09 Aprel 2021 00:58
1375
SİYASƏT
A- A+

Söz və yüksək nüfuz sahibi

 

Tarixi qələbə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə böyük töhfə verdi

 

İqtisadi və hərbi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da son illərdə güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan dövlət kimi Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan ölkəyə çevrilib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbə isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin daha da artmasını şərtləndirib.

 

Bölgənin aparıcı dövləti

 

Bu gün Azərbaycan iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir.

Beynəlxalq Valyuta Fondunun “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağının proqnozlaşdırılması bunu deməyə əsas verir ki, Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi imkanları genişdir.

Məhz bu iqtisadi uğurların nəticəsidir ki, Azərbaycan son illərdə regionun lider dövləti olaraq qlobal layihələrin təşəbbüskarı və iştirakçısı, eləcə də bölgənin fəal aktoru kimi çıxış edir. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq bu mövqe daha da möhkəmləndirilmiş oldu.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanıın həm də beynəlxalq siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaratdı.

Ümumiyyətlə, Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verib. Prezident İlham Əliyev tərəfindən milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun məqsədyönlü şəkildə həyata keçirilməsi bu əlaqələrin düzgün qurulmasına imkan yaradıb.

 

İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq aləmdə dəstək qazanır

 

Dünyanın bütün ölkələrinin təsnifatını versək, onların heç də hamısının bu və ya digər məsələlərin həllində müstəqil olmadığını görə bilərik. Elə ölkələr var ki, ücüncü bir ölkənin və yaxud güc mərkəzinin təsiri altındadır və onların verdikləri tapşırıqları yerinə yetirirlər. Azərbaycan isə müstəqil siyasəti olan ölkələrin sırasındadır, inkişaf etmiş dövlətlərin sırasına çatmağı özünün strateji vəzifəsi kimi müəyyən edib.

Hazırda Azərbaycan regionda əsas enerji təchizatçısıdır. Asiya və Avropa arasında körpü rolunu oynayan Azərbaycan bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində iş aparır. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfə verir.

Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi yolunda qətiyyətli addımlar atan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Elə, təkcə dünyanı çənginə alan qlobal pandemiya ilə mübarizə istiqamətində Prezidentin gördüyü tədbirlərə və irəli sürdüyü təkliflərə nəzər yetirsək, bunu aydın şəkildə görərik.

Pandemiya ilə mübarizə prosesində dünya dövlətlərinə çağırış edən İlham Əliyev çıxışlarında, nitqlərində vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Yəni pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq göstərməsi təklifini də məhz İlham Əliyev irəli sürdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyanın bir çox ölkəsi tərəfindən dəstəkləndi.

Göründüyü kimi, Azərbaycan Prezidenti regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli addımlar atır. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir, dəstək qazanır. Bununla da İlham Əliyev beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verməklə Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır.

Bir sözlə, İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırır. Bütün bunlar isə göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. İlham Əliyevin xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu İkinci Qarabağ müharibəsinin nəticələri də təsdiq edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğurlu siyasəti, öz səyi hesabına əldə edib, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün isə qalib dövlət kimi Azərbaycan qarşısında çox böyük imkanlar açılıb. İstər iqtisadi, istərsə də siyasi proseslər Azərbaycanın xeyrinə işləyir. Azərbaycan postmüharibə dövrünə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video