14 Oktyabr 2021 22:28
1001
CƏMİYYƏT
A- A+

Son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “CEO Lunch”da iştirak edib.

“Caspian Energy Club”dan AZƏRTAC-a bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlardan danışan Anar Əliyev sosial təminat növləri üzrə ödənişlərin hər birinin ciddi artım dinamikası ilə nəticələndiyini deyib.

O bildirib ki, bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar. Xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Artım dinamikası sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatında da özünü göstərir. Belə ki, aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Həmçinin son üç ildə müavinətlərin orta aylıq məbləği 95, maksimum məbləği 65 faiz çoxalıb. Təqaüdün maksimum məbləğində 54 faiz artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edir. 2019-cu ilin may ayından 1, 2, 3, 4 saylı Bakı və Abşeron DOST Mərkəzləri açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2025-ci ilə kimi 17 regional DOST Mərkəzinin açılması nəzərdə tutulur.

Nazirlik tərəfindən proaktiv xidmətlərin tətbiqi genişləndirilir, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, “e-sosial” internet portalı və 18 alt-sistemdən ibarət olan informasiya sistemi vasitəsilə bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəldilir və modernləşdirilir.

“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsidir.

“İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasına, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasına, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqinə zəmin yaradır.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində “Məşğulluq” alt sistemi yaradılıb və işsiz, işaxtaran və məşğul şəxslərin reyestrini, ölkə üzrə mövcud iş yerlərinin avtomatlaşdırılmış vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin tam elektronlaşmasını təmin edir. Hazırda bu sistem əsasında əmək və məşğulluq sahəsində məsələləri əhatə edən vahid “Əmək münasibətləri və məşğulluq” elektron sistemin istifadəyə verilməsi üzərində işlər tamamlanır.

“COVID-19 dövründə sosial dəstək tədbirləri çərçivəsində 190 manat məbləğində birdəfəlik ödəmə proqramı 600 min şəxsi əhatə edib, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü, 5-ci və 6-cı dəfə ödəmə həyata keçirilib. Koronavirus pandemiyası dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. İşsiz şəxslərin işə qəbulu zamanı işəgötürənlərin əməkhaqlarına çəkilən xərclərin azalmasına xidmət edəcək əməkhaqlarının dövlət məşğulluq xidməti orqanları ilə birgə maliyyələşdirilməsi (subsidiyalaşdırılması) proqramı icra olunur”, - deyə nazir müavini vurğulayıb.

Özünüməşğulluq proqramı genişləndirilir və 2017-ci ildə bu proqrama 1172 nəfər cəlb olunmuşdusa, 2021-ci ildə 16 min nəfərin cəlb olunması nəzərdə tutulub. Bu proqram çərçivəsində Dünya Bankı ilə layihə icra olunur və 2025-ci ilə qədər 22 min şəxsin bu proqramdan yararlanması təmin olunacaq.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində - minimum əmək haqqının artırılması, qeyri-formal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusilə vergi, sosial və işsizlikdən sığorta qanunvericiliyində edilmiş dəyişikliklərlə vergi və sığorta haqlarının ödənişlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, iqtisadiyyatda şəffaflığın artırılması və təbliğat-marifləndirmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində əmək müqaviləsi bildirişi sayında 366 min 642 (28,8 faiz) artım baş verib.

Postmüharibə dövründə ən vacib sosial tədbirlərindən biri də işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatında fəal iştirakını təşviq edən “Məşğulluq marafonu”dur. Sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən çıxış edərək 545 işəgötürən yaradılmış elektron portal üzərindən 3 minə yaxın vakansiya yerləşdirib, bu çərçivədə 866 şəxs işlə təmin olunub.

O qeyd edib ki, əmək bazarının regionlar və sahələr üzrə təhlili əsasında müxtəlif ixtisaslara olan tələbatın müəyyənləşdirilməsi, bunun əsasında ixtisaslı kadr potensialının formalaşdırılması işinin daha səmərəli təşkili məqsədilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yaradılıb, əmək bazarının müxtəlif aspektlərdə, o cümlədən həm demoqrafik, həm də kəmiyyət və keyfiyyət parametrləri əsasında təhlilinə və proqnozlaşdırılmasına başlanılıb.

İşçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 446 peşə və kvalifikasiya standartı hazırlanaraq “e-sosial.az” portalında bütün maraqlı tərəflərin, o cümlədən işəgötürənlərin istifadəsinə verilib. Cari ilin sonun onların sayının 1000-ə çatdırılması hədəflənib.

Ölkədə əmək, məşğulluq, sosial müdafiə və təminat sahəsində həyata keçirilən siyasətin sosial tərəfdaşların iştirakı ilə formalaşdırılması məqsədilə Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb və uğurla fəaliyyət göstərir. Sosial və iqtisadi sahədə qəbul olunacaq bütün qərarlar və qanunvericilik aktları Komissiyada mütəmadi müzakirə olunur.

Daha sonra Anar Əliyev “CEO Lunch” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə nazir müavini Anar Əliyevə təşəkkür edərək qeyd edib ki, pandemiya dövrü ərzində Nazirlik ilə birgə “Caspian Energy Club” tərəfindən 10-dan çox “Online B2G forum” keçirilib. Bu görüşlərin sırasında nazir Sahil Babayevin iştirakı ilə keçirilən 4 saat davam edən “Online B2G forum” xüsusi yer alır.

Telman Əliyev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club” arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə, həmçinin operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video