01 Noyabr 2011 03:11
655
PARLAMENT
A- A+

Siyasi uğurların yeni mərhələsi

 

Tarixi təcrübə təsdiqləyir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən dövlətlər tez bir zamanda qarşıya qoyduğu məqsədləri gerçəkləşdirə bilirlər. Bu sahədə müsbət nəticələri təmin edən vacib amillərdən biri də milli və bəşəri mənafelərin mümkün dərəcədə uzlaşdırılması, habelə dəqiq hədəflərə hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşməsidir.

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü tamam olan müstəqil Azərbaycan aparıcı beynəlxalq təşkilatlar çərçivəsində özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Bu günlərdə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabit və uğurlu, eyni zamanda, sivil beynəlxalq dinc yanaşı yaşam normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Azərbaycanın nəinki qonşu, ümumən, dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi fonunda BMT-dəki tarixi qələbəmiz tamamilə məntiqə uyğundur. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə dolğun təəssürat yaradır.

Beləliklə, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir. BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən Təhlükəsizlik Şurası 5 daimi (Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniya), 10 qeyri-daimi üzvdən ibarətdir. Qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan ölkələrin beynəlxalq sülhün, təhlükəsizliyin qorunmasına, habelə BMT-nin digər məqsədlərinə nail olunmasına dəstəyi əsas götürülür. Eyni zamanda, dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu, sülhün və təhlükəsizliyin qorunmasına töhfələri həlledici amillər kimi nəzərə alınır.

Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, işğalçı Ermənistan da ilkin mərhələdə sözügedən təşkilatın Təhlükəsizlik Şurası üzvlüyünə namizədliyini irəli sürsə də, sonradan diplomatik mübarizədə Azərbaycana uduzacağını anlayaraq namizədliyini geri götürmüşdür. Bununla yanaşı, çoxsaylı seçim prosedurunda Macarıstan və Sloveniya kimi Avropa dövlətləri də Azərbaycanla rəqabət imkanında olmadıqlarının açıq etirafı kimi öz namizədliklərini geri götürmüşlər. Əlbəttə, bu prosesdə respublikamızla strateji tərəfdaş olan bir sıra dövlətlərin, xüsusən, strateji müttəfiqimiz qardaş Türkiyənin də dəstəyini və rolunu xüsusi qeyd etmək lazımdır. Son illərin uğurlu təcrübəsi göstərir ki, diplomatik cəbhədə əlaqələndirilmiş və sistemli fəaliyyət ölkələrimizin qlobal miqyaslı proseslərə nüfuz imkanlarını daha da gücləndirmişdir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycanın BMT-də qazandığı yer həm də qardaş Türkiyənin diplomatik uğurudur.

Dövlət başçısı İlham Əliyev bu xoş xəbərlə bağlı xalqa təbrikində respublikamızın mövqeyini dəstəkləyən digər dövlətlərə də minnətdarlığını ifadə etmişdir: "Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutmuşdur. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilmişdir. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir".

BMT-dəki parlaq qələbəmiz son illərdə müstəqil respublikamızın beynəlxalq təşkilatlar daxilində əldə etdiyi ilk diplomatik nailiyyət deyildir. Cənab İlham Əliyevin xarici siyasətini "Ən yaxşı müdafiə hücumdur!" taktikası üzərində qurması nəticəsində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına və ifşasına nail olmuşdur.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya siyasətinə əsaslı təsir imkanlarına, habelə münaqişə və mübahisəli məsələlərin dinc yolla tənzimlənməsində aparıcı rola malik olan BMT ilə əməkdaşlığa xüsusi diqqət yetirmiş, bu təşkilatın tribunasından təcavüzkar Ermənistanın ifşası üçün maksimum dərəcədə səmərəli istifadə etmişdir. Rəsmi Bakı qurum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. Hələ 1993-cü ildə təşkilatın Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür.

BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən 8 ildə BMT ilə əlaqələrin inkişafına mühüm önəm vermişdir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini bir daha diqqətə çəkmişdir.

Azərbaycan son 8 ildə təşkilat daxilində siyasi üstünlüyü ələ almağa nail olmuşdur. Ölkə iqtidarının uğurlu diplomatik səyləri nəticəsində BMT Baş Assambleyasının 2004-cü il noyabrın 23-də keçirilmiş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 163 nömrəli bənd daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılmasına münbit şərait yaratmışdır. Bundan başqa, 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında - 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə" qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlatmaq lazımdır. Məlumat üçün bildirək ki, 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə etmişdir. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək vermiş, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu sessiyada İslam Əməkdaşlıq Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən layihəni dəstəkləməyə çağırmışlar. Müzakirələrin sonunda keçirilən səsvermədə respublikamızın maraqlarına tamamilə cavab verən qətnamə qəbul olunmuşdur.

Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları üçün normal, bərabər yaşayış şəraitinin yaradılmasının zəruriliyi vurğulanır, Minsk qrupunun münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş vasitəçiliyinə dəstək ifadə olunur. Sənəddə deyilir ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə nəticələnən vəziyyəti qanuni vəziyyət kimi tanımamalıdır.

2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək geniş nitq söyləyən Prezident İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Cənab İlham Əliyev Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasətini həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirmişdir. Dövlət başçısı bildirmişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir və bu da gözlənilməz nəticələrə gətirə bilər.

BMT-dəki son səsvermə göstərir ki, dünyanın əksər dövlətləri Azərbaycanı sülhsevər və ədalətli ölkə kimi tanıyır, respublikamızın qlobal məsələlərə münasibətdə nümayiş etdirdiyi mövqe ilə razılaşırlar. Təşkilatın nizamnaməsinin 24-cü maddəsinə əsasən, BMT və onun üzvləri beynəlxalq sülhün və təhlükəsizlyin qorunmasının məsuliyyətini Təhlükəsizlik Şurasının (TŞ) üzərinə qoyurlar. Təhlükəsizlik Şurası bu və ya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır. Təşkilatın nizamnaməsinin 27-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının 9 üzvü səs verdikdə qərarlar qəbul olunur. Nəticə etibarilə, Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbulu və s.) həlledici ola bilər. Bu isə BMT Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.

BMT Nizamnaməsinin 33, 34 və 36-cı maddələrinə görə, Təhlükəsizlik Şurası dünyada mövcud olan hər hansı problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu, metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, Təhlükəsizlik Şurasına üzv ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır.

Nizamnamənin 7-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir. Eyni zamanda, tam və ya qismən iqtisadi sanksiyaların tətbiqi, bütün növ əlaqələrin dayandırılması, diplomatik əlaqələrin kəsilməsi ilə bağlı üzv dövlətlər qarşısında məsələ qaldırır. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə, Təhlükəsizlik Şurasının qərarı ilə güc tətbiqi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə əsasən, regional razılaşmaların yerinə yetirilməsi üçün Təhlükəsizlik Şurasına  məcburetmə imkanları verilir.

BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparmaq, təcavüzkara qarşı daha təsirli tədbirlər görmək imkanları əldə etmişdir. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. Dövlət başçısı cənab İlham Əliyev bu möhtəşəm hadisə ilə bağlı xalqa təbrikində demişdir: "Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib".

BMT-dəki möhtəşəm diplomatik uğurumuz deməyə əsas verir ki,  Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti, resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli və ümumbəşəri məqsədlər üzərində qurur. Respublikamızın regionda və dünyada sülh, iqtisadi və sosial rifah, səmərəli tərəfdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir və rəğbətlə qarşılanır. Eyni zamanda, bu seçim göstərir ki, dünya dövlətlərinin mütləq əksəriyyəti Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyevin idarəçilik  və liderlik keyfiyyətlərini yüksək dəyərləndirirlər. Belə bir liderin rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasına üzv olan Azərbaycanın dünyada sülhyaratma missiyasında fəal iştirak edəcəyinə böyük ümid bəslənilir.  

İnanırıq ki, rəsmi Bakı bu diplomatik nailiyyətdən səmərəli istifadə edərək dünyada cərəyan edən qlobal proseslərdə həlledici söz sahiblərindən biri olduğunu bir daha sübuta yetirəcək, xalqımızın milli maraq və mənafeyini təşkilat çərçivəsində bundan sonra da əzmlə, qətiyyətlə müdafiə edəcəkdir. Ən başlıcası, Cənubi Qafqazda sülhü, təhlükəsizliyi, səmərəli iqtisadi təşəbbüsləri təhdid edən məlum münaqişənin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasında, təcavüzkarın yerində oturdulmasında BMT-nin geniş imkanlarını hərəkətə gətirə biləcəkdir.  

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video