05:43 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşa sürətlə inkişaf edir

ANA SƏHİFƏ / SİYASƏT
01:17 01.09.2021

 

İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks tədbirlər mədəniyyət paytaxtımızı regionun ən gözəl şəhərlərindən birinə çevirəcək

 

“...44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır...”

Bəli, 2020-ci ilin 8 noyabrı Qarabağın baş tacı Şuşanın azadlığa qovuşduğu, 2021-ci ilin 14 yanvarı isə dirçəliş günü oldu...…

O Şuşa ki, hər zaman tariximizin, mədəniyyətimizin, ruhumuzun şah taxtında əyləşib, musiqimizin beşiyi, poeziyamızın inci qatarı, qəhrəmanlıq salnamələrimizin hünər, cəng meydanı olub...

Şuşada hara baxsan, hansı küçəyə göz yetirsən başdan-başa tarix, salnamədi...

Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağı, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu hopmuş 17 məhəllə: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli...

 

“Şuşasız bizim işimiz yarımçıq olar”

 

Buna görə idi ki, 44 günlük Vətən savaşında da qəhrəman oğullarımız birbaşa Qarabağın ürəyi, gözü Şuşaya doğru şığıdılar, bu füsunkar şəhər uğrunda ölüm-dirim savaşına qalxdılar, sıldırımlardan aşaraq, yalın əllə mənfur düşmənin üzərinə şığıyıb  qarşılarında diz çökdürdülər. Azərbaycan oğulları bu dağlar incisini elə bir cəsurluqla azad etdilər ki, min illər bundan sonra da hünərlərindən danışılacaq, şənlərinə dastanlar, əfsanələr qoşulacaq...

Şuşanı hər zaman Azərbaycan xalqı özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb.

II Qarabağ müharibəsinin gedişi ərəfəsində, 16 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən zaman jurnalistin sualını cavablandırarkən Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını xüsusi vurğulamışdı:

“... İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Çox keçmədən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Şuşanı azad etdi və bu tarixi zəfərlə düşmənə elə bir gözdağı verdi ki, onun ağrı-acısını heç zaman unuda, sınmış belini düzəldə bilməyəcək...

 

Uğurlu başlanğıc

 

İndi növbə bu tarixi şəhərin əzəmətini bərpa etmək, onu dirçəltməkdi.

Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya “Zəfər yolu” ilə səfər edərək bu tarixi missiyanın uğurlu təməlini qoydu.

İlham Əliyev bu səfəri zamanı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.

İki aydan sonra, martın 16-da dövlət başçısı yenidən Şuşaya üz tutdu, Vaqifin məqbərəsində tezliklə yenidənqurma işlərinin başlayacağının, məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verildiyinin, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və digər möhtəşəm planların xoş xəbərini verdi.

Daha sonra Ali Baş Komandan bizi mayın 12-də ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalından salamladı. O, qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək və builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən İlham Əliyev “Xarıbülbül” festivalındakı çıxışında onu da bildirdi ki, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

 

Tarix təkrarlanır

 

İlham Əliyevin Şuşaya möhtəşəm və unudulmaz səfərlərindən biri də avqustun 29-da oldu. Prezident “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışında, Molla Pənah Vaqifin büstünün açılışında, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışında iştirak etdi.

2021-ci ilin 30 avqustunda bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərinə start verildi.

Poeziya günlərinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, şəhərdə artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər.

İlham Əliyev söylədi ki, müharibədən sonra ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlməsinin tarixi heç də təsadüfən seçilməmişdi. Belə ki, 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi: “Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər”.

Prezident bir daha vurğuladı ki, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə, “Zəfər yolu” çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və indi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib və ikinci açılışı həyata keçirilib. Üç məsciddə təmir-bərpa işləri gedir, Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib...

 

Şuşanın baş planı təqdim edildi

 

Prezidentin Şuşaya növbəti səfəri çərçivəsində əlamətdar hadisələrdən biri də şəhərin müfəssəl hazırlanmış baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması oldu.

Dövlət başçısına təqdim edilən Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Bu layihələrin icrasından sonra  Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.

Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.

Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi

6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

İlham Əliyev söylədi ki, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir. İndi şuşalılar həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, həm də burada artıq açılmış obyektlərdə işlə təmin edilirlər.

Gündən-günə Şuşa inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə 30 ilin o tayındakı xoşbəxt çağlarına qanad açır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinləri ilə yenidən görüşməsi, qovuşmasıdır...

Doğma diyarlarından zorla didərgin salınan şuşalılar, düz 29 ildən sonra sevinc göz yaşları ilə Şuşanın görüşünə gəliblər. Hər səfərlərində də mədəniyyət paytaxtımızın adına yaraşan möhtəşəmliyin şahidi olub qürurlanırlar...

Doğma sakinlərinin Şuşada seyr etdikləri bütün bu xoş mənzərələr isə, tezliklə Şuşaya böyük qayıdışın müjdəsindən xəbər verir...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM