20:20 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi

ANA SƏHİFƏ / SİYASƏT
01:35 18.06.2021

 

Miqyasına və məzmununa görə dünyada analoqu olmayan Azərbaycan-Türkiyə münasibətləri ötən ilin Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyini və sarsılmazlığını gördü. Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyən Türkiyə dövləti özünün qardaşlıq və mənəvi missiyasını yerinə yetirdi.

Xalqımızın müstəqillik tarixinin ən mühüm səhifələrindən olan 15 İyun - Milli Qurtuluş Günündə  isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlət arasındakı qardaşlığın və strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu. Ona görə bundan sonra iyunun 15-i tarixi bizim üçün həm də Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlandığı tarix kimi əlamətdar olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın işğaldan azad edilmiş qədim Şuşaya səfər etməsi, dövlət başçılarının Şuşa görüşü  tarixi əhəmiyyət daşıdı və həm də ondan xəbər verdi ki, qardaş Türkiyə dövləti Azərbaycanın qələbə sevincini dərindən bölüşür və paylaşır. Mətbuata verilən bəyanatlar, “Xan qızı” bulağını ziyarət və Cıdır düzündəki kompozisiyanı izləyən zaman Türkiyə nümayəndə heyətinin dərin sevincini görməmək mümkün deyildi. Bu isə bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” tezislərinə uyğun möhkəmlənərək inkişaf edir.

Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer alıb. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bəyannamədə toxunulan əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirən bir körpü olacaq. Bu məsələnin Şuşa Bəyannməsində qeyd olunması göstərir ki, Azərbaycan və Türkiyə bölgənin yeni reallığına uyğun olaraq ən qısa müddətdə Zəngəzur dəhlizini reallaşdıracaqlar.

Sənəddə yer alan bütün məsələlərin hər biri Azərbaycan üçün olduqca vacibdir. Bu baxımdan Şuşa Bəyannəməsi Azərbaycanın və Türkiyənin milli maraqlarını tam ehtiva edir. Ümumiyyətlə isə, Azərbaycan-Türkiyə münasibətləri strateji məzmun daşıyıb. İndiyədək iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini müəyyən edən sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bu müttəfiqliyi daha da möhkəmləndirdi və ona yeni siyasi məzmun verdi.

Türkiyə Prezidenti Azərbaycana gəlməzdən əvvəl NATO-nun zirvə görüşündə iştirak etmiş, ABŞ prezidenti C.Bayden, Fransa prezidenti E.Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniyanın Kansleri Angela Merkel ilə görüşmüşdü.  Bu mühüm toplantının və görüşlərin ardından Rəcəb Tayyib Ərdoğanın Azərbaycana  səfəri və Şuşa  Bəyannaməsinin imzalanması ilə Türkiyə bir daha bütün dünyaya göstərdi ki Azərbaycanın haqq işini hər zaman müdafiə edəcək.

Onu da qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya Şuşa Bəyannaməsi ilə əlaqədar birgə bəyanat yayaraq milli həmrəylik nümayiş etdirdilər. Siyasi partiyalar bəyannaməni hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edərək, bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduqlarını bəyan etdilər. Bu bəyanat ölkəmizdəki milli birliyin növbəti təntənəsi oldu.

Azərbaycanın milli maraqları ilə bağlı olan bu məsələdə yalnız AXCP və Müsavat partiyaları xalqımız və dövlətimizlə həmrəylik nümayiş etdirməkdən uzaq oldular. Bu partiyalar xarici havadarlarından aldıqları təlimatlara əsasən həmişə olduğu kimi, bu dəfə də antimilli mövqe ortaya qoydular. Onların bu mövqeyi Azərbaycan xalqının iradəsini əks etdirmir.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM