07:42 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşanın Bülbülü…

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:31 18.05.2021

 

XX əsrin sonuncu onilliyində yurdu qəddar, qəsbkar ermənilər tərəfindən işğal olundu. Ruhunun rahatlıq tapdığı doğma şəhərini yerləyeksan etdilər. Düşmənlər o qədər amansız, fitnəkardılar ki, işğal etdikləri Azərbaycan ərazilərindəki tikililərə, hətta təbiətin füsunkar mənzərələrinə də əl uzatdılar.

Qədim Azərbaycanın yerli sakinlərinin tarixi izlərini o yerlərdən itirmək istədilər. Düşmənin kin-küdurəti azərbaycanlıları qoca, cavan, uşaq demədən atəşə tutmaqla, işgəncə verməklə, qətlə yetirməklə də bitmədi. Daş heykəllərimizi belə güllələməkdən çəkinmədilər. Güllələnmiş üç heykəldən biri də Azərbaycanın şöhrətli müğənnisi Bülbülündü.

Onun doğma şəhəri - Şuşa bir tarixdir. Ancaq tarix olan bu şəhərin yalnız torpağı, daşları, qayaları, qədim abidələri, küçələri, binaları deyil, eyni zamanda Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdir. Onlardan biridir ustad sənətkar Bülbül. O, bu dünyada ömür sürdüyü altmış dörd ildə sevgilərə, alqışlara, yüksək fəxri adlara, mükafatlara layiq görülüb. Bütün bunlar üçün Tanrının verdiyi səsə borclu idi. Elə Bülbül adını da ona o bənzərsiz səsi qazandırıb.

Onda hələ uşaq idi. 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə dünyaya göz açan Murtuza Məmmədovun səkkiz yaşı vardı. Şuşalı uşaqların əksəriyyəti kimi onun da dilində, qəlbində Qarabağ xanəndələrindən eşitdiyi Azərbaycan muğamları, xalq mahnıları yer tapıb. İlk dinləyiciləri olan tay-tuşları tez-tez ondan oxumağı xahiş ediblər.

Adlı-sanlı xanəndələr sayəsində o illərdə Şuşa toyları əsl sənət meydanı olub. Onların ifa etdikləri muğamları, xalq mahnılarını bütün şuşalı uşaqlar kimi Murtuza da böyük vurğunluqla dinləyib. Bir gün də toy məclisini yaxşı seyr edə bilmək üçün yaşıdları ilə birlikdə yaxınlıqdakı iri tut ağacının şaxələnmiş budaqları arasında özünə yer seçib. Ustad xanəndə muğamdan-muğama keçid etdikcə balaca Murtuzanın ruhu pərvazlanıb. Yaşıdları da bir tərəfdən “Sən də oxu”, - deyərək onu həvəsləndiriblər. Murtuza onların sözündən keçə bilməyib. Oxumağa başlayınca isə aləmi unudub. Xanəndənin susmasını, toy əhli ilə birlikdə onu dinləməsini hiss etməyib. Bir də onda görüb ki, toybəyi özündən çıxıb. Ağacdan düşüb qaçmaq istəsə də, imkan verməyiblər. Uşağı yanına çağıran “Bu ki əsl bülbüldür”, - deyib. Murtuza xanəndənin istəyi ilə bütün toy iştirakçılarının qarşısında oxuyub...

Həmin gecə toy məclisindəki ifası ilə balaca Murtuza Şuşa musiqisevərləri qarşısında istedadını təsdiq edib. İlk alqışları da o gün eşidib. Nə bu balaca oğlanı, nə də onun şaqraq səsini şuşalılar daha heç vaxt yaddan çıxarmayıblar. Unudulan isə əsl adı olub. Murtuza o vaxtdan Bülbül kimi tanınıb.

Bakıya gənc yaşlarında gəlib. 1916-cı ildə burada  müğənnilik fəaliyyətinə başlayıb. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (ozamankı Birləşmiş Dövlət Teatrının Opera truppası) solisti olub. O, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında çıxış edib.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını bitirərək Bakıya qayıdıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb.

