez yuxularımıza gələrdi. Bu günlərdə əziz dostum, həmdəmim Bəxtiyar Sadıqovla dərdləşəndə o mənə maraqlı bir etiraf etdi. Dedi ki, “mən Zəfərdən əvvəlki yuxularımda doğulduğum Ağdamda da oluram, Şuşada da, Kəlbəcərdə də, Qarabağın başqa doğma məskənlərində də, amma o yuxuların heç birində özümü qalib kimi hiss edə bilmirdim. İlham Əliyev isə hətta yuxumuza belə girməyən qələbəni bizə nəsib elədi”.

Həqiqətən Bəxtiyar Sadıqovun bu fikrini xatırlatmağın yeri var. Azərbaycan Prezidenti yuxularımıza sığmayan möhtəşəm Zəfəri, tarixi günləri bizə yaşatdı və yaşadır...

***

Elə bu sətirləri yazdığım anlarda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilir. Türk Şurası kimi tanınan qurumun tədbiri haqqında medianın yaydığı operativ məlumatlarla tanış oluram. İlham Əliyev çıxışının bir məqamında illər əvvəl Şuranın Naxçıvanda keçirilmiş Zirvə görüşü zamanı səsləndirdiyi kəlmələri xatırlayır: “Mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Əsrlərin əlçatmaz xəyallarının cəmi bir neçə ayın içində gerçəkləşməsi daha necə olar?!

İlham Əliyevin rəhbərliyi ilə tarix yenidən başlanır...

Tarix yenidən yazılır. İlham Əliyev bu tarixi özünün yetişdirdiyi, Qarabağı azad edən gəncliklə birgə yazır, formalaşdırdığı vətəndaş cəmiyyəti ilə yaradır...

Azərbaycan xalqı yeni bir başlanğıcdan böyük bir gələcəyə doğru irəliləyir...

İlham Əliyev azad torpaqlarımıza səfəri zamanı Azıx mağarasını da ziyarət etdi. Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası təkcə tarixi abidə deyil. Həm də bizim başlanğıcımızdır...

Gəldiyimiz yerdir, tapındığımız milli və ümumbəşəri dəyərlərin doğulduğu yerdir...

İlham Əliyev kökümüzü, başlanğıcımızı da azadlığına qovuşdurdu, tarixi qara ləkələrdən təmizlədi. Milli ruhumuzun təcəssümü olan Novruz bayramı ərəfəsində xalqı bu məkanda öz başlanğıcına qaytardı, azadlıq havasına yetirdi...

Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Hadruta - külli-Qarabağa azadlıq bəxş edən İlham Əliyevin Novruz bayramına az qalmış əfv fərmanı ilə 475 məhbusa azadlıq bəxş etməsi də bunun məntiqi davamı idi, burada da rəmzilik vardı...

***

2021-ci ilin ilaxır çərşənbəsi - torpaq çərşənbəsi günü azad torpaqlarımızda - Şuşada, Cıdır düzündə illərdən sonra ilk dəfə bayram tonqalı qalanmışdı. Torpaq bu tonqalın hərarətinə isinirdi.

Həmin tonqalı İlham Əliyev qalamışdı...

Qədim Oğuz ərənləri kimi Azərbaycanın Zəfər sevincini, büsat əhvalını o tonqalın işığında bütün hər kəsə yetirirdi. Hər kəsi sevincimizi bölüşməyə, Azərbaycanın regionda yaratdığı yeni inkişaf reallıqlarının bir parçası olmağa, sülhə, tərəqqiyə dəstək verməyə, mənfur niyyətləri, cılız iddiaları kənara qoyub dünyanın ən ali məqsədi olan insan xoşbəxtliyi üçün çalışmağa səsləyirdi. Torpağı əkib-becərməyə, onun bağrına qanlı silahlar deyil, bol bəhər gətirən, ruzi yetirən sağlam toxumlar əkməyə çağırırdı.

Həmin an Prezidentimizin tonqalın şöləsi düşən işıqlı çöhrəsində Dədə Qorqud siması, Dədə Qorqud piraniliyi görünürdü...

İlham Əliyevin Cıdır düzündə qaladığı tonqalın odu, istisi, işığı Dədə Qorqudun qaladığı tonqal qədərdir, ona bərabərdir...

Bunu hər zaman demişəm, yazmışam və bir daha təkarlayıram ki, İlham Əliyevin missiyası Dədə Qorquddan Şah İsmayıla, Şah İsmayıldan XIX əsrdə yaşamış ilk maarifçilərimizə, Cümhuriyyət qurucularımızdan Ulu Öndər Heydər Əliyevə qədər davam edən böyük bir missiyanın, ümumi hekayətin davamıdır!..

Bu gün İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu, imzası Prezidentlikdən qat-qat üstündür...

İlham Əliyev adı, məqamı bütün inzibati vəzifələrin fövqündədir...

Tarixdə Dədə Qorqud, Şah İsmayıl Xətai nə qədər xatırlanırsa, o qədər də İlham Əliyev xatırlanacaq...

Cıdır düzündə qalanmış o tonqalın ətrafında İlham Əliyev Azərbaycanın mənəvi baxımdan ən yüksək zirvəsində idi...

Onun - yalın sinəsində tonqal qaladığı, hündürlüyündən keçmişimizə, bu günümüzə və gələcəyimizə baxdığı Cıdır düzü bizim mənəviyyat zirvəmizdir...

 

Şah İsmayılın da, Cümhuriyyət qurucularımızın da, Heydər Əliyevin də yarımçıq qalmış missiyasının hamısı həmin an İlham Əliyevdə yekunlaşırdı və yeni bir gələcəyə işıq düşürdü...

Bu zirvədən sonra artıq yeni bir dövr, yeni ideallar başlanır...

O dövrü başladan da məhz İlham Əliyevdir!..

 

Hüseynbala MİRƏLƏMOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM