30 Iyul 2021 11:39
1675
CƏMİYYƏT
A- A+

Şuşanın dağları

 

Qarabağ silsiləsi Kiçik Qafqaz sıra dağlarında şimal-qərbdən cənub-qərbə tərəf 120 kilometr məsafədə uzanır. Hündür təpələr və aşırımlardan çağlaya-çağlaya axıb gələrək bir-birinə qarışan Qarqar, Xaçın, Tərtər, Köndələn, Ağvan, Quruçay, Qozluçay çayları öz mənbəyini Qarabağ silsiləsinin sinəsində qaynayan bulaqlardan götürür. Şuşa dağ-iqlim kurortu da Qarabağ silsiləsində yerləşir. Bu təbiət şəhərinin bir yanında Qırxqız, Sarıbaba, Kirs, Sağsağan, o biri tərəfində isə Bağrıqan, Çaxmaq, Keçəldağ, Qızıldaş sıralanıb.

AZƏRTAC xəbər verir ki, Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik kitabların müəllifi tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşanın ətrafında olan dağlar haqqında danışarkən deyib: “Əfsanələrin birində zirvəsi həmişə dumanlı-çənli olan Qırxqız dağı və onun yaranışı haqqında əfsanələrin birində belə yozulur: “Bir gün qırx qız “Qızlar bulağı” deyilən çeşmədən şərbət kimi su içəndən sonra dünya gözəlinə çevrilirlər. Qızların hər biri lay divar kimi bir oğlan sevir. Lakin cadu edilən oğlanlar ayrı-ayrılıqda uğursuzluğa düçar olur və öz sevgilərinə çata bilmir, qızlar həyatdan nakam köçürlər. Onların sevgi, məhəbbət oxları daşa dəydiyindən hamısı tək-tək daşa dönür. O vaxtdan dağın adı “Qırxqız” qalır.

Şuşa ərazisində olan Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindəndir, hündürlüyü 2725 metrdir. Adının mənası “uca”, “böyük”, “sıldırım” deməkdir. Əjdaha ağzı kimi haçalı zirvəsi, əsatiri gözəlliyi olan və Qarabağın qüvvət rəmzi sayılan bu maraqlı və əzəmətli təbiət abidəsi Orta Yura dövrünün vulkanogen çökmə süxurlarından ibarətdir. Zirvəsi daim buludların içində görünməz, çılpaq və qırmızı rəngli yamacları həmişə qarlı, sinəsi il uzunu yamyaşıl, hündür və qalın yarpaqlı ağaclarla örtülü olan bu dağın ətəyində isə Kiçik Kirs dağı yerləşir. Bəzən ona “Bala Kirs” də deyilir. Toponimin tərkibindəki “kiçik” sözü fərqləndirici əlamət daşıyır, hündürlüyü 1374 metrdir.

Sarıbaba Şuşa və Laçın rayonları arasında Qarabağ silsiləsində Qarqar çayının sol qolu Bəzirgansu çayının mənbə hissəsindədir, hündürlüyü 2295 metrdir, subalp çəmənlikləri ilə zəngindir. Üst Yuranın əhəng daşlarından ibarətdir. Dağ özünün zirvəsində olan Sarıbaba dağının adı ilə adlandırılıb.

Turşsu qəsəbəsində yerləşən Sağsağan dağı qarğalar fəsiləsindən olan sağsağan quşunun adı ilə adlanır, Qarabağ silsiləsinin şimal-şərq qolunu təşkil edir. Orta Yuranın vulkanogen çökmə süxurlarından və meşələrdən, subalp çəmənliklərdən ibarətdir, hündürlüyü 2 min metrə çatır.

Şuşa şəhərindən 18 kilometr aralıda, dərdə yerləşən Keçəldağ səthi çılpaq, bitkisiz, keçəl olduğundan belə coğrafi ad alıb, hündürlüyü 1800 metrə qədərdir. Keçəldağın tərkibi bol dəmirli, çimmək üçün çox faydalı olan müalicəvi mədən suları, təmiz, şəfalı havası və möcüzəli təbiəti var. Bu dərədən axan çayın sol sahilində keyfiyyətdə narzan suyundan da yüksək olan turşsu çıxır. Oradan bir qədər aşağıda tərkibində daha çox dəmir olan bir neçə bulaq var. Keçəldağın ətrafı qəribə dağ havası və gözəl mənzərələrlə zəngindir. Dağ Üst Pilosenin vulkan süxurlarından yaranmışdır. Bir neçə qayalı zirvəsi var.

Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin yamacında yerləşən Çaxmaq dağında çoxlu miqdarda çaxmaq daşı olduğu üçün belə adlandırılıb. Qızıldaş dağı Şuşa yaxınlığındadır, dağın adı “qızıl” və “daş” sözlərindən ibarətdir. Burda “qızıl” sözü qırmızı mənasında işlənmişdir. Dağ burdakı qırmızıya çalan vulkan mənşəli süxurlu daşa görə bu adı alıb.

Çaqqala dağının zirvəsində üç təpə var, onların ətəyində çaqqala ağacları bitdiyindən dağ həmin bitkinin adı ilə adlandırılıb.

Qarabağ silsiləsində, Şuşanın şərq tərəfində, Malıbəyli kəndi yaxınlığında yerləşən Bağrıqan dağına el arasında “Bağırqan” da deyilir. O qədər də hündür deyil. Həmin toponimin yaranması haqqında xalq etimologiyasına söykənən bir çox əfsanə və rəvayətlər var. Şair, rəssam, musiqişünas alim Mir Möhsün Nəvvab Qarabağı özünün “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabında belə bir hadisə söyləyir: “Mərhum İbrahimxəlil xanın hökmranlığı zamanında Pənahabad, yəni, Şuşa qalasının şərq tərəfində “Bağrıqan dağı” deyilən yerdə uca bir qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. O, tələbələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, mənim hüzuruna gətirsinlər. Avan Koxanın əmri ilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar, bundan sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla soyub boynundan qom ətinəcən iki tərəfdən xətt çəkir və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli budağına bənd edib, budağı buraxardılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa, ətrafa yayılardı. Bunu eşidib-görənin də bağrı qan-qan olardı. Elə buna görə də həmin qayaya Bağrıqan dağı adı vermişdilər”.

Sal qranit qaya üzərində qartal kimi qanad gərən təbiət gözəli Şuşa ağsaqqal qoca kimi baş-başa verən zəncirvari silsilələrlə əhatələnib. Bir-birinin davamı və dayağı olan bu ulu dağlar isə sanki Qalaya gecə-gündüz keşik çəkən ən sadiq əsgər təsiri bağışlayır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video