Şöhrətin zirvəsinə yüksəlib. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb. O vaxtdan ömrünün sonunadək Azərbaycan SSR-in Ali Sovetinə bütün çağırışlarda deputat seçilib. Heç bir müraciəti, heç bir şikayəti cavabsız qoymayıb, seçicilərinə bacardığı qədər kömək edib. Onların xahişlərini, şikayətlərini əlaqədar təşkilatlara, məsul şəxslərə göndərib, sonra məsələnin həll edilib-edilmədiyi ilə maraqlanıb. Məsuliyyətli olub. Bunları mənə illər öncə Bülbülün həyat yoldaşı Adilə xanım danışmışdı. “Bülbül qeyri-adi insan idi”, demişdi: “Alicənab, intizamlı idi. Mehriban, həlim xasiyyəti vardı. Qətiyyətli, prinsipial idi. Biz bilirdik ki, o, sözü bir kərə deyir, “yox” söylədisə, bunu dəyişmək qeyri-mümkündür. Biz də çalışırdıq ki, onun üçün xoş olsun”.

Söhbətimiz hansı istiqamətə yön alırdısa, sonunda Adilə xanım onu bir məqama - Bülbüllə tanışlığına, həyat yoldaşına sevgisinə gətirib çıxarır, birgə yaşadıqları iyirmi doqquz il boyunca necə xoşbəxt olduğundan danışırdı: “Bülbül gözəllik vurğunu idi. Həyatda yaxşı nə varsa, hamısını sevirdi. Özü də məlahətli sifət cizgiləri, xeyirxah mavi gözləri, gözəl yerişi ilə hər kəsi cəlb edirdi. O, əsl natiq idi. Kağızsız, “şparqalkasız” saatlarla danışa bilirdi. Fikrini səlist, gözəl ifadə edirdi. Xeyirxah idi. Yetim uşaqlara qarşı xüsusi diqqət göstərirdi. Ona verilən 200 rubl Stalin təqaüdünü uşaq evinə köçürürdü. Ayda iki dəfə istirahət günləri maşınını oyuncaqlarla, ərzaqla doldurub uşaq evinə aparırdı”. Adilə xanım söyləyirdi ki, Bülbül düzgünlüyü sevir, yalanı bağışlamırdı: “Bülbül dostluqda möhkəm idi. Kiminlə dostluğu kəsirdisə, demək, orada yalan axtarmaq lazım idi”, belə deyirdi Adilə xanım və Bülbüllü günlərindəki qonaq-qaralı evinin xiffətini çəkirdi: “Bülbül təkliyi sevmirdi. Evimiz həmişə qonaqla dolu olurdu. Akademik Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev, Süleyman Ələsgərov və o illərin bir sıra görkəmli şəxsiyyətləri evimizin əziz qonaqları olardılar. Gənc bəstəkarlar üçün də qapımız həmişə açıq idi. Bakıda qonaq olan dünyanın ən məşhur sənət adamları da mütləq bizim evə gələrdilər”.

O, qonşuluqlarında yaşayan Niyazi ilə Bülbülün dostluğundan, birlikdə əsər üzərində çalışmalarından danışırdı.  Deyirdi ki, Bülbülün bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovla da xoş münasibəti vardı. Onlar Azərbaycan musiqi sənəti üçün böyük işlər görürdülər.

Bülbül xalq mahnılarımıza Qərbin vokal ənənəsini sintez etməklə musiqimizə yenilik gətirdi, yeni oxuma üsulu yaratdı. O, dünya vokal sənətində özünə yer tutaraq bu sahədə Azərbaycan məktəbinin yaradıcısı olub.

Adilə xanım “Üzeyir bəylə Bülbül ikilikdə çox qüdrətli idilər”, - deyirdi. Üzeyir bəy Hacıbəylinin nəğmələri Bülbülün səsi ilə əsrarəngizdi. Onlar Azərbaycan musiqisinin beşiyi Şuşada boya-başa çatmışdılar. Hər ikisi muğamları, el havalarını, xalq mahnılarını gözəl bilir, sonsuz məhəbbətlə sevirdilər. Onlar  həm də Qərb musiqisini dərindən bilirdilər. Üzeyir bəy Hacıbəyli, Bülbül kimi sənətkarların sayəsində Azərbaycan musiqi sənəti yeni uğurlar qazanırdı.

