13 May 2021 09:54
1636
CƏMİYYƏT
A- A+

Şuşada bayram namazı qılınıb    

 İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra mayın 13-də ilk dəfə Ramazan bayramı namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra xütbə söyləyən və dualar oxuyan Hacı Şahin Həsənli çıxış edərək deyib ki, bütün xalqımızın Ramazan bayramı mübarək olsun. Ramazan bayramı İslam dinində ən önəmli əlamətdar günlərdən biridir. Amma bu gün bizim üçün xüsusilə əlamətdar bir gündür. Bu gün bayram bayrama qarışıb. Çünki biz müqəddəs torpağımız olan Şuşamızda bayram namazı qıldıq. Bu, böyük bir tarixi hadisədir. Həqiqətən də uzun illər boyu bu günləri arzulamışıq, bu günlərin həsrəti ilə yaşamışıq. Bu gün biz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbə sevinci ilə söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” müraciətini xatırlayırıq. Biz də bu gün Şuşanın Yuxarı Gövhərağa məscidində iftixar hissi ilə deyirik əziz Şuşa gözün aydın olsun, artıq məscidlərindən azan səsləri ucalır. Artıq məscidlərində bayram namazı qılınır.

Ramazan ayında tutulan orucların, qılınan namazların fəzilətlərindən danışan Hacı Şahin Həsənli bildirib ki, ikili standartlarla idarə olunan dünyaya bugünkü Şuşa məscidindəki bayram namazı mühüm bir mesajdir. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdikdən sonra orada azan səsləndirir, dualar edir. Azərbaycan xalqı öz ərazisində yaşayan bütün din təmsilçiləri ilə mehriban münasibətlərdə olan bir xalqdır. Azərbaycan elə bir dövlətdir ki, onun tarixində heç zaman din və məzhəb zəminində heç bir münaqişə olmayıb. Azərbaycanda bu gün müxtəlif din təmsilçiləri dinc yanaşı yaşayırlar. Hətta Avropadan Azərbaycana qonaqlar gəldikdə, bizə heyrətlə bildirirlər ki, sizdəki münasibətlər tolerantlıqdan da üstün münasibətlərdir. Çünki tolerantlıq dözümlülükdürsə, sizdə münasibətlər sevgi və qardaşlıq müstəvisindədir. Həqiqətən bu, xalqımızın mühüm bir dəyəridir.

Bu yaxınlarda işğaldan azad olunmuş torpaqları dini konfessiyaların rəhbərləri ilə birgə biz ziyarət edərkən xristian dininə mənsub olan xadimlər də bu vəhşiliyin qarşısında öz nifrətlərini ifadə edirdilər. Onlar deyirdilər ki, heç bir dində insanları zorakılığa dəvət etmək yoxdur. Amma müharibə zamanı erməni keşişləri insanları təcavüzə dəvət edirdilər. Azərbaycanda yaşayan pravoslav din xadimi qeyd edirdi ki, müharibənin çətinlikləri bizi öz mənəviyyatımızdan uzaqlaşdıra bilmədi. Biz hara getdiksə, xeyir-dualarla getdik. Biz mənəvi prinsipləri tapdalamadıq. Biz təkcə torpaqlarımızı azad etmədik, həm də bu dəyər savaşında mənəviyyat nöqteyi-nəzərdən düşməni üstələdik, ona qalib gəldik. Biz üstün və mədəni xalq olduğumuzu dünyaya göstərdik.

Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Qələbə qazandığını xüsusi vurğulayan Hacı Şahin Həsənli qeyd edib ki, bu Zəfəri əldə etmək üçün Azərbaycan xalqı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik – xalq-ordu-dövlət vəhdəti şanlı Qələbəmizin əsas amillərindən biri oldu. Azərbaycan xalqı bu Qələbəyə layiqdir. Azərbaycan xalqı işğaldan azad etdiyi bütün şəhər və kəndlərdəki məscidləri, digər dinlərə məxsus olan abidələri, məbədləri bərpa edəcək. Çünki bu, Azərbaycan xalqının milli, dini, mənəvi dəyəridir. Zəfərimizin əbədi olmasında Allah dövlətimizə, xalqımıza yardımçı olsun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video