Bu dostluğa sonradan bir inciklik qarışdığını söyləyənlər də oldu. Amma deyirlər ki, Bülbül dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin cənazəsi önündə “Sənsiz” romansını müşayiətsiz, elə yanıqlı oxuyub ki, hamı gözyaşlarına boğulub. Bu fövqəladə ifa Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovu da ağladıb.

Bülbülün iştirakı ilə keçirilən bütün konsertlərdə, opera tamaşalarında salon insanlarla dolu olub. Bülbülün istər Azərbaycanda, istərsə də xarici ölkələrə qastrol səfərlərində verdiyi konsertlər çox təntənəli keçib. Tamaşaçılarla dolu konsert salonları, ardı-arası kəsilməyən alqışlar, gül dəstələri...

Bülbül İkinci Dünya müharibəsi illərində döyüş bölgələrində, arxa cəbhədə, hospitallarda, çağırış məntəqələrində tez-tez çıxış edib. Onun silahı mahnıları idi. Ordu generalları, zabitlər, əs-gərlər Bülbülə sonsuz təşəkkürlərini bildiriblər.

Özü Böyük Vətən müharibəsi illərində, Bryansk cəbhəsində baş vermiş bir hadisəni tez-tez yada salarmış. O vaxt həkimlər ağır yaralı olan gənc ukraynalı oğlanın ayağını kəsməyə hazırlaşırmışlar. Əməliyyatı narkozsuz aparmaq məcburiyyətində qalan cərrah Bülbülü çağırıb. Ondan əgər Ukrayna dilində mahnı bilirsə, oxumasını xahiş edib. Çünki cavan oğlan narkozsuz bu ağır əməliyyata dözə bilməzdi. Cərrahiyyə otağına gələn Bülbül Lısenkonun “Natalka Poltavka” operasından Pyotrun “Solnçe nizinka” mahnısını oxuyub. Yaralı ondan bir də oxumasını xahiş edib. Cərrahiyyə əməliyyatı 3 saat davam edib. 3 saat Bülbül bu mahnını təkrar-təkrar ifa edib. Müğənninin ecazkar səsi cavan oğlana dözüm verib, onu yenidən həyata qaytarıb.

Ona təbiəti, yəqin ki, Şuşanın füzunkar mənzərələri sevdirmişdi. Maşında yol getməyi, təbiət qoynunda olmağı çox xoşlayıb. O, ömrü boyu dünyanın ən gözəl ölkələrinə səyahət edib. Qastrol səfərlərinə, bəzən də müxtəlif tədbirlərdə iştirak etmək üçün gedib. Amma Bülbül üçün dünyanın ən gözəl məkanı Şuşa idi. Bütün günü, hətta dəqiqələri belə bölünmüş ömründə Şuşa üçün ayırmağa hər zaman yer də, vaxt da tapıb.

O, 1961-ci ilin 26 sentyabrında dünyasını dəyişib. Bülbül yalnız ifasında lentə alınmış bənzərsiz mahnılar qoyub getməyib. O, həm də bir məktəb yaradıb. Bu məktəbdən gənc müğənnilər yalnız ifaçılıq sənətini deyil, həm də səhnə mədəniyyətini, tamaşaçıya hörməti öyrəniblər. Bülbül kimi müğənnilərin tamaşaçılara göstərdikləri diqqət, hörmət cavanlar üçün örnək, dərs idi.

Bülbülün ata-baba evi, yurdu otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında inlədi. Nə xoş ki, Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində qalib gələrək o yerləri işğaldan azad etdi. Daha o yerlərə,  əlimiz də çatır, ünümüz də yetir. Azad etdiyimiz torpaqlara dönənlər arasında Bübülün bir zamanlar ermənilər tərəfindən güllələnmiş yaralı heykəli də var. Heykəl Bakıdan Şuşaya aparılıb. Gedənlər Vətənə qayıdır. Şuşanın yenidən xoşbəxt günləri başlayır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM